')

Bu gün:


FutbolPress.Az | Fan-şoplarda çeşid azlığı - azarkeşlər istədiklərini tapa bilmir

Fan-şoplarda çeşid azlığı - azarkeşlər istədiklərini tapa bilmir


oxunma sayı: 860 Paylaş:

FutbolPressÖtən yazıda Azərbaycan Premyer Liqası klublarının forma və atribut satışından bəhs etmiş, elita təmsilçilərindən fan-şop fəaliyyətinin nə yerdə olduğunu öyrənməyə çalışmışdıq. Məlum olmuşdu ki, bəzi klublarda fan-şop fəaliyyət göstərsə də, bəzilərində, ümumiyyətlə” yoxdur. Olanlar da əslində çatışmazlıqların olduğunu etiraf etmişdilər. Klub ümayəndələri bu məsələ ilə bağlı gələcəyə dair vədlər verməklə kifayətlənir.

Bəs azarkeşlər necə düşünür? Sevimli klublarının forma və atributları, müxtəlif aksesuarları onlar üçün nə qədər əlçatandır?

“Qarabağ”ın aktiv azarkeşlərindən Sevinc Məmmədova bildirir ki, fan-şop açılanda çox sevinsə də, çeşid azlığı onu narazı salır. Belədə fanat məcburən digər yerlərə üz tutmalı olur:

“Əslində fan-şop açılanda çox sevinmişdim. Düşünürdüm ki, nəhayət, biz də sevimli komamdamıza aid müxtəlif aksesuarlar əldə edə biləcəyik. Aktiv azarkeş olduğum üçün dostlarım da məndən hədiyyə kimi adətən kluba aid atributlar-filan istəyirlər. “Liverpul” azarkeşiyəm və onların fan-şopunda o qədər geniş çeşid məhsul var ki, elə bilirdim, bizdə də azı bunun yarısı olacaq. Ancaq nəticə çox fərqli oldu. Fan-şop açıldığı gündən indiyə qədər heç bir yeni məhsul gəlməyib. Hələ də 2014-cü ildə olan “Qarabağ” – “İnter” oyununun şərfləri satılır. Yaılnız bu il yeni – “IL`Azero” formaları satışa çıxarıldı, ondan başqa heç bir yenilik yoxdur. Ümumən, nə şərf, nə geyim çeşidliliyi var. Üst geyimlər də həmçinin. Düşünürəm ki, belə olmamalıdır. Biz hansısa instaqram səhifəsindən, digər yerlərdən sifariş vermək əvəzinə fan-şopda alıb kluba fayda verə bilərdik. Bu iş doğru qurulmadığına görə məcburən başqa yerlərə üz tuturuq”.



Məmmədova qiymətlərdən narazı deyil. O, keyfiyyətli məhsulun qiymətinin də bahalığını normal hesab edir:

“Qiymətlər barədə həm baha olduğunu demək olar, həm yox. Ona görə bahadır ki, minimal əməkhaqqı ilə işləyən birinin 100 manata forma alması asan deyil. Ancaq həm də ona görə baha deyil ki, əvvəlki illlərdən qalan məhsullar orijinal “Adidas”dır. Keyfiyyətli məhsulun qiyməti də çox olur”.

Azarkeş fan-şopun inkişafı üçün məhsul çeşidliliyinin artırılmasının vacib olduğunu söylədi:

“Fan-şopu inkişaf etdirmək üçün mütləq çeşidləri artırmaq lazımdır. Klubun sosial şəbəkə hesablarında fan-şopa keçid bölmələri olmalıdır. Onlayn çatdırılma xidməti günümüzdə çox vacib amillərdəndir. Tez-tez kampaniyalar etmək, azarkeşləri orijinal formalara və rəsmi mağazalara cəlb etmək lazımdır. “Liverpul”un fan-şopunda kluba aid çətir, əlcək, gündəlik geyinmək üçün futbolkalar satılır. Termoslar, hədiyəlik aksesuarlar, hətta eynək belə var. Klubda bu sahə üzrə çalışan şəxslər başqa ölkələrin təcrübələrindən istifadə etməyə çalışsa, inkişaf olacaq”.

Növbəti həmsöhbətimiz “Neftçi” azarkeşi oldu. Uzun illərdir, “ağ-qaralar”ı dəstəkləyən Murad Tağızadənin sözlərinə görə, bir neçə dəfə klubun “Bakcell Arena”dakı fan-şopuna getsə də, həmişə eyni məhsulları görüb. O, sanki klubun görüntü xatirinə fan-şop yaratdığını bildirir:

“Neftçi”nin fan-şopu var. Sanki bununla da missiya tamamlanıb. Əsas odur var. Yəni sırf soruşulanda “var” cavabı vermək üçün necə deyərlər, “xala xətrin qalmasın” bir şey hazırlayıblar. Uzun müddət əvvəl baş çəkmişdim, qiymətlər çox baha idi. Lap deyək ki, orijinal məhsullar olduğu üçün bu, normaldır. Amma çeşid Samir Abbasovun (“Neftçi”nin sabiq baş məşqçisi – red.) sözü olmasın, “həddindən artıq” az idi. Ondan sonra bir dəfə də yoxlamaq üçün getdim, bəlkə yeni, fərqli çeşiddə məhsullar gəlmiş olar. Ancaq heç nə dəyişməmişdi. Başa düşdüm ki, bu mağaza sırf klubun fan-şopunun olduğu bilinsin deyə açılıb

Təbii olaraq fan-şop təbliğ də edilmir. Rəsmi saytda bu barədə heç bir məlumat yoxdur. Saytda fan-zona bölməsi var, orada fan-şop haqqında hər şey olmalıdır. Eynilə instaqram səhifədə də bu barədə heçnə yoxdur. Klubun televiziyasında da adı çəkilmir. Niyə də təbliğ etsinlər ki? Orada heç nə yoxdur. Halbuki, formanı da qoydum kənara, “Neftçi” atributları ilə bəzədilmiş, maraqlı, çeşid-çeşid məhsullar, ləvazimatlar hazırlamaq çox da çətin olmamalı idi. Bu işin öhdəsindən hətta mən, təkbaşına gələ bilərdim, qaldı ki, klubda təyinatı üzrə nə qədər insan işləyir, büdcə ayrılır. Üstəlik sən ölkə futbolunun flaqmanısan... Vəziyyət çox məyusedicidir”.



Həmsöhbətimiz deyir ki, ölkənin ən yaşlı klubu olan “Neftçi” bu mənada hətta son illərdə yaranmış klublardan da geri qalır:

“Hətta yaxın illərdə yaranmış klublarımızda bu məsələlərə daha ciddi fikir verilir. Həmin klublardan birinin (“Sabah”ı nəzərdə tutur – red.) instaqram səhifəsində görmüşdüm ki, məsələn, qol vurulanda fərqlənən oyunçunun şəkli paylaşılır və həmin paylaşımda, oyunçunun üstünə toxunanda, formanın qiyməti göstərilir, onlayn alış-veriş üçün sayta yönələn link çıxır. “Dünənin” klubları belə, bu məsələlərdə səviyyə keçiblər, “Neftçi” hələ də yerində sayır. Əvəzində klubun oxşar paylaşımlarında mənfi mənada nümunəvi vəziyyətdir. “Neftçi”nin paylaşımlarına baxanda elə bilirsən, hansısa bir şirkətin səhifəsindəsən və klub onlara sponsorluq edir. Sağ olsunlar posterdə balaca yer ayırıblar “Neftçi” loqosuna, brendinqinə”.

Premyer Liqada 4 bölgə klubu çıxış edir: “Qəbələ”, “Şamaxı”, “Kəpəz” və “Turan Tovuz”. Onlardan yalnız birincisinin fan-şopu fəaliyyət göstərir. Digər üçü forma və atribut satışını həyata keçirmir.

Tovuzlu azarkeş İlkin Abbasovun sözlərinə görə, vaxtilə özü də fan-şop açmaq niyyətində olub. Hətta klubun stadionunun yanında açılıb da. Ancaq maraq çox olmadığı üçün bağlanıb:

“Düzünü desəm, mən lazım olanda klubdakı dostlardan aldığım üçün heç zaman başqa yerə müraciət etməmişəm. Bir neçə il öncə Süleymanla (“Turan Tovuz”un mətbuat xidmətinin rəhbəri Süleyman Tağıyev – red.) açmağa cəhd etdik, ancaq alınmadı. Xatırlıyıram ki, stadionun yanında fan-şop açılmışdı da. Ancaq satış olmadı. Tovuz azarkeşi forma almağa çox meyilli deyil”.

Abbasov fan-şopun klubların marketinq fəaliyyətində çox vacib rol oynadığını və bunun inkişafı üçün də azarkeşlərlə doğru iş aparılmasının vacibliyini qabartdı:

“Öz brendini inkişaf etdirmək baxımından fan-şop çox önəmlidir. Ümumiyyətlə, klubların marketinq layihələrinin təməlində fan-şop dayanmalıdır. Bu sahənin inkişafı üçün isə azarkeşlərlə düzgün iş görülməlidir”.

***

Göründüyü kimi, azarkeşlər klubların fan-şoplarının fəaliyyətindən razı deyil. Onlar bir çox hallarda istədikləri məhsulları əldə etməkdə çətinlik çəkirlər. Belədə, fanatlar başqa yerlərə yönəlməli, alternativ satış yerlərindən orijinal formalar və s. əldə etməli olurlar. Əsas problemlərdən biri fan-şoplarda çeşid müxtəlifliyinin olmamasıdır. Klublar azarkeşlərlə iş apara, onların istək və tələblərinə uyğun olaraq müxtəlif növ məhsulların satışını həyata keçirə bilərlər. Mövcud durub əslində klubların ciddi bir maliyyə mənbəyindən kənar qalması anlamına gəlir.

Faiq Tahirov

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu





oxunma sayı: 860 | Paylaş:




?>