')

Bu gün:


FutbolPress.Az | Forma satışı: klublar vəd verir

Forma satışı: klublar vəd verir


oxunma sayı: 1604 Paylaş:

FutbolPressFutbol həm də biznesdir. Müasir dövrdə isə futbol daha çox biznesdir...
 
Son illərdə, nəhayət, Azərbaycanda da klublar futbolçu satışından müəyyən məbləğ əldə etməyə başlayıb. Təkcə son transfer dönəmində “Qarabağ” Kadinin “Krasnodar”a gedişindən təxminən 5 milyon avro qazanc əldə etdi. Bundan başqa, Ağdam klubu Kvabena Ovusunu, “Neftçi” Yusuf Laval və Qodsvey Donyonu satıb büdcəsinə müəyyən məbləğ əlavə etdi.

Forma, atribut, geyim dəsti – dünyada klubların transferlərdən sonra ən çox gəlir əldə etdiyi sahələrdəndir. Ümumiyyətlə, iqtisadi dayanıqlılığın təmin olunmasında fan-şop sisteminin böyük payı var. Klublar hər mövsüm yeni formaların hazırlanması, vaxtaşırı rebrendinq üzərində məhz ona görə böyük titizliklə çalışırlar ki, azarkeşlərin məhsullara marağı yaransın və bundan gəlir əldə etsinlər. Digər tərəfdən forma və atributların azarkeşlər üçün əlçatan olması onların sevimli komandaları ilə emosional bağını daha da gücləndirir.
 
Təəssüf ki, Azərbaycanda bu baxımdan vəziyyət ürəkaçan deyil. Premyer Liqa komandalarında forma, atribut satışı ilə bağlı ciddi çatışmazlıqlar var. Hətta bəzi elita təmsilçiləri, ümumiyyətlə, müasir futbolun əsas gəlir sahələrinin birindən tamamilə məhrumdur – proses heç başlamayıb da...
 
Real vəziyyətlə daha ətraflı tanış olmaq üçün klublara müraciət etdik. Aldığımız cavablar durumun, həqiqətən də, xoş olmadığını göstərdi. Bəzi klublarda fan-şop yoxdur, bir qismində istənilən səviyyədə deyil...
 
Azərbaycanı beynəlxalq arenada uğurla təmsil edən “Qarabağ” bu baxımdan da bir addım öndədir. Klubun “Park Bulvar”da fan-şopu fəaliyyət göstərir. Komandanın yaxşı nəticələri forma və atributlarına da marağı artırıb. Üstəlik, bu mövsümün əvvəlində Ağdam təmsilçisi yerli şirkətlə əməkdaşlığa başlayıb və formaları tamamilə yeni dizaynda tərtib edilib. Bu, isə azarkeşlərin böyük marağına səbəb olub. Klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə bildirir ki, ən pis halda yeni mövsümdən onlayn satışa başlamaq planlaşdırılır:
 
“Ötən illərlə müqayisədə bu mövsüm komandamızın formalarına maraq daha böyükdür. Bizə edilən müraciətlərdən bunu anlamaq çətin deyil. Satışa 3 rəngdə forma çıxarmışdıq. Xüsusən, yaşıl rəngli formalara tələb böyük oldu. Bu yaxınlarda fan-şopumuzda futbolçuların iştirakı ilə imza günü keçirdik. Həmin gün 100-dən artıq forma satılmışdı. Digər atributlar da alınır, amma etiraf edək ki, daha çox oyun formasına maraq var. Bilirsiniz, bu nəticələrə bağlı məsələdir. Nəticə yaxşı olduqca maraq da çox olur. Klubumuzda bu məsələ ilə bağlı çalışan əməkdaşlar uğurlu nəticələrin fonunda bu sahəni inkişaf etdirməyə çalışır. Getdikcə daha yaxşı və əlçatan olacaq. Biz UMİCO ilə əməkdaşlıq edirdik. Oradan formalarımızı onlayn almaq mümkün olurdu. İndi onun üzərində çalışırıq. Mövsümün sonuna qədər, ən pis halda yeni mövsümdən onlayn satışı özümüz həyata keçirməyi planlaşdırırıq”.
 
Premyer Liqanın ən gənc klubu “Sabah” məsələyə böyük diqqət göstərir. Masazır təmsilçisinin vaxtaşırı təbliğat işləri ilə komandaya marağı artırmağa çalışdığı aydındır. Forma və atribut satışı isə yalnız onlayn formada həyata keçirilir. “Sabah”ın mətbuat xidmətinin rəhbəri Elnur Həmidovun sözlərinə görə, hələlik bu üsulla tələbatı tam qarşılaya bilirlər:

“Klubumuzun rəsmi saytında “mağaza” bölməsi var. Həmin bölmədə komandamızın ev və səfər formaları, müxtəlif atributları və idman geyimlərinin onlayn satışı təşkil edilir. Bu bölmə artıq bir neçə ildir ki, fəaliyyətdədir. Ora daxil olaraq, istənilən məhsulu onlayn şəkildə almaq mümkündür. Alıcılar üçün bəzi güzəştlər də nəzərdə tutulub. Məsələn, oyun forması sifariş edəndə, formaya ad və nömrənin yazılması üçün əlavə ödəniş alınmır. Bundan əlavə, Bakı şəhəri daxilində istənilən ünvana çatdırılma pulsuzdur. Maraq hər keçən gün artmaqdadır. İlk başladığımız dövrlə müqayisədə daha çoxdur. Yaxın gələcəkdə satış üçün nəzərdə tutulmuş çeşidlərin sayının artırılması nəzərdə tutulub. Gələcəkdə ənənəvi üsulla satış planımız da var. Ancaq indiki vəziyyətdə hələ ki, onlayn formada tələbatı tam ödəyə bilirik”.
 
Ölkənin ən yaşlı klubu “Neftçi” stadionundakı fan-şopda satış həyata keçirir. Ancaq çeşid müxtəlifliyi və say azdır. Klubun Media və Marketinq Departamentinin rəhbəri Rüstəm Allahverdiyev bildirir ki, yaxın gələcəkdə “Neftçi”nin adına layiq sistem quracaqlar:
 
“Bakcell Arena”da fan-şopumuz var. Orada az miqadarda məhsulun satışını həyata keçiririk. Tələbat pis deyil. Amma istədiyimiz sistemi hələ qurmamışıq. Bu istiqamətdə işləyirik. Keçən ilin oktyabrından Türkiyə və dünyanın digər ölkələrindən şirkətlərlə danışır, nümunələr hazırlatdırırıq. Yeni ildən yeni məhsulların satışını həyata keçirməyi düşünürdük. Ancaq maddi və texniki səbəblərdən proses bir qədər uzanır. Fan-şopun strategiyası hazırdır. Həm onlayn, həm ənənəvi üsulla satış həyata keçiriləcək. Bu istiqamətdə işlər gedir. Hər şey yekunlaşandan sonra istədiyimiz səviyyədə, “Neftçi”nin adına layiq fan-şop sistemi quracağıq”.


 
Tələbat az olduğuna görə “Zirə” hələlik bu istiqamətdə hər hansı addım atmayıb. Ancaq klub məsələni diqqətdə saxlayır və gələcəkdə vəziyyət dəyişərsə, müvafiq işlər görüləcək. “Zirə”nin mətbuat xidmətinin rəhbəri Elmar Abdullazadə belə deyir:
 
“Bu məsələni diqqətimizdə saxlayırıq. Çox təəssüf ki, hazırda tələbat istənilən səviyyədə deyil. Gələcəkdə tələbat lazımı səviyyədə olacağı təqdirdə konkret addımlar ata bilərik”.
 
Qəbələdə isə uzun illərdir, fan-şop fəaliyyət göstərir. Klubun mətbuat xidmətinin rəhbəri Anar Hacıyevin sözlərinə görə, həm çeşidin artırılması, həm də zamanın tələbinə uyğun olaraq onlayn satışın həyata keçirilməsi plandadır:
 
“Uzun illərdir, Qəbələdə fan-şopumuz fəaliyyət göstərir. Əvvəlcə stadionun binasında yerləşirdi. Sonradan daha mərkəzi yerə -“Qəbələ” otelə yerləşdirdik. Hazırda fəaliyyəti orada davam edir. Fan-şopda müxtəlif atributlar, geyim dəstləri satışdadır. Stabil olaraq satışlarımız davam edir. Təbii ki, bir az da zənginləşdirmək istərdik. Çeşidlərin artırılması istiqamətində işlər gedir. Yaxın gələcəkdə bəzi istəklərin rahat qarşılanması üçün addımlar atılacaq. Bundan əlavə, onlayn satış da planlaşdırılır. Dövrə uyğun olaraq saytımız və təbiqetməmiz vasitəsilə bunu da etməyimiz mümkün olacaq”.
 


Premyer Liqaya qayıdan “Turan Tovuz” cari məsələlərin həllindən forma və atribut satışını diqqətdən kənar saxlamalı olub. Klubun mətbuat xidmətinin rəhbəri Süleyman Əhmədov bu sahəni inkişaf etdirəcəklərini söylədi:

“Hələ ki, satış həyata keçirmirik. Amma bu sahəni inkişaf etdirəcəyik. Yaxın vaxtlarda ən azından başlanğıc üçün addım atacağıq. Bir neçə variant var şərf, forma və s. satmağı düşünürük. Sadəcə vaxt məhdudiyyətinə görə mövsümün əvvəlində bu işə başlaya bilmədik. Əslində planda var idi. Klub yeni formalaşırdı deyə, diqqət daha çox cari məsələlərin həllinə yönəldi. Azarkeşlərin marağı var və gələcəkdə bunu reallaşdıracağıq”.
 
“Şamaxı” da prosesdən kənar qalanlardandır. Klubun mətbuat xidmətinin rəhbəri Yusif Hüseynov tələbatın olduğunu və bu işləri tezləşdirməyə çalışdıqlarını söylədi:
 
“Hazırda satış yoxdur. Amma gələcək planlarımızda, təbii ki, var. Şamxıda fan-şop açmaq istəyirik. Tələbat var. Azarkeşlər soruşur, maraqlanır. Bacardığımız qədər bu işləri tezləşdirəcəyik”.
 
“Sumqayıt” kiçik bir fan-şopla tələbatı ödəyə bilir. Klubun mətbuat xidmətinin rəhbəri Rəşad Məmmədovun sözlərinə görə, hələlik ara-sıra satış olur:
 
“Sumqayıt şəhərində “Kontakt Home”un böyük bir mağazası var. İlyarım əvvəl orada klubun atribut və geyimlərindən ibarət kiçik fan-şop yaratmışıq. İstəyən azarkeşlərimiz əldə edə bilərlər. Özümüzü aldatmayaq, böyük tələbat və satış olduğunu deməzdim. Ara-sıra satış olur”.
 
“Kəpəz”də isə əvvəllər olub, indi yoxdur. Gəncədə böyük marağı nəzərə alan klub yenidən forma satışını başlamağı planlaşdırır. “Kəpəz”in mətbuat xidmətinin rəhbəri Azad Mustafayev məhsulların azarkeşlər üçün əlçatan olmasını istədiklərini söylədi:
 
“Kəpəz”də əvvəlki illərdə - təxminən 15 il əvvəl bu proses həyata keçirilib. Klub forma, şərf, geyim dəstləri, atribut satıb. Amma son illərdə və hazırda belə bir şey yoxdur. “Kəpəz”ı həmişə tələbat var. Azarkeşlər müraciət edir, maraqlanırlar. Təəssüf ki, büdcəmizə uyğun olaraq həyata keçirə bilmirik. Gələcək üçün nəzərdə tutulub. Ən azından müəyyən məhsulların azrkeşlər üçün əlçatan olmasını istəyirik”.

“Səbail” də vəd verənlərdəndir. Klubun mətbuat xidmətinin rəhbəri Sənəm Fərhadova bildirdi ki, gələcəkdə forma satışı planlaşdırılır:

“Hazırda forma satışı həyata keçirilmir. Lakin yaxın gələcəkdə bu yöndə işlər görüləcək”.

Göründüyü kimi, vəziyyəti heç də pozitiv hesab etmək olmaz. Klubların bəziləri, ümumiyyətlə, prosesdən kənar qalıb. “Kəpəz” və “Turan Tovuz” elitaya bu mövsüm qayıdıb və onlarda müəyyən axsamanı hardasa anlamaq olar. Halbuki məhz Tovuz və Gəncədə azarkeşlərin kluba marağı daha çoxdur və bu bölgələrdə fan-şop fəaliyyəti daha effektiv olardı. “Şamaxı” da bölgədə yenidir. Deyək ki, bu klub da yaxın gələcəkdə müvafiq addımlar atacaq. “Səbail”, “Zirə” kimi klubların tamamilə prosesdən kənar qalması müsbət hal deyil. Klublar tələbatın azlığını əsas gətirirlər, ancaq tələbatı da elə özləri yaratmalıdır. Yaxud cəhd edildimi, tələbat olmadı...

Mövzunu davam etdirəcəyik...

Faiq Tahirov

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu




oxunma sayı: 1604 | Paylaş:




?>