')

Bu gün:


FutbolPress.Az | Azərbaycan tennisində mövcud durum

Azərbaycan tennisində mövcud durum


oxunma sayı: 1467 Paylaş:

FutbolPressTennisdə əsas qayda rəqiblərin topu digərinə elə vurmasıdır ki, qarşı tərəf ona qarşılıq verə bilməsin və eyni zamanda, top ağ xətti keçməsin. Rəqibin özünə aid işarələnmiş hissəyə düşən top oyunçuya xal qazandırır. Yarışlar fərdi və komanda şəklində keçirilir. Komandalar iki idmançıdan ibarət olur.

Tennis kort adlanan meydançada oynanılır. Dördbucaqlı formasında olan sahə iki hissəyə bölünür və tərəfləri ağ setka ayırır. Setkanın uzunluğu 12,8 metr, hündürlüyü isə 1,07 metr olmalıdır. Kortlar özü də üç növə bölünür. Ot, asfalt (bərk) və torpaq meydançalar. Hər kortun özünəməxsus xüsusiyyətləri olur və tennisçilər yarışlardan əvvəl meydançanın növünə görə taktiki çalışmalar yerinə yetirir.

İdmançılar topa zərbə vurmaq üçün raketkadan istifadə edirlər. Tutacaq hissəsi bərk olan raketkada sıx tellərdən ibarət tor hissə olur. Oyunlarda sıx yun materialdan hazırlanmış rezin toplardan istifadə edilir. Bu, keçə adlanır. Bəzən top daha yaxşı görünsün deyə, onu müxtəlif rənglərə boyayırlar.



Tennisin tarixi

Bu idman növünün tarixi XII əsrə dayanır. O dövrlərdə topa ovucun içi ilə vururdular və buna “xurma oyunu” deyilirdi. Daha sonra XIII əsrdə qapalı meydançalarda oynanılan tennis geniş yayılaraq kral saraylarına qədər gedib çıxır. Fransalı idmançı Lui tennis oyunundan sonra çox yorulub və hədsiz şərab içib. Bu, onun zəhərlənməsinə və vəfat etməsinə səbəb olub. Tarixdə ilk tennisçi kimi məhz Luinin adı çəkilir.

Raketka istifadəsi XVI əsrdən başlayıb. Tennis sözü fransızcada “tennez” ifadəsindən götürülüb və mənası tut, al kimi bildirilib. “Tennez” isə zaman keçdikcə tennis olaraq yayılmağa başlayıb. Bu idman növü ilk vaxtlar İngiltərə və Fransada daha populyar olub. İngilis kralı VIII Henrix tennisin böyük həvəskarı idi.

Tennis üzrə beynəlxalq yarışlar

Digər idman növlərində olduğu kimi, tennisdə də qadınların və kişilərin mübarizəsi var. Nüfuzli turnirlər əsasən 1-1 sistemində, yəni təkbətək duellərdən təşkil olunubr. Kişilər üçün olan turnir ATP, qadınlar üçün olan isə WTA adlanır. Ən geniş yayılan yarış isə “Böyük Dəbilqə”dir. “Böyük Dəbilqə” seriyalı yarışa 4 turnir (Açıq Avstraliya çempionatı, Açıq Fransa çempionatı, Açıq ABŞ çempionatı və Uimbldon (İngiltərə) turniri) daxildir. Turnirlərin qalibləri böyük məbləğdə pul mükafatı alırlar. Qadınlar arasında Maria Şarapova, Serena Vilyams, Martina Navratilova, Marqaret Kurt, Venus Vilyams, kişilərdə isə Rocer Federer, Novak Cokoviç, Rafael Nadalın adını çəkmək olar.

Dünya tennisində ali qurum Beynəlxalq Tennis Federasiyasıdır (ITF). 1913-cü ildə on iki milli assosiasiya tərəfindən yaradılan təşkilat həm Kişi Tennis Assosiasiyası, həm də Qadın Tennis Assosiasiyası ilə tərəfdaşlıq edir. İTF-yə hazırda 211 milli assosiasiya üzvdür.


Novak Cokoviç və Rafael Nadal

Azərbaycanda Tennis

Ölkəmizə bu idman növünün gəlişi XX əsrin əvvəllərinə aiddir. Azərbaycana tennisi neft mədənlərində çalışan alman və ingilis işçilər gətirib. Bakıda ilk tennis meydançasının açılması da onların adı ilə bağlıdır. 1907-ci ildə neft milyonçusu Alfred Nobelin Suraxanıdakı bağında tennis kortu yaradılıb.

Ölkəmizdə ilk tennis çempionatı 1927-ci ildə keçirilib. Bir il sonra tennis üzrə Azərbaycan yığması beynəlxala yarışa qatılıb. Həmin dövrlərin ən məşhur idmançılarından biri Sergey Lixaçov olub. 33 il beynəlxalq arenada Azərbaycanı təmsil edən Lixaçov 1958-1974–cü illər ərzində dünya tennisçilər arasında yer alıb.  O, ilki 1957-ci ildə olmaqla ardıcıl 17 dəfə ölkə çempionu adını qazanıb. Tennisçilərin inkişafı, bu sahəyə marağın artması və Azərbaycanın beynəlxalq yarışlarda təmsil olunması ölkədə bu idmana rəhbərlik edəcək qurumun yaradılmasını zəruriləşdirir və 1968-ci ildə Azərbaycan SSRİ Tennis Federasiyasının əsası qoyulur.

Müasir dövrdə Azərbaycan tennisi

Ölkə tennis tarixinin ən uğurlu dönəmləri məhz XX əsrdə olub. Müstəqillikdən sonra ilk illərdə baş verən siyasi qarşıdurmalar digər idman növlərinə olduğu kimi tennisə də təsirini göstərib. Buna baxmayaraq, qısa zamanda yenidən bu sahəyə diqqət ayrılır və nəticədə 1995-ci ilin iyununda Azərbaycan Tennis Federasiyası yaradılır. Qurumun ilkin fəaliyyətlərindən sonra Azərbaycan 1996-cı ildə Türkiyədə keçirilən “Devis Kuboku”nda təmsil olunub.

Müstəqillik dövrünən ilk tarixi nəticəsi XXI əsrə təsadüf edir. 2003-cü ildə Latviyada keçirilən “Devis Kuboku”nda Azərbaycan yığması 8 komanda arasında 4-cü yeri tutub. Bundan başqa, Qafqaz Regionunda ilk dəfə 2011-2015-ci illərdə mükafat fondu 220-250 min dollar olan qadınlar arasında ilk peşəkar “Baku Cup” adlı tennis turnirləri ölkəmizdə təşkil olunub.

Azərbaycan Tennis Federasiyasına hazırda Oktay Əsədov rəhbərlik edir. O, 2004-cü ildən bu postdadır.

2009-cu ildə Bakıda Tennis Akademiyasının açılış olub. 2008-ci ildə tikintisinə başlanılan və 1 il sonra təhvil verilən arena hazırda da fəaliyyətini davam etdirir. Akademiyada xaricdən dəvət olunmuş məşqçilər çalışır. Uzunluğu 126 metr, eni 36 metr olan və 407 nəfər tamaşaçı tutumu olan qapalı zalda beynəxalq standartlara cavab verən şərait yaradılıb.

2010-cu ildən etibarən paytaxtımızda mütəmadi olanaraq “Baku Cup” turniri təşkil olunur. Yarışda həm kişi, həm də qadın tennisçilər mübarizə aparır. Azərbaycanın ev sahibliyi etdiyi beynəlxalq yarışlar Bakı Tennis Akademiyasında keçirilir.



Ölkəmizdə tennisin mövcud durumu haqda Azərbaycan Tennis Federasiyasının icraçı direktoru Səbirə Abdullayeva ilə danışdıq. Qurum rəsmisi Azərbaycan tennisinin inkişaf mərhələsində olduğunu, federasiya tərəfindən gənclərin bu idman növü ilə məşğul olması üçün lazımlı şəraitin yaradıldığını bildirdi:

“Azərbaycan Tennis Federasiyası tennisin inkişafı və təbliğatı ilə əlaqədar  uşaqlardan ibarət qrupların davamlı olaraq tennislə məşğul olması üçün şəraitin yaradılması, habelə həm yerli, həm də yeniyetmələr arasında beynəlxalq tennis turnirlərinin, təlim-məşq proqramlarının təşkil olunması kimi tədbirləri həyata keçirir. Gələcəkdə məktəblərdə tennis idman növü üzrə təlimlərin təşkil olunması kimi planlarımız da var. Bu məsələdə əlbəttə ki, Təhsil Nazirliyinin dəstəyinin olması bizi məqsədimizə çatdıra bilər”.

Abdullayeva qarşılarında duran əsas maneənin təbliğatla bağlı olduğunu qeyd etdi. Federasiyanın icraçı direktoru bu işlərdə tək olduqlarını və telekanallardan onlara yardım gəlmədiyini söylədi. Qurum rəsmisi eyni zamanda, valideynlərin də uşaqlarına normal vaxt tanımamasından narazılığını dilə gətirdi:

“Bildiyiniz kimi, tennisdə müəyyən nəticə əldə etmək üçün davamiyyət çox vacib amillərdən biri hesab olunur. Valideynlər də onu anlamalıdır ki, bu fərdi idman növüdür, peşəkar səviyyəyə yüksəlmək üçün məşqlərin sayı maksimum həddə çatdırılmalıdır. Hər bir uşaq buna həm fiziki, həm də mənəvi olaraq hazır olmalıdır. Arzuolunan məqsədə çatmaq, ölkəni mötəbər yarışlarda Azərbaycan bayrağı altında təmsil etmək kimi şərəfli bir işə nail olmaq üçün qarşıda olan yol uzundur və onu asanlıqla aşmaq olmur. Buna zaman və güc sərf etmək tələb olunur. Həm də, tennisin təbliğatı ancaq öz gücümüz hesabına gerçəkləşir, halbuki, telekanallarda bu idman növünə xüsusi yer verilsə, daha yaxşı olar. Reklam çarxlarının hazırlanıb efirə verilməsi tennisə marağın artırılmasına və əhali arasında kütləviliyə gətirib çıxara bilər”.



Səbirə Abdullayeva federasiyanın əsas hədəflərindən də söz açdı. O, ölkədaxilində keçirilən turnirlərinin sayının artırılmasının və gənc tennisçilərin beynəlxalq təcrübə qazanmasına yardımçı olmaq istədiklərini bildirdi:

“Qeyd etmək istərdik ki, bu il “Heydər Əliyev İli” elan edilib. Ənənəvi olaraq 12,14,16,18 yaşlar arasında təşkil edəcəyimiz turnirlərin çoxu Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunur. Bu il isə bu turnirlər təntənəli şəkildə təşkil olunacaq. Azərbaycan Gənclər və İdman Nazirliyinin dəstəyi ilə yığma komanda bu il ölkə xaricində təşkil olunacaq beynəlxalq turnirlərə, təlim-məşqlərə, Çempionat və Dünya kuboklarına iştirak etmək üçün göndəriləcək”.

Azərbaycanda tennis digər idman növləri ilə müqayisədə daha az üz tutulan sahədir. Bu növə marağı artırmaq üçün yaxşı təbliğat işləri aparılmalı, məktəblərdə uşaqlara tennislə bağlı biliklər aşılanmalıdır. Yalnız bu halda müəyyən müddət sonra uğur qazanmaq mümkün ola bilər.

Şahin Cəfərov

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu



oxunma sayı: 1467 | Paylaş:




?>