')

Bu gün:


FutbolPress.Az | "Klubların çempionata tam hazır olduğunu demək düz olmaz"

"Klubların çempionata tam hazır olduğunu demək düz olmaz"


oxunma sayı: 905 Paylaş:

FutbolPressAzərbaycan Premyer Liqasında mövsümün ikinci yarısı başlamaq üzrədir. Ötən ilin dekabrında qış fasiləsinə yollanan komandalar hazırlıqlarını Türkiyədə keçdi. Antalya bölgəsində məskunlaşan klubların əksəriyyəti transferlərdə səssizdir. Toplanış müddətində yoxlama oyunlarında qüvvəsini sınayan komandalardan nəticələrə əsasən, uğurlu və uğursuz olanlar da oldu. Hər nə qədər belə görüşlərdə hesab əhəmiyyətli hesab edilməsə də...

Premyer Liqa klublarının qış hazırlığı və transferlərinə nəzər yetirək...

“Qarabağ”

Çempionatda 18 turdan sonra lider olan “Qarabağ” üçün toplanışı uğursuz hesab etmək olar. Antalyada 3 yoxlama matçı keçirən “atlılar” Polşanın “Rakuv” və “Poqon” klublarına böyükhesabla uduzdu. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Serbiya “Çukariçki”sini minimal hesabla məğlub edərək, yeganə qələbəsini qazandı. “Qarabağ” üçün uğursuzluq tək nəticələrlə bağlı olmadı. Son çempion əsas qapıçısı Şahruddin Məhəmmədəliyevi və müdafiəçi Abbas Hüseynovu zədə səbəbindən itirdi. Hər iki oyunçu bir neçə ay yaşıl meydanlardan kənarda qalacaq. Bundan başqa, ötən mövsüm komandaya qoşulan və əldə olunan uğurlu nəticələrdə böyük pay sahibi olan Kadi Borqes də “atlılar”dan ayrıldı. Braziliyalı yarımmüdafiəçi “Krasnodar”a keçdi. “Transfermarkt” portalına görə, Rusiya klubu onun üçün 2 milyon avro xərcləyib. Əslində bu məbləğin daha çox olduğu bildirilir. “Qarabağ” bu mövqeyi fransalı vinger Adama Diakabi ilə gücləndirdi. Vaxtilə “Monako”, “Renn”, “Nottingem Forest” kimi klublarda top qovan futbolçunun komandaya hansı faydanı verəcəyini zaman göstərəcək.



“Sabah”

Mövsümün ilk hissəsində baxımlı oyun sərgiləyən və turnir cədvəlində ikinci pillədə qərarlaşan “Sabah” Antalyada iki sınaq matçına çıxdı. Masazır təmsilçisi Polşanın “Varta” klubu ilə heç-heçəyə razılaşdı, Serbiya “Voyvodina”sını isə 4:2 hesabıyla məğlub etdi. Transfer dönəmini sakit keçirən Murad Musayevin komandası 3 futbolçu ilə yollarını ayırdı. İdris İnqilablı və Abdulla Rzayevi “Kəpəz”ə icarəyə verən “Sabah” qapıçı Aleksandr Neçayevlə müqaviləni də ləğv etdi. Komandaya yeni qoşulan yoxdur. Lakin qapıçı mövqeyi üçün axtarışların davam etdiyi bildirilir.

“Neftçi”

Qış fasiləsindən öncə baş məşqçi Laurentsiu Regekampfın komandadan ayrılacağı ilə bağlı xəbərlər iddia olaraq qaldı. Rumıniyalı mütəxəssis komandada işini davam etdirir. Antalyada 3 sınaq matçına çıxan “ağ-qaralar” qələbəyə həsrət qaldı. İlk matçda “Vaşaş”la (Macarıstan) heç-heçə edən paytaxt təmsilçisi Polşanın “Meds Leqnisa” (1:2) və Serbiyanın “Srvena Zvezda” klubuna uduzdu (0:1).

Bakılılar transfer dönəmini sakit keçirir. Qazaxıstanın “Astana” klubundan ayrılan fransalı vinger Kilan Lebonu transfer edən “ağ-qaralar” cinah hücumçusu Yusuf Lavalı Portuqaliyanın “Arouka” klubuna satdı. Fasilədən əvvəl qışda radikal dəyişikliklərin olacağı deyilən “Neftçi”dən son günlərdə aktivlik gözlənilir.

“Zirə”

Rəşad Sadıqovun rəhbərlik etdiyi “qartallar”ın qış hazırlığını qənaətbəxş hesab etmək olar. Burada 3 yoxlama görüşünə çıxan “Zirə” Rumıniyanın “Çindia” klubuna qalib gəldi (3:2), Macarıstanın “Szeged” klubuna isə uduzdu (1:3). Serbiya “Radniçki”sinə qarşı keçirilən görüş qolsuz bərabərliklə başa çatdı.

“Zirə” transfer dönəmində yeni futbolçu transfer etməyənlərdəndir. “Qartallar” təkcə müdafiəçi Təmkin Xəlilzadə ilə yollarını ayırıb.

“Qəbələ”

Elmar Baxşıyevin rəhbərlik etdiyi komanda Antalyada keçirdiyi 3 yoxlama oyununda 1 qələbə qazandı. Almaniyanın aşağı liqa təmsilçisi “Lukenvalda”nı məğlub edən bölgə klubu Rumıniya “Sepsi”si ilə heç-heçəyə razılaşdı, Çexiya “Teplitse”sinə isə uduzdu – 2:3. “Qəbələ” fasilədə hələ transfer etməyən və oyunçu göndərməyən yeganə klubdur.

“Turan Tovuz”

Mövsümün ilk hissəsində uğurlu çıxışı ilə diqqət çəkən və turnir cədvəlində 6-cı sırada yer alan bölgə təmsilçisi Türkiyədə keçirdiyi 3 sınaq oyununda 2 qələbə qazandı. İsveçrənin “Aarau” (İsveçrə) və Qazaxıstanın “Jetisu” klubunu məğlub edən Tovuz təmsilçisi Rumıniya “Petrolul”una uduzdu.

Transfer dönəmində aktiv olmayanlar arasında yer alan “Turan Tovuz” hücumçu İmeda Aşortiya ilə yollarını ayırıb. Premyer Liqa klubu moldovalı müdafiəçi Denis Marandiçi transfer edib.

“Şamaxı”

Mövsümün əvvəlində bütün legionerləri göndərən və gəncləşdirmə siyasəti yürüdən bölgə təmsilçisi mövsümün ilk hissəsini 7-ci sırada tamamladı. Hazırlıq üçün Türkiyəyə yollanan komanda burada 3 sınaq matçına çıxdı. Toplanış müddətində qələbə qazana bilməyən “Şamaxı” Rumıniyanın “Botoşani” və Serbiyanın “Napredak” klubuna eyni hesabla – 0:1 uduzdu. Qazaxıstan “Kaysar”ı ilə matç isə qolsuz başa çatdı.

Transfer dönəminin fəallarından olan bölgə klubu Uğur Cahangirov, Bəhruz Teymurov, Abdulla Rzayev, Adil Nağıyevlə yollarını ayırıb. Bundan başqa, Emil Qasımov, Emin Zamanov, Zahid Mərdanov, Əli Səmədovu heyətinə qatan “Şamaxı” Rəhman Daşdəmirov, Rövşən Şahmuradov, Fuad Bayramov və Bahadur Həziyevlə müqavilə yeniləyib.

“Sumqayıt”

Samir Abasovun rəhbərlik etdiyi kollektiv Türkiyədə “Sabah”la yanaşı, ən az yoxlama matçı keçirən komanda oldu. 2 görüşdə qüvvəsini sınayan “kimyaçılar” Serbiyanın “Radnik” klubunu məğlub etdi (2:1). Rusiyanın “Krılya Sovetov” komandası ilə görüş isə Azərbaycan təmsilçisinin məğlubiyyəti ilə başa çatdı (0:1).

“Sumqayıt” transfer dönəmində yaponiyalı Masaki Murata, braziliyalı Dieqo Kariokanı heyətinə qatıb. Rusiyanın “Arsenal” klubundan ayrılan Kamran Əliyevin də Premyer Liqa təmsilçisinə qoşulacağı gözlənilir. “Sumqayıt” mövsümün əvvəlində transfer edilən Almir Aqanspahiçlə rəsmən vidalaşıb. Komandanı daha bir neçə oyunçunun tərk edəcəyi, yeni gələnlərin də olacağı gözlənilir.

“Kəpəz”

Türkiyə toplanışında məğlub olmayan yeganə komanda Gəncə təmsilçisidir. Tərlan Əhmədovun rəhbərlik etdiyi kollektiv Macarıstanın “MTK Budapeşt” (1:0) və Qazaxıstanın “Kaysar” klubunu (3:0) məğlub edib. Komanda Serbiya “Novi Pazar”ı ilə heç-heçəyə razılaşıb.

“Sarı-göylər” transfer dönəmində bir neçə futbolçu ilə güclənib. “Kəpəz” qış fasiləsində Abdulla Rzayev, İdris İnqilablı, Junior Maranyo, Salif Sisseni heyətinə qatıb.

“Səbail”

Fasilədə baş məşqçi postuna Şahin Diniyevi gətirən “dənizçilər”in hədəfi mövsümün sonuna qədər turnir cədvəlində son sıradan qurtulmaqdır. Premyer Liqa təmsilçisi Antalyadakı hazırlıq müddətində keçirdiyi yoxlama oyunlarında qələbə qazana bilmədi. Komanda Polşanın “Legiya” (2:2) və Çexiyanın “Bohemians” klubu ilə heç-heçəyə razılaşdı (0:0). “Səbail” Serbiyanın “Spartak” komandası ilə görüşdən isə məğlub ayrıldı – 0:1.

Transfer dönəmini sakit keçirən komanda müdafiəçi Adil Nağıyev və fransalı hücumçu David Qomisi heyətinə qatıb. Fasilədə “Səbail”i tərk edən yeganə futbolçu argentinalı Fakundo Kardosdur.

“Klublar 70-80 faiz hazırdırlar”

Komandaların qış hazırlığı ilə bağlı Azərbaycan millisinin baş məşqçisi Canni De Byazinin köməkçisi Arif Əsədovun fikirlərini öyrəndik. Antalyada klubların toplanışında iştirak edən, keçirilən yoxlama matçlarını izləyən mütəxəssis komandaların hazırlıqları ilə bağlı bunları söylədi:

“Komandaların oyunlarını izlədik. Bütün matçlara baxdıq, bəzilərini bir hissə, bəzilərini tam izlədik. Klublar bu hazırlıqda əsasən yükləmələrə diqqət yetirdilər. Eyni zamanda, yeni transferlər yoxlanıldı, komandaların oyun planında əlaqələr diqqətə alındı. Daha çox yükləmələr fonunda oyunlar keçdi. Yoxlama matçlarında nəticə önəmli deyil. Əsas olan komandaların və futbolçuların performansını qaldırmaqdır. Premyer Liqa klublarının çempionata tam hazır olduğunu demək düz olmaz. Hardasa, 70-80 faiz hazırdırlar. Oyunlar başlayandan sonra isə daha yaxşı olacaqlar”.


Arif Əsədov

Əsədovun fikrincə, Premyer Liqa təmsilçilərinin hazırlığında hansınısa digərindən fərqləndirmək olmur. Onun sözlərinə görə, artıq son yoxlama görüşlərində çempionatın yuxarı pillələrində yer alan “Qarabağ”, “Zirə”, “Sabah” və “Neftçi” əsas heyətə şans verdi, futbolçuların fiziki durumunu test etdi:

“Hansısa komandanı fərqləndirmək olmaz. Fiziki baxımdan hər biri bərabərdir. Son oyunlarda “Qarabağ” 90 dəqiqə oyunçulara şans verməyə çalışdı. Eyni zamanda, “Zirə” də bir gündə iki oyun keçirməklə bu imkanı yaratdı. “Neftçi” 60-70 dəqiqə eyni futbolçularla oynadı. "Sabah" heyəti formalaşdırmağa çalışdı, əsas heyətə şans verdi. “Neftçi”də bir az problemlər var. Yeni oyunçu gətiriblər, o da hələ uyğunlaşmayıb. Ümumən komandalar yükləmələrə diqqət edir”.

Millinin məşqçisi bildirdi ki, toplanışlarda baş tutan sınaq matçlarının nəticələri önəmli deyil. Mütəxəssis “Qarabağ”ın Polşanın “Rakuv” (0:3) və “Poqon” (2:4) klublarına uduzmasının problem olmadığını qeyd etdi:

“Nəticələr belə oyunlarda önəmli deyil. Məsələn, “Qarabağ” ötən il də hazırlıq prosesində keçirdiyi sınaq matçlarını uduzmuşdu. Yoxlama görüşlərində əsas məqsəd komandanı görmək, yeni gələnləri sistemə uyğunlaşdırmaq, fiziki formanı artırmaqdır. Buna görə nəticələrə çox diqqət etmək lazım deyil. Çempionatın başlamasından sonra da bu hazırlıqların hansı komandaya necə təsir edəcəyini biləcəyik”.

"Toplanış qənaətbəxş keçdi"

Elita təmsilçilərinin Türkiyədəki toplanışları ilə bağlı Azərbaycan yığmasının sabiq üzvü Yunis Hüseynovla da danışdıq. AFFA-nın təşkil etdiyi “Elit məşq” layihəsinin rəhbəri olan mütəxəssis komandaların hazırlıqları haqda bunları söylədi:

“Klubların Türkiyədə hazırlıq keçməsi yaxşı haldır. Əvvəl bəziləri ölkə xaricində, bəziləri burada toplanış keçirdisə, indi hamısı Antalyada yığışdı. Bu, yaxşıdır. Açığı, komandaların oyunlarının hamısına baxa bilmədim. Bəzilərinin icmallarını, bəzilərinin nəticələrini izlədim. Demək olar, hazırlıq qənaətbəxş keçdi. Yoxlama görüşlərində nəticə önəmli olmur. Komandalar fikizi durumlarına baxır, heyəti sınaqdan keçirir. Bu baxımdan nəticə məşqçilər üçün xüsusi önəm daşımır”.

Hüseynov komandaların hazırlığının nəticəsini çempionatda daha yaxşı məlum olacağını qeyd etdi. Onun fikrincə, “Qarabağ”, “Sabah” və “Neftçi”dən başqa, digər klublar ilk 1-2 turda bərabərsəviyyədə oynayacaq:

“Komandalar 1 aya yaxındır, rəsmi oyun keçirmir. Toplanışdakı sınaq matçlarında da tam qüvvə sərf olunmadı. Bu baxımdan, klubların mövsümün ikinci hissəsinin ilk 1-2 turunda bərabərsəviyyədə performans göstərəcəyini düşünürəm. Çünki hazırda demək olar, hər biri eyni vəziyyətdədir. Bircə, “Qarabağ”, “Sabah” və “Neftçi”ni bu siyahıya aid etməzdim. Çünki onlarda fərdi keyfiyyətləri ön plana çıxan və oyunun taleyini müəyyənləşdirəcək oyunçular var. Digər klublarda vəziyyət eynidir. Məncə, Premyer Liqada aşağı sıralarda qərarlaşan komandaların oyununda kim qol vursa, oyun onun qələbəsiylə başa çatacaq. Fiziki baxımdan gərgin oyunlar olacaq”.

Daha əvvəl “Keşlə” (indiki “Şamaxı”), “Kəpəz” kimi komandalarda baş məşqçilik edən mütəxəssis elita təmsilçilərinin transferlərindən də söz açdı. O, hansı klubun transferdə uğurlu olduğunun mövsümün sonunda məlum olacağını bildirdi:

“Transfer dönəmi çox səs-küylü keçmədi. Qışda futbolçu gətirmək çətindir və bir qədər ehtiyatlı davranmaq lazımdır. “Qarabağ” və “Neftçi”nin transferlərini mətbuatdan oxudum. Açığı, klubların yeni transferlərinin heç biri haqda məlumatım yoxdur. İlk oyunlarında yaxşı performans göstərə bilərlər, amma bu, onlar haqda qəti fikir söyləməyə əsas verməyəcək. Transferlərin uğurlu olub-olmadığını mövsümün sonunda onların statistik göstəricilərinə və komandalarına verdiyi faydaya baxıb, demək olacaq”.

Yanvarın 24-də keçiriləcək “Kəpəz” – “Qəbələ” matçı ilə Azərbaycan Premyer Liqasında mövsümün ikinci hissəsinə start veriləcək.

Şahin Cəfərov

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu



oxunma sayı: 905 | Paylaş:




?>