')

Bu gün:


FutbolPress.Az | "Dopinqdən istifadə edən heç bir şəxs ağır atletika ailəsinin üzvü ola bilməz"

"Dopinqdən istifadə edən heç bir şəxs ağır atletika ailəsinin üzvü ola bilməz"


oxunma sayı: 821 Paylaş:

FutbolPressAğır atletika ən qədim idman növlərindəndir. Hələ Qədim Yunanıstan, Misir, Çində güc simvolu kimi qəbul edilir, insanların öz gücünü nümayiş etdirmə vasitəsi hesab olunurdu.
 
Ağırlıqqaldırma həm də 1896-ci ildən təşkil olunan müasir Olimpiya Oyunlarının hamısında proqrama daxil edilib. Düzdür, o vaxtlar qaydalar indikindən tamamilə fərqlənib. Həmin zaman ştanqı tək əllə və iki əllə qaldırma növləri var idi.
 
Müasir ağır atletika iki hərəkətdən ibarətdir: birdən qaldırma və təkanla qaldırma. 1972-ci ilə qədər tədricən qaldırma növü də mövcud olub. Birdən qaldırma idmançıdan cəldlik, müvazinət və xüsusi elastiklik tələb edir. Təkanla qaldırmada isə güc daha böyük əhəmiyyət daşıyır. Ağır atletika yarışlarında qalib birdən qaldırma və təkanla qaldırmanın cəminə əsasən müəyyən olunur.
 
Ağırlıqqaldırmada kişilər və qadınlar hərəsi 10 çəki dərəcəsində mübarizə aparır. Qadınlarda 45, 49, 55, 59, 64, 71, 76, 81, 87 və +87 kq, kişilərdə isə 55, 61, 67, 73, 81, 89, 96, 102, 109 və +109 kq çəki dərəcələridir.
 
Azərbaycanda ağır atletika
 
Ağır atletikanın ölkəmizdə tarixi təxminən bir əsrə yaxındır. İlk yarışlar 1925-ci ildə keçirilib. Ondan əvvəl daşqalrıdmanın müxtəlif növləri olub. Ancaq sırf ağır atletika yarışları ilə bağlı məlumatlar yoxdur.
 
Azərbaycan SSR Ağır Atletika Federasiyasının ilk rəhbəri İvan Merkuris olub. 1948-1955-ci illərdə isə Azərbaycan SSR Səhiyyə Nazirliyinin bədən tərbiyəsi və idman idarəsinin Respublika ağır atletika bölməsinin sədri (indi analoji vəzifə Azərbaycan Ağır Atletika Federasiyasının prezidentidir – red.) vəzifəsini Niyazi Tağızadə-Hacıbəyov tutub. Maestro Niyazi həmçinin ağır atletika üzrə Bakı çempionu, Azərbaycan çempionu və Bakı rekordçusu olub. O, eyni zamanda hakimlik də edib.


Maestro niyazi idman hərəkəti edərkən

SSRİ dövründə müxtəlif dövrlərdə həm idmançı, həm də mütəxəssis olaraq Hacıbaba Əskərov, Əhməd Məmmədov, Şüa Hüseynov, Yuri Ryabov, Qubad və Cəbrayıl Cəbrayılovlar, Vladimir Jilyayev, Məmməd Useynov, Rizvan Həsənov, Hafiz Süleymanov və başqaları bu idmanın inkişafında fərqlənməyi bacarıblar.
 
1993-cü ildə Azərbaycan Ağır Atletika Federasiyası yaradılıb. Federasiyanın ilk prezidenti Şüa Hüseynov olub. Ondan sonra müxtəlif zamanlarda Nadir Əliyev, Rafael Quliyev və Cahangir Əsgərov ağır atletikaya rəhbərlik edib. Federasiyanın hazırkı prezidenti İnam Kərimovdur. O, 2022-ci ilin fevralında bu vəzifəyə seçilib.
 
Müstəqillik dövründə fərqlənən atletlər arasında Tofiq Heydərov, Turan Mirzəyev, Asif Məlikov, Elxan Süleymanov, Zülfüqar Süleymanov, Nizami Paşayev, Əfqan Bayramov, İntiqam Zairov, Nicat Rəhimov, Tarmenxan Babayev, Valentin Xristov, Boyanka Kostova, Elnarə Abbasova, Nazilə İsmayılova, Səbinə Əzimova, Dadaş Dadaşbəyli və başqalarının adlarını çəkmək olar. Bu dövrlərdə Azərbaycan ağırlıqqaldıranları dünya və Avropa birinciliki və çempionatları, Yeniyetmələrin Olimpiya Oyunları, İslam Oyunları, müxtəlif Qran-Prilər və digər yarışlarda 500-ə yaxın medal qazanıblar.
 
Dopinq problemi
 
Təəssüf ki, Azərbaycan ağır atletikası daha çox dopinqlə assosiasiya olunur. Bu sahədə o qədər çox cəzalar olub ki, ağırlıqqaldırma dedikdə dərhal ağıla dopinq də gəlir.
 
Düzdür, son illərdə federasiyanın dopinqlə apardığı mübarizə nəticəsində ciddi azalma müşahidə olunur. Xüsusən ötən 15 il ərzində Azərbaycan ağır atletikası dopinq probleminin fəsadları ilə üzləşib. Bir çox idmançının beynəlxalq yarışlarda qazandığı medallar əlindən alınıb, özləri uzunmüddətli cəzalara məruz qalıb. Təkcə 2013-cü ildə Azərbaycanın 18 ağırlıqqaldıranının qadağan olunmuş maddələrdən istifadə etdiyi üzə çıxıb. Ötən il Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) götürdüyü testlər nəticəsində daha iki ağırlıqqaldıran dopinqə ilişib.
 
Azərbaycan Ağır Atletika Federasiyasının mətbuat xidmətinin rəhbəri Kənan Məstəliyev dopinq cəzalarının ağır atletikamıza mənfi təsirlərinin olduğunu düşünür. Ancaq onun fikrincə, hər şeyi federasiyanın üstünə atmaq da doğru deyil:
 
“Təbii ki, cəzaların mənfi təsirləri oldu. Çünki bir çox idmançılarımızı itirdik. Uzunmüddətli cəzalar aldılar və idmandan uzaqlaşdılar. Hər şeyi federasiyanın üzərinə yıxmaq da düzgün olmaz. Bizdən asılı olmayan məqamlar var. Dopinq qəbulu fərdi verilən qərardır və həmin qadağan olunmuş maddələri biz vermirik. Biz sadəcə bu prosesə nəzarət edə, maksimum maarifləndirmə yolu ilə mübarizə apara bilərik. Bəli, Azərbaycan ağır atletikasında dopinq problemi olub. Bunu qəbul edirik. Eyni zamanda buna qarşı mübarizə də aparmışıq və aparırıq. Dopinq cəzalarına görə biz yeni nəsil formalaşdırmağa, sıfırdan başlamağa məcbur olduq. 2016-cı ildən başlayan bu proses əslində çox tez effekt də verdi. 2018-ci ilin iyulunda İtaliyanın Milan şəhərində yeniyetmələr arasında keçirilən Avropa birinciliyində Azərbaycan yığması komanda hesabında çempion oldu. Bu, o deməkdir ki, həmin zaman qitənin ən yaxşı ağır atlet nəsli Azərbaycanda idi. Həmin uşaqlar gənclər arasında da nəticə qazandılar. Böyüklərə keçəndə pandemiya düşdü və bu, bütün planları pozdu. Normal məşq prosesini aparmaq mümkün olmadı, təlim-məşq toplanışları təxirə salındı. İdmançı bir məşqi buraxırsa, bu, onun 1 illik məşq zəncirini qırır. İndi təsəvvür edin ki, o 1 il ərzində məşq etmirsə nə olacaq? Bu, çöx böyük zərbədir. Hazırda həmin fəsadların aradan qaldırılması istiqamətində iş gedir”.


Kənan Məstəliyev

Federasiya rəsmisi əsas məqsədlərinin ağır atletikanın dopinqdən tamamilə uzaqlaşdırılması olduğunu söylədi. Məstəliyev bu istiqamətdə AMADA ilə geniş əməkdaşlıq əməkdaşlıq etdiklərini bildirdi:
 
“Əvvəla onu qeyd edək ki, ağır atletika barədə xeyli stereotiplər var ki, onların əslində həqiqətələ yaxından-uzaqdan əlaqəsi yoxdur. Ən çox səslənəni dopinqdir onunla da mübarizə aparırıq. Əsas məqsədlərimizdən biri dopinqi idmançılarımızdan tamamilə uzaqlaşdırmaqdır. Bu elə problemdir ki, bir günün məsələsi deyil. Bizim yanaşmamız budur ki, dopinqdən istifadə edən heç bir şəxs ağır atletika ailəsinin üzvü ola bilməz. Biz dopinqə qarşıyıq. Bunsuz mümkün olmadığını deyənlər böyük yanlışlıq edir. Dopinqsiz mümkündür və biz bunu sübut edirik, etməkdə də davama edəcəyik. Onun üçün səbrlə davranmaq lazımdır. Real nəticələr əldə etməli, təmiz qələbələr qazanmalıyıq ki, sonradan əlimizdən alınmasın. Dopinqə qarşı “sıfır dözümlülük” yanaşmasını həyata keçiririk. Bu istiqamətdə gördüyümüz işlər yüksək qiymətləndirilir. AMADA-nın rəhbərliyinin bir neçə dəfə səsləndirdiyi fikir var ki, hazırda bizimlə ən sıx əməkdaşlıq edən iki federasiyadan biri Ağır Atletika Federasiyasıdır. Mütəmadi olaraq onlara şərait yaradırıq, gəlirlər, test götürürlər, tam və dolğun informasiya təminatına imkan yaradırıq, antidopinq maarifləndirməsi seminarlarını təşkil edirik, şəffaf fəaliyyət göstəririk. Bu prosesi sona qədər də davam etdirəcəyik. Çünki bizə süni qələbələr lazım deyil”.


Ağır atletlər üçün adtidopinq maarifləndirmə seminarı

Ağır atletika idman növü ilə bağlı digər stereoptiplər də var: İdmançıların boyunun qısa qalması, çoxlu zədələrin olması, qadınlara ziyanlı növ olması. Məstəliyev bunları təkzib edir:

“Çoxdan yaranmış, heç bir əsası olmayan stereotiplərdir. Bu barədə çox danışmaq olar. Sadə bir fakt deyim Azərbaycan ağır atletika yığmasında boyu çəkisinə uyğun gəlməyən, qəbul olunmuş normativlərdən aşağı olan bir nəfər belə idmançı yoxdur. Əksinə, bizim idmanda uzunboylu atletlər digərlərindən daha çoxdur. Eləcə Dadaş Dadaşbəylinin adını çəkim. Boyu 190 sm-dir. O ki qaldı zədələrə, beynəlxalq qurumların açıqladığı rəsmi statistikada “ən çox zədə verən idman növləri” arasında ağır atletika heç ilk “20-lik”də yoxdur. Qadınlarla bağlı fikirlər də əsassızdır. Onlar rahat da ailə qururlar, reporduktiv funksiyaları da qaydasındadır, sağlamlıqlarında hansısa xüsusi problem yaşadıqlarının şahidi olmamışıq. Əmin olmaq istəyənləri yarışlarımıza gəlməyə, hər şeyi öz gözləriylə görməyə dəvət edirəm”.
 
Mövcud durum və gələcək planlar
 
Keçən ilin fevralında federasiya rəhbərliyində dəyişiklik oldu. Bunun ağır atletikamıza hansı təsirləri var? Gələcək üçün nələr planlaşdırılır?
 
Federasiyanın İdarə Heyətinin üzvü Anar Hüseynov bildirdi ki, dəyişikliklərdən sonra planlaşdırılma aparılıb və qısamüddətli planlar artıq icra edilib:
 
“Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin idmana daimi diqqət və qayğısı Azərbaycanda idmanın inkişafına böyük təkan verir. Məhz bu təkanın sayəsində ölkəmiz dünyada bir idman ölkəsi kimi tanınır, bütün ölkələrlə rəqabətə girərək tarixi irsimizi, gücümüzü hər kəsə göstərmək, nümayiş etdirmək şansı əldə edir. Dövlət başçımızın bu müstəsna fəaliyyəti Azərbaycan idmanının böyük zəfərləri üçün istinad nöqtəsidir. Biz də bu mövqedən çıxış edərək fəaliyyətimizi həyata keçiririk. Keçən il fevralın 19-da yeni rəhbərlik təyin olunandan sonra ilk mətbuat konfransında federasiyanın yeni prezidenti İnam Kərimov qarşıya üç strateji hədəf qoyulduğunu açıqladı: qısamüddətli, ortamüddətli və uzunmüddətli. Qısamüddətli planlar artıq həyata keçirilib. Bildiyiniz kimi, koronavirus pandemiyası səbəbindən ağır atletikada 2 illik böyük fasilə yaranmışdı. Qısa müddətdə onun fəsadlarının ortadan qaldırılmasına ehtiyac yaranmışdı. İlk növbədə çemponat keçirilməli, nəticələrə uyğun, yığma komanda formalaşdırılmalı, təlim-məşq toplanışları təşkil edilməli və beynəlxalq arenada iştirakı təmin olunmalı idi. Qısa müddətdə bu iş görüldü. Artıq yeni yığma komanda formalaşdırılıb, ölkəmizin bir neçə bölgəsində toplanışları edilib, ölkə daxilində Respublika səviyyəli müxtəlif yarışlar keçirilib. Deyərdim ki, çox qısa müddətdə iki il ərzində yaranan fəsadları aradan qaldıra bilmişik”.


Anar Hüseynov

Federasiya rəsmisi ortamüddətli planlarının rəqabətədavamlı yığma komanda formalaşdırmaq olduğunu bildirdi. Onun sözlərinə görə, əsas məqsəd təsadüfi yox, mütəmadi nəticələrə nail olmaqdır:
 
“Ortamüddətli planların icrasına da başlamışıq. Məqsədimiz bir yox, bütün yarışlarda sabit çıxış edə bilməkdir. Yəni biz bu gün hansısa yarışda çempion olub, sonra uzun müddət heç nəyə nail olmayacağıqsa, heç də xoş olmayacaq, təsadüfi zəfər olacaq. Biz isə bunu istəmirik. Real gücümüzlə bir yox, bütün yarışlarda rəqabətədavamlı çıxış etməliyik. Bunun üçün isə doğru addımlar atılmalıdır. İdmançıların şəraitinin yaxşılaşdırılması, onların qidalanması, vitaminizasiyası və digər lazımi istiqamətlərdə yüksək səviyyədə işlər aparılır. Milli komandaya maksimum şərait yaratmalıyıq ki, beynəlxalq yarışlarda güclülər sırasında ola bilək, nəticələrimizi daha da yaxşılaşdıraq. Əsas stabillikdir. Heç yerə tələsmirik, səbrlə, doğru fəaliyyətlə yaxşı nəticələrin əldə olunacağına inanırıq”.
 
Anar Hüseynovun sözlərinə görə, uzunmüddətli hədəflərə dopinqlə mübarizə, idmançıların şəraitinin daha da yaxşılaşdırılması və ağır atletikada yeni nəslin formalaşdırılması daxildir:
 
“Uzunmüddətli planlarımız 3 əsas istiqamət üzrədir. Bunlardan birincisi dopinq probleminin tamamilə aradan qaldırılmasıdır. Azərbaycan ağır atletikası dopinqdən tamamilə uzaq olmalıdır. Biz federasiya olaraq bu məsələyə ən ciddi qaydada yanaşırıq, kimliyindən asılı olmayaraq heç bir güzəştə yol vermədən sona qədər də davam edəcəyik.
 
İkinci məsələ infrastrukturun yaxşılaşdırılmasıdır. İdmançının nəticə qazanmasını istəyiriksə, ona şərait yaratmalıyıq. İlk növbədə məşq etmək üçün yer – zallar olmalıdır. İnam Kərimov federasiya rəhbəri seçildikdən sonra bir neçə bölgəyə şəxsən səfər edərək zallarla tanış oldu. Bunun ardından qısa müddətdə yeni zallar tikildi, bəziləri bərpa olundu, yenidən qurulma işləri həyata keçirildi. Goranboy, Gəncə, Samux, Tovuz, Qazax, İsmayıllı, Qax, Balakən, Sabirabad və Zəngəzurda zalların rəsmi açılışı oldu. Bu proses fasiləsiz şəkildə davam edəcək. Hətta heç vaxt ağırlıqqadırma olmayan yerlərdə belə, şərait yaradılması üçün addımlar atılır. İnfrastruktur quruldu və avadanlıqlarla təmin olunma prosesi başlayıb.
 
Növbəti mərhələ isə yeni nəslin formalaşdırılmasıdır. Bölgələrdə klubların yaradılmasına çalışırıq. Federasiya olaraq özəl sektoru bizimlə birgə çalışmağa, idmana inteqrasiya olunmağa dəvət etmişik. Artıq 20-dən çox ağır atletika klubu qeydiyyatdan keçib və fəaliyyətdədir. Ölkənin hər yerindən klublar var. Bu ildən Klubların Liqası keçiriləcək. Yaradılırsa, yarışları da olmalıdır. Rəqabətli olacağını düşünürük. Yarışlar əsasən bölgələrdə keçiriləcək ki, regionlarda maraq artsın.
 
Yeni nəsil dedikdə isə idmanın müasir tələblərinə uyğun idmançıların yetişdirilməsini nəzərdə tuturuq. Çünki bütün idman növləri daim yenilənir. Biz ilk növbədə vətənpərvər, sağlam vətəndaşlar yetişdirmək istəyirik. Məqsədimiz öz ədəb-ərkanını, intizamını qoruyan, idmana sadiq, sağlam ruhlu vətəndaş və idmançı yetişdirməkdir. Bu istiqamətdə müxtəlif tədris-təbliğat tədbirləri görürük. Məqsəd yalnız çempionluq deyil. Əsas olan idmana və vətənə sevgi, sağlam həyat tərzi, ölkəmizin layiqli təmsil olunmasıdır”.

Faiq Tahirov

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu




oxunma sayı: 821 | Paylaş:




?>