')

Bu gün:


FutbolPress.Az | Premyer Liqa: ilk yarının dəyərləndirməsi

Premyer Liqa: ilk yarının dəyərləndirməsi


oxunma sayı: 568 Paylaş:

FutbolPressAzərbaycan Premyer Liqasında 2022/2023 mövsümünün ilk yarısına yekun vurulub.

Uzun müddətdən sonra 10 komandanın iştirakı ilə keçirilən yarışda 18 turdan sonra lider “Qarabağ”dır. Premyer Liqanın son qalibi olan “atlılar” bu sezon da növbəti titulunu qazanmağa yaxındır. Arxada qalan turlardan sonra bəzi komandalar gözləniləni qarşıladı, bəzi artığını etdi, bəziləri isə uğursuzluğa məruz qaldı.

Çempionatın ilk yarısı haqda “Neftçi”nin keçmiş vitse-prezidenti, sabiq FIFA referisi Tahir Süleymanovun fikirlərini öyrəndik. Sabiq referi komanda sayının artımının - bölgə təmsilçilərinin (red-“Kəpəz”, “Turan Tovuz”) elitaya yüksəlməsinin yerli çempionata olan marağı artırdığını qeyd etdi:

“Bölgə klublarının elitaya qayıtması çempionata marağı az da olsa artırıb. Jurnalistlərin rayonlara səfər turlarlarının təşkili də təbliğatı baxımdan öz müsbət təsirini göstərməkdədir. Bununla yanaşı illərdi yığılıb qalan bir çox problemlər də üzə çıxmaqdadır. Stadionlarla, keyfiyyətli çəkilişlərlə bağlı nöqsanlar yetərincədir və bunlar öz həllini tapmalıdır. Çempionat onsuz da istənilən səviyyədə deyil, daha da aşağı düşməməsi üçün infrastruktur məsələlərinin tədricən həlli ilə yanaşı, çox sərt mövqe tutulmalıdır. Bütün bunlar azarkeşlərin rahatlığına, çəkilişlərə, sonda meydanda göstərilən oyun keyfiyyətinə öz mənfi təsirini göstərir. Təzyiqlər olsa belə, buna yol verilməməlidir və futbol ictimaiyyəti də bu yöndə öz dəstəyini əsirgəməməlidir. Əgər Avropaya çıxış, futbolun inkişafı düşünülürsə, başqa çıxış yolu yoxdur!”

Sabiq referi 18 turdan sonra məğlubiyyətsiz lider olan “Qarabağ”ı dayandırmağın mümkünsüz göründüyünü əlavə etdi. Onun sözlərinə görə, yarışın taleyi “atlılar”ın özündən asılıdır:

“Komandaların çıxışlarına nəzər yetirdikdə, "Qarabağ" avrokuboklarda sıx qrafiklə paralel öz sabit oyununu davam etdirərək liderliyini davam etdirir. Yaxın izləyicisinin çempionluq iddiasının olmaması ağdamlıları əsas rəqibindən 12 xal önə çıxarıb. Məğlubiyyətsiz seriya, ən çox top vuran, qapısında ən az qol görən komandanı fasilədən sonra dayandırmaq mümkünsüz görünür. "Qarabağ" ancaq özü özünü çempionluqdan edə bilər. Avropada, daxili çempionatda layiqli çıxışla yanaşı komanda kubokda büdrədi, əksər oyunlarda rotasiyalalar effektli görünsə də, bəzi oyunlarda liderlərin meydanda olmaması özünü göstərirdi. Rəqiblərə nisbətdə oyun sayının çoxluğu, uzun səfərlər, gərgin qarşılaşmalar, fiziki, psixoloji yorğunluq futbolçulardan yan keçmədi, bu da təbiidir”.



Süleymanov turnir cədvəlində ikinci sırada qərarlaşan “Sabah”ın gələcəkdə uğurlar əldə edəcəyinə inanır. O, Masazır klubunun ölkə kubokundan kənarda qalmasının da komandaya zərbə vurduğunu bildirdi:

"Sabah"ın sürpriz edəcəyini öncədən bildirmişdik. Baş məşqçi Murad Musayev gələndən sonra komanda fərqli futbol sərgiləyir və artan trayektoriya ilə davam edir. İşinə mane olunmasa avrokuboklarda uğur qazanılması mümkündür. Son turda böyükhesablı qələbə onu göstərdi ki, məşqçi və futbolçularda mübarizlik keyfiyyətləri yerindədir və son turlarda uğursuzluq zolağı psixoloji faktorla əlaqədardır. İstənilən halda "Sabah"ın kubokdan kənarda qalması komandaya özünəinam baxımından böyük zərbə oldu”.

"Doğru addımlar atılacağı halda "Neftçi" keçmiş günlərini, liderliyini qaytara bilər"

“Neftçi”də vitse-prezident vəzifəsində çalışmış həmsöhbətimiz “ağ-qaralar”ın həm nəticə, həm də oyun planı baxımından axsadığını qeyd etdi. O, yeni ildə mövsümün ikinci hissəsinin uğurlu alınması üçün klubda strateji və doğru addımların atılmalı olduğunu vurğuladı. Süleymanov turnir cədvəlində 4-cü sırada qərarlaşan “Zirə”dən də söz açdı:

"Neftçi" yeni baş məşqçisi ilə avrokuboklardakı uğursuzluğundan sonra çempionatda da üçüncü roldadır artıq. Turnir cədvəli öz yerində, komanda oyun planında çox axsayır, heyət tam və balanslı kompektləşməyib. Ümumiyyətlə klub daxilində cərəyan edən proseslər ürəkaçan deyil. Son Müşahidə Şurasındakı dəyişiklər bunun əyani göstəricisidir. Yeni ildə klub adına strateji və doğru addımlar atılacağı halda "Neftçi" keçmiş günlərini, liderliyini qaytara bilər. Başqa yolları da yoxdur, azarkeşlər komandadan ancaq adlarına layiq nəticələr, qələbələr tələb edirlər. Hədəflər isə süni olaraq kiçildilməməlidir. Kubokda rəqiblərin büdrəməsi ilə nəzəri olaraq yolun açılması son hədd olmamalıdır. Əsas, Avropada nəticələrin qazanılmasıdır. "Zirə" çempionata istədiyi kimi hazırlaşa, heyətini formalaşdıra bilmədi. Gecikmələr Konfrans liqası ilə birgə daxili yarışlara da sirayət etdi. Tədricən özünə gələn komanda çətinliklə hazırkı mövqeyini qoruyub saxlaya bildi. Kubokda ilk üçlükdən tək "Neftçi"nin yolunu davam etməsi finişdə avrokuboklara vəsiqə uğrunda problemlər yarada bilər. Klub olaraq daxili rahatlıq, rəhbərlik/məşqçilər korpusu birliyi komandanın daha sabit çıxışını şərtləndirir”.

Keçmiş hakim bölgə təmsilçisi “Qəbələ”nin ölkə kubokunda yarımfinala yüksəlməsini xüsusi fərqləndirdi. O, Premyer Liqanın lideri “Qarabağ”ı mübarizədən kənarlaşdıran əyalət klubunun finala çıxmalı olduğunu söylədi. Süleymanov Ayxan Abbasovun rəhbərlik etdiyi “Turan Tovuz”la bağlı fikirlərini də bildirdi:

"Qəbələ" baxımlı oyunlar, qələbələrlə yanaşı yersiz xal itkiləri ilə yadda qaldı. Turnir cədvəli və 4-cü yerin qarant olmaması komandanın kuboka daha çox önəm verməsini labüd edir. Çempionatda "Sabah"ın önə çıxması "Qəbələ" və "Zirə"nin işini çətinə salıb. "Qarabağ"ı büdrədən komanda finala çıxmağa məhkumdur. Final və çempionatda 4-cü yer təmin oluna bilərsə, "Qəbələ" daha rahat nəfəs alar. Əks halda avrokuboklardan kənarda qalmaq ehtimalı artacaq.

"Turan Tovuz" məhdud imkanlarla çətin olsa da sabit çıxışını davam etdirir. Klub daxilində xırda məqamlar, gərginlik yaşansa da, azarkeşlərin möhtəşəm dəstəyi ilə komanda yerini qoruyub saxlaya, möhkəm əzmkarlıq göstərə bilir. Ayxan Abbasov baş məşqçi və ən önəmlisi, lider kimi formalaşmaqdadır. Getdikcə təcrübə, püxtələşmə daha böyük şanslar qazandıra bilər”.

"Baqa paytaxtda istirahət edə-edə pulunu gözləyir, komanda, "Sumqayıt" azarkeşləri bunun əziyyətini çəkir"

Keçmiş hakim turnir cədvəlinin autsayderlər qrupunda yer alan “Şamaxı”, “Sumqayıt” və “Səbail”in də çıxışını dəyərləndirdi. O, “Şamaxı”nın təqdirəlayiq çıxış etdiyini vurğuladı. O, Vüqar Əsgərlinin baş məşqçilik etdiyi kollektivin 18 turdakı oyununu 2 mərhələyə böldü:

"Şamaxı"nın çıxışını iki mərhələyə bölmək lazımdır. Startda qısa müddətdə yığılan komandanın təbii büdrəməsi, sonra özündə güc tapıb hazırkı mövqedə qərarlaşması. Yerli futbolçularla çıxış təqdirəlayiqdir. Klub daxilində bu addım müəyyən fikir ayrılığı yaratsa da, məşqçi və futbolçular toparlana bildilər. "Keşlə"dən sonra borc mirası bitəndən sonra klub öz strategiyasını dəyişməməlidir və səviyyəsiz legionerlərə yol açılmamalıdır. Təzadlı məqamlardan biri, komanda autsayder olanda tribunalar dolurdu, yuxarı qalxdıqca azarkeşlərin sayı azalmağa başladı. Bu, hava şəraiti, digər məqamlarla əlaqələndirilməməlidir. Çox az sayda tutumu olan stadionun dolmaması klub-əhali arasında komunikasiyanın qurulmamasının nəticəsidir. Hiss olunur ki, "Şamaxı" azarkeşləri komandanı hələ doğma, özününkü saymırlar. Bu yöndə klub əməli addımlar atmalı, komanda-azarkeş vəhdəti təmin edilməlidir. Fasilədən sonra komandanın çıxışında tribunaların dəstəyi çox önəmli rol oynaya bilər.

"Sumqayıt" rəhbərliyinin strateji fiaskosundan sonra komanda özünə gələ bilmir. Baqa paytaxtda istirahət edə-edə pulunu gözləyir, komanda, Sumqayıt azarkeşləri bunun əziyyətini çəkir. Qış fasiləsindən sonra gənclik şəhərinin komandası müasir arenada çıxış edəcək. Bu amil "Sumqayıt"ın məsuliyyətini daha da artırır. Azərbaycan futboluna 10-larla futbolçu bəxş etmiş şəhərin komandası Sumqayıt adına layiqli çıxış etməli, lider komandalardan birinə çevrilməlidir. "Kəpəz"də durum tam fərqlidir. Stadionun qəzalı vəziyyətdə olması, daxili çəkişmələr, məşqçi-futbolçu münasibətləri komandanın çıxışına mənfi təsir göstərir. Klub rəhbərliyi, baş məşqçi Tərlan Əhmədov, azarkeşlərlə birgə özlərində güc toplayıb bir yumruq kimi birləşməyi təmin etməlidirlər. Komandanın güclənməsi qədər bu faktor önəmlidir. Belə olacağı halda, futbol mərkəzlərindən biri olan Gəncə fasilədən sonra tam fərqli futbol sərgiləyə bilər. "Səbail" çempionatda qeyri sabit çıxışı ilə yadda qaldı. Bir tərəfdən sonuncu pillə, digər tərəfdə kubokda yolun davam edilməsi. Baş məşqçi Mahmud Qurbanovun istefası nəyi dəyişəcək, yeni ildən sonra bilinəcək. Ən azından kubok yarışlarını nəzərə alaraq çempionatın sonuna qədər davam edilməsi daha məqsədəuyğun olardı. Sabitliyin yaranacağı halda, komandanın sonuncu yeri tərk etməsi elə də problem olmamalıdır”.

"Cavid Hüseynovu mövsümün kəşfi hesab etmək olar”

Çempionatda ilk dövrə ilə bağlı futbol mütəxəssisi Səbuhi Səfiyarlı ilə də danışdıq. Eyni zamanda, menecer olan Səifyarlı ilk yarının ümumi təhlilini apardı. O, turnir cədvəlində 2-ci sırada yer alan “Sabah”ı fərqləndirdi, sonuncu “Səbail”in uğursuz çıxışının gözlənilməz olduğunu söylədi. Səfiyarlı, heyəti təcrübəsiz gənc oyunçulardan ibarət olan “Şamaxı”nın sürprizə imza atdığını, bu komandanın məşqçisi Cavid Hüseynovun isə mövsümün kəşfi olduğunu dedi:

"Turnir cədvəlinin yuxarı hissəsində gözlənilməz bir şey yaşanmadı. "Sabah"ın yuxarı yerlər uğrunda oynayacağı aşkar idi. Sadəcə, "Neftçi"ni üstələməsi bir az gözlənilməz ola bilər. "Qarabağ"ın liderliyi əvvəldən bilinirdi. Avrokuboklar uğrunda mübarizənin "Zirə" və "Qəbələ" arasında gedəcəyini əvvəldən təxmin etmək olardı. İlk yarının maraqlı məqamı "Səbail"in son sırada olmasıdır. Bu, mövsümün ilk hissəsinin ən gözlənilməz hadisəsi idi. Transferlər, büdcə, nə qədər etiraf etməsələr də, ayrılan büdcə yuxarı sıralar üçün xərclənib. Klubda qarışıq işlər oldu. Kubokda yarımfinala adlayan komanda indi Premyer Liqada son sıradadır. Baş məşqçi Mahmud Qurbanovun istefası onu göstərdi ki, rəhbərliyin hədəfi başqadır. Hər nə qədər desələr ki, konkret məqsəd qoyulmayıb, düz deyil. Mövsümün əvvəlində komandaya daha üst sıralarda olmaq hədəfi qoyulmuşdu. Aleksey Baqanın artıq ötən mövsümdən "Sumqayıt"a uyğun gəlmədiyi hiss edildi. "Kəpəz"də də vəziyyət belə oldu. Komandanın uğursuz çıxışı Yaşar Vahabzadənin istefasına səbəb oldu. Tərlan Əhmədovun gəlişindən sonra "Kəpəz"də sıçrayış oldu. "Şamaxı"nı xüsusi qeyd etmək istərdim... Hər kəs düşünürdü ki, bu komanda turnir cədvəlində sonuncu olacaq. Heyət təcrübəsiz, legioner də yox idi. Baş məşqçi Vüqar Əsgərli və məşqçi Cavid Hüseynovun də məşqçi kimi Premyer Liqa təcrübəsi yox idi. Lakin mübarizə apardılar, döyüşdülər. Cavid Hüseynovu mövsümün kəşfi hesab etmək olar”.



Agent ölkə çempionatında komanda sayının artırılmasının faydalarından da söz açdı:

Uzun müddətdən sonra çempionatda 10 komanda yarışdı. Bir çox gənc oyunçu təcrübə qazandı. Bu, Azərbaycan futbolu üçün faydalı oldu. Komanda sayının çoxluğunun faydası sübut olundu. Gələcəkdə komanda sayı daha da artmalıdır. Oynamaq istəyən futbolçu sayı çox, yer azdır. Ölkədə keçirilən daxili yarışların da sayı artırılmalıdır. Komanda sayının artımı göstərdi ki, ölkədə futbolun inkişafı hansı istiqamətdə getməlidir”.

Mövsümün ilk yarısında Azərbaycan Kubokunda da 1/8 və 1/4 final mərhələsinin oyunları baş tutdu. Matçlardan sonra “Qarabağ”, “Sabah” və “Zirə” mübarizəni dayandırdı, əvəzində “Qəbələ”, “Səbail”, “Turan Tovuz” və “Neftçi” yoluna davam edir. Səfiyarlı kubokda qeydə alınan nəticələrdən də söz açdı:

"Kubok oyunlarında gözlənilməz nəticələr baş verdi. Çempionatda ilk "4-lük"də olan komandalardan 3-ü - "Qarabağ", "Sabah" və "Zirə" mübarizəni dayandırdı. Hazırda "Neftçi" titul üçün ən böyük namizəddir. Onlar mövsümü kubokla başa vura bilərlər".

Şahin Cəfərov

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu




oxunma sayı: 568 | Paylaş:




?>