')

Bu gün:


FutbolPress.Az | Azərbaycanda qılıncoynatma: uğurlar və inkişaf planları

Azərbaycanda qılıncoynatma: uğurlar və inkişaf planları


oxunma sayı: 823 Paylaş:

FutbolPressQılıncoynatma, bəzən də qılıncbazlıq adlandırılan idman növü qılıncla döyüş fəaliyyətidir. Bu növün yaranması İspaniyanın adı ilə bağlıdır. Qərb qılıncoynatması üzrə qədim dərsliklər XV əsrə aiddir. İspaniyalı Dieqo de Valeri bu növ haqda ilk dərsliklərin müəllifi olub. Sözügedən ölkədə populyarlıq qazanan qılıncoynatma ilə bağlı ilk rəsmi qurum 1567-ci ildə yaradılıb. İspan kralı 9-cu Karl tərəfindən əsası qoyulan Qılıncoynatma Akademiyası tarixə ilk kimi düşüb.

İspaniyadan başlayan, daha sonra Avropaya yayılan bu növ İtaliya və Fransada da kütləviləşib. Başlandığı yerdə bir müddət durğunluq dövrü yaşayan bu idman növü sonralar İtaliya və Fransada yenidən təkmilləşib. Afinada baş tutan birinci Olimpiya Oyunlarının proqramına daxil edilən qılıncoynatma bundan sonra daha geniş yayılıb və böyük populyarlıq qazanıb.

Qılıncoynatmada ali qurum Beynəlxalq Qılıncoynatma Federasiyasıdır. Əsası 1913-cü ildə qoyulan təşkilat bu növdə ümumi qaydaları tənzimləyib və təsdiq edib. Hazırda quruma 130-dan çox milli federasiya üzvdür.

Qılıncoynatmada ilk beynəlxalq yarışlar XX əsrin əvvələrindən keçirilməyə başlayıb. 1906-cı ildən Avropa, 1937-ci ildən isə qılıncoynatma üzrə dünya çempionatları təşkil edilib.



Qılıncoynatmanın üç növü vardır. Bunlar – rapira, qılınc (sablya) və şpaqadır.

İdman rapirasının uzunluğu 110 sm-dək, çəkisi 500 qramadəkdir, biləklər 12 sm diametrlik dairəvi qarda ilə qorunur.

İdman sablyasının uzunluğu 105 sm-dək, çəkisi 500 q-dəkdir, biləklər polad elastik trapesiyavari qarda ilə qorunur

İdman şpaqasının uzunluğu 110 sm-dək, çəkisi 700 q-dəkdir, poladdan elastik tiyəli üçüzlü hissədən ibarət iti silahdır, biləklər 13,5 sm diametrlik qarda ilə qorunur. Rapira ilə döyüşlərdə yalnız gövdəyə sancmalar, şpaqa ilə döyüşlərdə maska ilə qorunmayan ənsə hissədən başqa bədənin bütün hissələrinə, qılınc ilə döyüşlərdə beldən yuxarı bütün sancmalara və ya zərbələrə icazə verilir. Döyüşlər uzunluğu 14 m, eni 1.8-2 m olan qılıncoynatma cığırında həyata keçirilir.

İdmançılar metallaşdırılmış parça ilə örtülmüş yüngül qoruyucu gödəkçələrdə (rapira, qılınc), metal torlu maskalarda və silah olan əlində əlcəklə çıxış edirlər.

Azərbaycanda qılıncoynatma

Bu növ ölkəmizdə XX əsrdə populyarlıq qazanıb. Azərbaycan qılıncoynadanları uzun müddət SSRİ-nin yığma komandasının tərkibində beynəlxalq yarışlarda iştirak edib. Həmin dövrlərdə Samir İbrahimov, İlqar Məmmədov və Boris Koretski dünya və Avropa çempionu olub. 1988-ci ildə Seulda keçirilən Yay Olimpiya Oyunlarında SSRİ millisinin heyətində azərbaycanlı qılıncoynadanlar iştirak edib. İlqar Məmmədov və Boris Koretski isə Olimpiya çempionu adını qazanıblar. Məmmədov rapira ilə qılıncoynatma növündə 1996-cı ildə Atlantda keçirilən Yay Olimpiya Oyunlarının da qalibi olub və tarixi nailliyyətə imza atıb. İlqar Məmmədov Azərbaycan qılıncoynatma tarixinin ən uğurlu nümayəndələrindən sayılır. 2 dəfə Olimpiya, 1 dəfə dünya çempionu olan idmançı 1995-ci ildə dünya çempionatında gümüş medal qazanıb. Onu da əlavə edək ki, Məmmədov 1988-də SSRİ, 1996-cı ildə Rusiya yığmasının tərkibində Olimpiya çempionu olub. Onun yoldaşı Yelena Jemayeva isə Azərbaycan millisi ilə 2004-cü ildə Afina Yay Olimpiya Oyunlarında 7-ci olub. İlqar və Yelena cütü hazırda Rusiyada məşqçilik edir. İlqar Məmmədov hazırda Azərbaycan Qılıncoynatma Federasiyasında məsləhətçi vəzifəsində çalışan Yaşar Məmmədovun oğludur.

Müasir dövrdə Azərbaycanda qılıncoynatma

XXI əsrin əvvələrində bu növ ölkəmizdə bir qədər tənəzzülə uğrasa da, 2005-ci ildən yenidən bu sahəyə xüsusi diqqət ayrılıb. 5 il sonra – 2010-cu ildə Bakının qılıncoynatma üzrə dünya çempionatına ev sahibliyi etməsi bu sahəyə marağı artırıb, ölkəmizdə kütləviləşməyə gətirib çıxarıb. Həmin yarışda Azərbaycanın 2 idmançısı – qadınlarda Sevil Bünyatova, kişilərdə isə Murad Əliyev qızıl medal qazanıb. Bünyatova 2015-ci ildə Serbiyada keçirilən Avropa Oyunlarında gümüş medal qazanıb. O, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycan idmanının inkişafında böyük xidmətlərinə görə “Tərəqqi” medalı ilə tətil edilib. Sevilin əkiz bacısı Sevinc Bünyatova isə həmin yarışda bürünc medal qazanıb.

Son illərdə Azərbaycanı beynəlxalq arenada uğurla təmsil edən qılıncoynadanlar arasında ilk sırada Anna Baştadır. Rusiyalı legioner bu il Misirin paytaxtı Qəhirədə keçirilən dünya çempionatının qızıl medalını qazanıb.



Sablya növündə yarışlarda iştirak edən Anna 2016-cı ildə Azərbaycan yığmasının heyətində Avropa çempionu olub. 26 yaşlı idmançı 2019-cu ildə “Satellite” seriyalı beynəlxalq turnirin Antalya, Tbilisi və Gent mərhələlərində, 2021-ci ildə Madriddə Avropa təsnift turnirində qızıl medal qazanıb. Azərbaycan qılıncoynatma tarixinə adını yazdıran Anna bu il xüsusi mükafata layiq görülüb. İsveçrənin Lozanna şəhərində Beynəlxalq Qılıncoynatma Federasiyasının (FIE) 100-cü Konqresində cari mövsüm 2 Dünya Kubokunun və 1 Qran-prinin mərhələ yarışının qalibi, son Avropa çempionu, dünya çempionatının finalçısı olan Anna Baştaya qadın sablyaçıların şəxsi mübarizəsində dünya reytinqinin 1 nömrəsi olaraq xüsusi mükafat təqdim olunub.

Azərbaycan qılıncoynatmasının hazırkı durumu haqda Azərbaycan Qılıncoynatma Federasiyasının baş katibi Vasif Məmmədovla danışdıq. Qurum rəsmisi haqqında bəhs etdiyimiz növün ölkəmizdə sürətlə inkişaf etdiyini vurğulayaraq, uğurlu bir dönəm yaşadıqlarını söylədi. O, 2022-ci ildə qılıncoynatmada Azərbaycan idmançılarının əldə etdiyi uğurlardan danışdı:

“Düşünürəm ki, son illərdə, xüsusilə, 2022-ci ildə qazandığımız nəticələr və elə mətbuatda qılıncoynatma ilə bağlı yazılanlar da düzgün yolda olduğumuzu göstərir. Hər halda, idman ictimaiyyəti kənardan işimizə daha düzgün qiymət verə bilər. Bu il bizim üçün kifayət qədər uğurlu və məhsuldar alındı. Sablya üzrə qadınlardan ibarət milli komandamızın lideri Anna Başta cari ildə Türkiyənin Antalya şəhərində keçirilən Avropa çempionatında qızıl medal qazandı. Qılıncoynadanımız Misirin paytaxtı Qahirə şəhərində baş tutan dünya çempionatında gümüş medala layiq görüldü. Dünya Kubokunun iki, Qran-Prinin bir mərhələ yarışının qalibi oldu. Dünya reytinqini ilk sırada tamamladı və bu münasibətlə ilin sonunda Beynəlxalq Qılıncoynatma Federasiyasının (FIE) xüsusi mükafatına layiq görüldü. Sablya üzrə qadınlardan ibarət milli komandamız Bolqarıstanın Plovdiv şəhərində keçirilən Dünya Kubokunun mərhələ yarışında yalnız finalda uduzdu və turnirin gümüş medalını qazandı. Sablya üzrə qadınlardan ibarət və şpaqa üzrə kişilərdən ibarət milli komandamız Türkiyənin Konya şəhərində keçirilən İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazandı. Şəxsi yarışlarda Ruslan Həsənov şpaqada gümüş, Palina Kaspiaroviç sablyada şəxsidə gümüş, Səbinə Kərimova və Valeriya Bolşakova isə sablyada şəxsi yarışda İslam Həmrəyliyi Oyunlarında bürünc medal əldə etdi. Bundan başqa, yeniyetmə sablyaçılarımız Zərifə Hüseynova və Abbas Hüseynov da beynəlxalq turnirlərdə qızıl medal qazanmağı bacardı”.



Qılıncoynatma üzrə bu il xüsusi mükafat qazanan Anna Rusiyada doğulub. Baş katib milliləşdirilən Başta ilə yanaşı, azərbaycanlı idmançıların da son illərdə yüksək nailliyətlərə imza atdığını qeyd etdi:

“Bu il Anna Başta üçün kifayət qədər uğurlu alındı. Amma inkişafın tək Anna Başta ilə bağlı olduğunu da söyləmək düzgün olmaz. İlk suala cavabda qeyd etdiyim kimi bu il sablya üzrə qadınların komanda mübarizəsində Dünya Kubokunun mərhələ yarışında gümüş medal qazandıq. Digər bir yarışda ilk 5-likdə qərarlaşdıq. Bu gün biz 2024-cü ildə Parisdə keçiriləcək yay olimpiya oyunlarında tarixdə ilk dəfə komanda yarışında təmsil olunmaq şansını saxlayırıq. Sevil Bünyatova, Səbinə Kərimova, Palina Kaspiaroviç, Valeriya Bolşakova və Anna Baştadan ibarət güclü kollektivə malikik. Son illərdə şpaqaçımız Ruslan Həsənov və sablyaçımız Zərifə Hüseynova yeniyetmə və gənclərin dünya birinciliyində Azərbaycan qılıncoynatması tarixində ilk dəfə mükafatçılar sırasında yer almağı bacarıb. Sablya üzrə oğlanlarda, şpaqa üzrə qızlarda yeniyetmələrdən ibarət kollektivdə perspektiv vəd edən idmançılarımız var. Bakıda və Sumqayıtda bir neçə qılıncoynatma zalımız fəaliyyət göstərir. Məşqçilərimiz, hakimlərimiz beynəlxalq təcrübəyə yiyələnmək üçün ölkə xaricinə uzun müddətli kurslara göndərilir. İl ərzində müxtəlif yaş kateqoriyaları üzrə uşaqlar arasında mütəmadi yarışlar keçirilir. Yeniyetmə, gənc və əsas komandanın üzvləri ölkə xaricinə təlim-məşq toplanışına yollanır”.

Azərbaycanda qılıncoynatma ilə məşğul olmaq pulsuzdur. Baş katib bunu söhbətimiz əsnasında qeyd etdi. Onun sözlərinə görə, federasiya tərəfindən idmançılar üçün hər bir şərait yaradılıb. Əldə olunan nəticələrə nəzər salsaq, bu növdə inkişafın yüksək sürətlə getdiyini deyə bilərik. Vasif Məmmədov qazanılan uğurlarda Azərbaycan Qılıncoynatma Federasiyasının böyük fəaliyyətinin olduğunu da əlavə etdi. O, gələcəkdə daha da yüksək nailiyyətlər əldə etmək, Azərbaycanı dünya və Avropa arenasında layiqincə təmsil etmək üçün federasiya olaraq planlarından bəhs etdi:

“Qılıncoynatma ilə məşğul olmaq pulsuzdur. Dövlətin diqqət və qayğısı nəticəsində zallarımızda qılıncoynatma ilə məşğul olmaq üçün hər bir şərait yaradılıb. Bu idman növü ilə məşğul olmaq istəyənlər federasiya tərəfindən qılıncoynatma ləvazimatları ilə təmin olunur. Kifayət qədər təcrübəli, uzun müddət ölkə xaricində işləmiş məşqçilər heyətimiz var. İnkişaf davamlı olanda qarşıya qoyulan məqsədlərə çatmaq asanlaşır. Son illərdə federasiyanın fəaliyyəti yüksələn xətlə davam edir. Son illərdə qazanılan nəticələr buna əyani sübutdur. Məqsədimiz Parisdə keçiriləcək yay olimpiya oyunlarında təmsil olunub ölkəmizi layiqincə təmsil etmək, bu idman növündə kütləviliyə nail olmaqdır”.

Şahin Cəfərov

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu



oxunma sayı: 823 | Paylaş:




?>