')

Bu gün:


FutbolPress.Az | Onlar necə bacardılar? – Azərbaycan futbolu üçün İslandiya və Lüksemburq nümunələri

Onlar necə bacardılar? – Azərbaycan futbolu üçün İslandiya və Lüksemburq nümunələri


oxunma sayı: 1340 Paylaş:

FutbolPressAzərbaycanda futbolu necə inkişaf etdirmək olar? – bu sual çox müzakirə edilir və son zamanlar artıq “biz heç vaxt güclü futbol ölkəsi olmayacağıq” kimi pessimist düşüncə hakim olmağa başlayıb.
 
Dünya praktikasına baxdıqda bu qədər bədbin olmağın yanlışlığı anlaşılır. Yaxın keçmişdə hər kəsin gördüyü – İslandiya və Lüksemburq futbolundakı sıçrayış azərbaycanlılar üçün də ümid yeri ola bilər. İslandiya Avropa və dünya çempionatlarının final mərhələsində oynamaq hüququ qazanmış ən kiçik ölkədir. Bir vaxtlar qitədə ən zəif komandalardan sayılan Lüksemburq isə artıq heç də “asan yem” deyil. Onların yaxın gələcəkdə bir böyük turnirin final mərhələsində iştirak etməsi sürpriz hesab olunmamalıdır.
 
Bəs İslandiya və Lüksemburq buna necə nail oldu?
 
Çətin iqlim şərtlərində yüksək səviyyəli məşq
 
İslandiya əsrarəngiz təbiətə malikdir. Ümumən temperaturun çox aşağı olduğu ölkə ərazisində yalnız sahil zolağında yaşayış məntəqələri var. Buradakı iqlim ekstremal növlər istisna olmaqla, açıq havada idmanla məşğul olmağı demək olar ki, qeyri-mümkün edir.
 
Soyuq hava və güclü külək futbolu da orada az qala ekstremal növə çevirir. Buna görə də İslandiyada çox qısa futbol mövsümü var. Bu ölkədə yalnız may və sentyabr ayları aralığında futbol oynamaq mümkündür. XXI əsrə qədər stadionların azlığı və iqlim şərtlərinin əlverişli olmaması səbəbindən futbolçular həftədə 1-2 dəfə çətinliklə məşq edə bilirdilər. Cəmi iki bağlı meydança var idi ki, onlar da basketbol və həndbol üçün nəzərdə tutulmuşdu. Futbolçular formada qalmaq məqsədilə həm də bu növlərlə məşğul olmaq məcburiyyətində idilər.
 
Əsrin əvvəlində çıxış yolu tapıldı. Külək, qar və buzdan qorunmağın yolu meydançanı örtmək idi. Beləliklə, yerli futbol federasiyası bələdiyyələrlə birgə futbol zalları layihəsini hazırlayıb. Bunlardan birincisi 2000-ci ildə istifadəyə verilib. Bu, effektli olduğundan proses davam etdirilib və növbəti illərdə belə meydançaların sayı xeyli artırılıb.
 
Ən əhəmiyyətlisi həmin zalların ictimaiyyətə açıq olmasıdır. Klublar istifadə etməyən vaxtlarda gənclər, uşaqlar, qadınlar – futbolla maraqlanan hamı yararlana bilir. Hazırda 40-a yaxın süni-təbii örtüklü belə meydança var. Onların ölçüləri müxtəlifdir, amma böyük futbol meydanlarından balacadılar.
 
Əvvəllər 7-8 aylıq qış mövsümündə hətta peşəkarlar belə, həftədə bir məşq edə bilirdisə, qapalı meydançaların geniş istifadəsi nəticəsində 6-10 yaşlılar 3, 10-14 yaşlılar 4, 14-18 yaşlılar 5 məşqə cəlb oluna bilir. Bu rəqəmlərə məktəblərdə məcburi olan həftədə 2 saat bədən tərbiyəsi və 1 saat üzgüçülük dərsi daxil deyil. 330 min əhalisi olan kiçik ölkədə ümumi lisenziyalı futbolçuların sayı 25 mini keçib.
 
Meydançalar təkcə futbolçuların sayının və məşqlərin artmasına səbəb olmadı, həm də İslandiyada oyunçularının keyfiyyəti yüksəldi. Asfaltda qaçan, rezin döşəmədə fitneslə məşğul olan, çınqıl və ya dəniz qumu üzərində topla hərəkətlər edən nəsil əvəzinə daim süni, yaxud təbii örtükdə məşq edən nəsil var. Bu isə mütləq təsirini göstərməli idi və göstərdi də.


İslandiyada qapalı futbol meydançası

Meydançaların ölçülərinin fərqli – daha balaca olması islandiyalı futbolçuların texniki bacarıqlarının da artmasına təkan verdi. İndi İslandiyada yalnız fiziki bacarıqları ilə deyil, texniki keyfiyyətləri ilə də seçilən bir futbolçu nəsli var.
 
Əlbəttə, yalnız meydançaların istifadəyə verilməsi ilə futbolun inkişafı mümkün deyildi. İslandiyada futbolçuların yetişməsinə şərait yaradan məşq keyfiyyəti standartı çox yüksəkdir. 2002-ci ilə qədər orada məşqlər üçün 5 fərqli səviyyə var idi və bunlar təsadüfi tədris olunurdu. 2003-cü ildə UEFA-nın təlimlərinə əsaslanan yeni modelə start verildi.
 
Məşqçilərin keyfiyyəti əsas şərtdir. İslandiyada peşəkar klubda köməkçi məşqçi olmaq və ya akademiya komandalarını çalışdırmaq üçün ən azı UEFA B lisenziyası tələb olunur. Təlimin müddəti 124 saatdır. Baş məşqçi olmaq üçün isə UEFA A lisenziyası vacibdir. Ölkə üzrə fəaliyyətdə olan məşqçilərin 70%-nin B, təxminən 30%-nin isə A kateqoriyası var. Bu, Avropada ən yüksək göstərici hesab olunur. Son rəqəmlərə görə, ölkədə UEFA lisenziyası olan məşqçilərin ümumi sayı 700-dən çoxdur.
 
Planlı işin nəticəsində İslandiyada futbol böyük inkişafa nail oldu. 2012 ildə ölkənin milli komandası FIFA reytinq cədvəlində 131-ci yerdə idi. Yığma hazırda 62-cı sıradadır. 2018-ci ildə isə komanda 18-ci pilləyə qədər yüksəlməyi bacarmışdı.
 
Daha bir kiçik ölkə, böyük iş
 
20 il əvvəl Lüksemburq milli komandasında müəllim, bank işçisi, dövlət qulluqçuları oynayırdı. İndi isə yığmanın baş məşqçisi Lyuk Holts Portuqaliya, Almaniya, İsveçrə kimi ölkələrin yüksək liqalarında çıxış edən futbolçular arasından seçim edir. Bu üst səviyyədə tətbiq edilən inkişaf doktrinasının nəticəsidir. Lüksemburqluların futbolda “qapazaltı” olduğu zamanlar çoxdan geridə qalıb. İlk işarə 2017-ci ildə Parisdə Fransa ilə qolsuz heç-heçə zamanı verildi. Ardınca bu, özünü Millətlər Liqasında hər dəfə daha da yaxşılaşan nəticələrlə göstərdi.
 
2020-ci ildən bəri Azərbaycan və Lüksemburq yığmaları 4 dəfə üz-üzə gəlib və bunların heç birində millimiz qələbə qazana bilməyib. 3 dəfə üstün olan lüksemburqlular 1 dəfə heç-heçə edib.
 
Düzdür, ümumən nəticələri çox böyük hesab etmək olmaz, amma nəzərə almaq lazımdır ki, Lüksemburq bir neçə il əvvələ qədər az qala hər oyun 5-6 qol buraxardı. Lakin yaxın gələcəkdə bir böyük turnirdə iştirak etmələri qeyri-adi hesab olunmayacaq. Ən əsası, onlar artıq özlərini futbolda qəbul etdirməyi bacarıblar.
 
Lüksemburq Futbol Federasiyasının prezidenti Pol Filipp “The Irish Times”a inkişafa necə nail olduqlarından danışıb:
 
“10 il əvvəl peşəkar liqalarda daha çox futbolçuya sahib olmalı olduğumuz qərarına gəldik. Fransa, Belçika, Almaniyada oynamalı idik. İndi milli komandadakı futbolçular peşəkar liqalarda çıxış edir. Öz çempionatımız ayrılıqda beynəlxalq futbolda irəliləyiş üçün kifayət qədər yaxşı deyil. Bu səbəbdən gəncləri ölkə xaricinə çıxmağa təşviq etmək çox vacibdir”.


Pol Filipp

Lüksemburqda ilk addım uşaqların məşqlərinin səviyyəsini yaxşılaşdırmaq olub. Əsas şeylər öyrədildikdən sonra ən çox ümid bəslənənlərin futbol təhsili mərkəzləşdirilib. Federasiya rəhbəri bununla bağlı bildirir:
 
“Ölkə xaricindəki peşəkar klublara oyunçu göndərməyə dərhal başlaya bilməzsiz. Bundan əvvəl bir mərhələ var. 9-10 yaşında uşaqları izləməyə başlayırıq. Daha sonra ən yaxşıları milli komanda mərkəzimizə gətiririk. Orada onları 18 yaşa qədər saxlayırıq. Həftə sonları klublarında oynayırlar, amma qalan müddət ərzində bizimlə olurlar. Əsl məşqlərinin keçdiyi yer buradır. 16-17 yaşları olanda Belçika və Fransada əlaqələrimiz olan peşəkar klublarla danışıqlara başlayırıq. Sonrakı mərhələ budur”.
 
Pol Filipin sözlərinə görə, onlar İslandiya nümunəsini də yaxından öyrəniblər. Amma müqayisə görünən qədər sadə deyil:

“İslandiyadakı bütün gənclər adanı tərk etmək istəyir. Onlar İngiltərə və ya Avropaya getmək düşüncəsindədirlər. Bu, gənclərimizə aşılamaq istədiyimiz fikirdir. Amma Lüksemburqda həyat İslandiyadakından asandır. Burada o peşəkar yanaşmanı yaratmaq çətin oldu. 15 il əvvəl yaxşı potensiala malik bir uşaq var idi. Belçikada klub axtarmalı olduğunu demişdm. Ailəsi gəldi və dedi: “Yaxşı, amma buna nə qədər inana bilərik? O, Lüksemburqa qayıdanda nə iş görəcək?” Bu gün uşaqların yanaşması doğrudur. Amma ailələri də razı salmaq lazımdır”.
 
Rəqəmlər Lüksemburq futbolunun inkişafını daha dəqiq əks etdirir. Ölkənin yığması hazırda dünyanın 92-cisidir. Ancaq 2006-cı ildə 195-ci sırada qərarlaşmışdılar. Cəmi 5 il əvvəl – 2017-ci ildə isə Lüksemburq 147-ci pilləni tuturdu. Növbəti il komanda 82-ci yerə qədər yüksələ bildi.
 
Yekun
 
İslandiya və Lüksemburq nümunələri göstərir ki, planlı və doğru yanaşma ilə futbolda inkişafa nail olmaq mümkünsüz deyil. Bunun üçün ilk növbədə çatışmazlıqlar konkret müəyyən edilməlidir. Ölkə futbolundakı problemlər aşağı-yuxarı bəllidir: komanda sayının azlığı, futbolun coğrafiyasının genişləndirilmə ehtiyacı, uşaq futbolunun inkişaf etdirilməsi və s. Bunlar barədə ümumi fikirlər var, konkret təkliflər, həll yolları isə yoxdur.
 
Şərtlər fərqlidir. Hətta İslandiya və Lüksemburqda belə insanların düşüncəsində müxtəliflik var. Strategiyalar da fərqli seçilib. Təbii ki, onların praktikasını götürüb Azərbaycanda tətbiq etmək mümkün deyil, amma müəyyən elementlərdən yararlanmaq olar.
 
Məsələn, İslandiyada olduğu kimi meydança infrastrukturunun yaxşılaşdırılması, uşaq futbolundakı məşqçilərin qarşısına qoyulan peşəkarlıq tələblərinin sərtləşdirilməsi həm futbolun kütləviliyini artırar, həm də keyfiyyəti yüksəldər. Lüksemburqun isə gəncləri xaricə çıxmağa təşviq etmək strategiyasından yararlanmaq olar. Əlbəttə, onlar üçün Belçika, Almaniya, Niderland kimi ölkələrə çıxış daha asandır. Azərbaycanlı futbolçular isə ilkin mərhələdə Türkiyə, Rusiya kimi ölkələrin liqalarında oynayaraq, daha çox inkişaf edə bilərlər. Azərbaycanda həm əhali çoxdur, həm də indiyə qədər az da olsa, keyfiyyətli oyunçuların üzə çıxması onu deməyə əsas verir ki, bu idman növü bizə heç də yad deyil və düzgün yanaşma ilə hətta nümunə göstərdiyimiz ölkələrdən daha çoxuna nail olmaq mümkündür.

Faiq Tahirov

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu




oxunma sayı: 1340 | Paylaş:




?>