')

Bu gün:


FutbolPress.Az | Cavid Hüseynovun gözü

Cavid Hüseynovun gözü


oxunma sayı: 5058 Paylaş:

FutbolPress“Şamaxı”nın iki baş məşqçisi mövzusu baməzəliyi ilə ətrafa şənlik saçmağa davam edirdi. Ancaq qoşa baş məşqçilərdən biri, Cavid Hüseynovun bəzi açıqlamaları o məsələni də kölgədə qoyur.

Hüseynovun “Sabah”a minimalhesablı məğubiyyətdən sonra (0:1) “CBC Sport”a açıqlamasında bir məqama diqqət yetirək: “Klubun strategiyası yerli futbolçuların inkişafıdırsa, nəticəni hər dəfə qabartmağın nə mənası var?!”.

Cavid, 8 turdan sonra 4 qol vurub, 14-nü buraxan “Şamaxı”nın 2 xalla sonuncu pillədə olmasını qabartmağın mənası yoxdur? Nəticəqabardanlar mane olur komandanın toparlanmasına?

Üstəlik, daha emosional tona qalxaraq, absurda uğrayır: “Yerliləri fikirləşiriksə, hər dəfə nəticəni gözümüzə soxmağa dəyməz. Öz işimizlə məşğuluq. Əsas məqsədimiz gənc futbolçuların inkişafıdır. Burada nəticədən söhbət gedə bilməz”.

“...gözümüzə soxmağa dəyməz” – bu nə ifadə tərzidir, bu nə qara emosiyadır? Cavidin xatirindən çıxıbmı, elə bu cür aşırı emosionallığın ucbatından bir jurnalistin həyatını itirməsinə baiskar olmuşdu. Bəli, baiskar. O zamanlar çox cəhd olundu ki, bu işdə Cavidin təqsirsizlik prezumpsiyasi əsasında cəmiyyət qarşısında bəraətinə nail olunsun və qismən də buna nail olundu, lakin zaman, gedişat göstərir ki, həbsdə uzun zamanını itirsə belə, dağıdıcı emosiyası davam edir.

Hə, Cavid, o hadisəni də nahaq xatırladıb, “gözə soxduq”, eləmi?

Özün səbəbkarsan. Neçənci dəfədir acıqlı tonda reaksiyaların diqqət çəkir.

“Şamaxı”nın turnir cədvəlinin sonuncu pilləsində olmasının baiskarı nəticəni qabardanlar deyil, bu dəqiqdir. Səbəbi belə şeylərdə axtarsanız, quyu daha dərin qazılacaq.

Deyirsən, yerliləri fikirləşiriksə, hər dəfə nəticəni gözə soxmağa dəyməz. Məgər dövlətdən sizinlə eyni büdcə dotasiyasını alan “Turan Tovuz” yerliləri fikirləşmir, futbolçu yetişdirmir, yaxud böhrandan çıxmaqda olan “Kəpəz”, ya “Qəbələ”? Bu işlə bircə siz məşğulsunuz, yoxsa bununla məşğul olduğunuz üçün xüsusi imtiyazlar tanınmalıdır komandanıza?

Yox, ifadə etmək istədiyin, “sonuncu yerdə olmağımızın üzərinə belə çox getməyin, komanda gənclərdən təşkil olunub, bu məsələlər psixoloji cəhətdən pis təsir edir” – kimi fikirlər olsaydı, daha tutarlı, məzmunlu olardı. Yoxsa “gözə soxmaq...”, nə bilim nə...

Yerli futbolçulardan ibarət komanda qurmağınızı alqışlayırıq, ancaq bundan bəraət kimi istifadə etməyiniz, üstəlik bu məsələlərdə kobud reaksiyalarınız isə...

Sonuncu yerdə olan komanda müzakirə edilər, bundan aqressivləşmək nədir – həll yolu?

Kərim


oxunma sayı: 5058 | Paylaş:




?>