')

Bu gün:


FutbolPress.Az | Baqa(j) – 2

Baqa(j) – 2


oxunma sayı: 1872 Paylaş:

FutbolPressÖtən ilin payızında Ayxan Abbasovla yolları ayıran “Sumqayıt” baş məşqçi postuna Aleksey Baqanı gətirdi. Belaruslu mütəxəssis haqda CV-nə xitabən müsbət fikirlər daha çox qeyd edilirdi. Ancaq...

Turlar ötdükcə “Sumqayıt”ın nəticələri yaxşılaşmaqdansa, əvvəlkindən pis olurdu. Qış fasiləsində də gözəçarpan bir şey edilməyincə, klubun özünü “baqaja qoyduğu”nu obrazlı ifadə edən “Baqa(j)” sərlövhəli məqalə yazmışdıq. Klubun prezidenti Riad Rəfiyev tənqidə tolerant yanaşan biri olsa belə, məqalədəki qeydlərlə qəti razılaşmadığını bildirmişdi.

Ən çox da Abbasovun göndərilməsinin, yaxud getməsinə “şərait yaradılmasının” yanlış olması, bu məşqçinin komandanı Ayxandan yaxşı nəticəyə daşıya bilməyəcəyi barədə məqamları qəbul etmədiyini söyləmişdi. Rəfiyevin iddiası o idi ki, legioner transfer etmək imkanı olsa, “Sumqayıt”ın nəticələri xeyli yaxşılaşacaq.

Yay transfer dönəmində əcnəbi transfer etmək qadağası götürülən “Sumqayıt” rənglərinə müxtəlif xarici futbolçular qatsa da, yeni mövsümdə çıxdığı 5 oyunun yekunu:

Vurulan qol: 0
Buraxılan qol: 8

“Gənclik şəhəri” təmsilçisi 2 xalla turnir cədvəlində 7-ci yerdədir. O xalları da qolsuz heç-heçə nəticələnən oyunlarda qazanıblar.

Artıq əcnəbi transferi qadağası da yoxdur, büdcəylə bağlı şikayətlər də səslənməyib. Bəs “Ayxan out, Baqa in” qərarı niyə faydasını vermir?

Daha təcrübəsiz, birtəhər formalaşmış “Turan Tovuz”a öz meydanında bata bilməyən “Sumqayıt”ın Baqalı perspektivinin görünmədiyini qışdan bildirsək də, Rəfiyevin belaruslu lehinə inadı davam edir...

“Neftçi”yə qarşı “dişsiz” oyun, böyükhesablı məğlubiyyət fonunda da Abbasovu xatırlatmaq məntiqli olar. Onun vaxtında “ağ-qaralar”, az qala, “ortababa” bata bilmirdi...

“Sumqayıt”ın bərpa olunacağına ümid bir az da azalıb. Baqa son oyundan sonra mətbuat konfransına belə qatılmayıb. Hətta onun deyəcək sözü qalmayıb, Rəfiyev, nəyi gözləyirsiniz?

Elçin Cəlilov


oxunma sayı: 1872 | Paylaş:




?>