')

Bu gün:


FutbolPress.Az | Fit səsi; “islahat nəğməsi”

Fit səsi; “islahat nəğməsi”


oxunma sayı: 3112 Paylaş:

FutbolPressÖtən ay “AFFA-da islahatlar” nəğməsinin növbəti nəqarəti Hakimlər Komitəsinə həsr edilmişdi.  Avstriyalı Frits Ştuxlikin göndərilməsindən sonra türkiyəli Barış Şimşek komitənin sədri təyin olundu.

Mütəxəssislər bildirir ki, bu təyinat ənənəsi pis olmayan Azərbaycan hakimliyinin inkişafı üçün ciddi nəsə verənə oxşamır.

***

Şimşək bəy Türkiyədə VAR koordinatoru olub. Bir müddətdir ki, Azərbaycanda da bu işin tətbiqi istiqamətində kuratorluq edirdi.

Açığı, AFFA İcraiyyə Komitəsinin onlayn iclasında açıqlanan Şimşek yoldaşın təyinatı aydın səmada şimşək effekti vermədi...

AFFA-nın “hələislahatlasifətidəyişməmiş” forması istəyirdi ki, komitə sədrliyindən göndərilən əcnəbinin əvəzinə yenə əcnəbi gəlsin. Daha doğrusu, İtaliyadan, bir az da Almaniyadan gətirmə niyyətlərinin olması haqda məlumatlar mövcud idi. Lakin o versiya(lar) alınmayınca, inşallah ki, ölkəmizdə VAR-ın tətbiqinə başlanması səbəbindən bu işi qura biləcək birinə ehtiyac var idi və  bu şərt altında Şimşək bəyə müraciət olundu.

Əvvəlcə, “Kimdir Barış Şimşek” sualına məxsusi cavab verək, sonra keçərik, “Necə oldu ki, belə oldu” sualına. 

Şimşek haqda dosye cazibəli görünür. Böyük ölkələr, samballı oyunlar... Lakin iştirak etdiyi yüksək səviyyəli matçlarda  əsasən 4-cü hakim qismində təmsil olunub. Hakimlikdə buna “turist” deyirlər... 

Top-10 siyahısında olmayan bir addır və Fatih Terimin xüsusilə ona xitabən sərt açıqlamaları çox olub. Türkiyəli həmkarlarımızla söhbətimizdə aydın oldu ki, Şimşek bəyi idarəçi, lider xarakterli biri saymaq çətin məsələdir, indiyədək reputasiyasında liderlik keyfiyyətlərinə xas nələrəsə rast gəlinməyib. Görünür, son vaxtlar AFFA kuluarlarında mövqe savaşının doğurduğu ani gedişlərdən biri də bu oldu...

***

Şimşek hələ də ictimaiyyətə geniş açıqlama verməyib. Azərbaycanda hakimliyin vəziyyəti, gələcəyi barədə fikir və planlarıyla tanış deyilik. Bu kimi açıq qalan sualların yanına bir də əlavə etmək olar: görəsən niyə bir azərbaycanlı bu posta təyin olunmadı və ya iddiasını ortaya qoymadı...

Həqiqətən, bu haqda hansısa müzakirəyə, xırda qeydə belə rast kəlmədik. Müdriklər buyurub ki, müzakirənin olmadığı yerdə fikir yetişməz, ideya yaranmaz. Bu səbəbdən bəhs olunan susqunluğu pis əlamət hesab etməkdə haqlı olarıq.

***

Səhih olmayan məlumatlara görə, kəmitə sədrliyinə yerli namizəd olub, hətta bu istiqamətdə passiv aktivlik də...

AFFA ən əvvəl Tahir Süleymanova təklif edib, lakin keçmiş FIFA referisi növbəti dəfə bundan imtina edib. Görünür, Süleymanov “Neftçi”nin rəhbər postlarından birində Avropa səviyyəli nəticədən sonra klub sektorundan hakimliyə dönmək fikrində deyil, ya da assosiasiya ilə bu barədə anlaşma əldə olunmayıb. Bundan başqa, hazırda HK-da təmsil olunan eks-hakimlər arasında Vüsal Əliyev, Anar Salmanov və Babək Quliyev kimi keçmiş FIFA dərəcəli referilərin də komitəyə rəhbərlik etmək iddiasının olması barədə xəbərlər var. Rəvayətə görə... adı əkilən üç nəfər Vüsal Əliyevin namizədliyi ətrafında birləşibmişlər. Yəni Əliyev komitə sədri olsa, onlar əks çıxmayacaqmışlar. Hətta Əliyevin sədr təyinatı barədə İK-dan vəd verən(lər)in olması da deyilir. Bəs komitə daxilində hakim-inspektorlarla işi kurasiya edən Əliyevin çoxdankı sakit komitə sədrliyi iddiası yenə niyə gerçəkləşməyib? Hardan bilək...

Ehtimal ki, səriştəsizlik, uzaqgörməzlik və s. Və ən əsası, sakit, susqun performansla kiminsə sədrliyə gəlməsi, idarəçi post tutması da arzluanan deyil. Əliyevin sonuncu dəfə haçan ictimaiyyətlə kəlmə kəsdiyini xatırlamaq  olmur. Eləcə də digərləri – olanlardan, keçənlərdən danışmaq, münasibət/fikir bildirmək tənbəlliyi müşahidə edilir. Belə olmaz...

Bütün bu olmuş-keçmiş və əhəmiyyəti yox səviyyəsində olan məqamları qeyd etməyimizin əbəs olmadığını bildirməkçün arqument budur ki, son illər Azərbaycan hakimliyi inkişaf etmir, bu sahəyə əvvəlkitək diqqət ayrılmır, sərhədləri aşacaq yeni adlar çıxmır. “İslahat nəğməsi” isə davam edir...

Elçin Cəlilov


oxunma sayı: 3112 | Paylaş:




?>