Fariz Yusifov niyə təyinat almır?
Paylaş:
Qış fasiləsindən sonra Topaz Premyer Liqasında artıq 3 tur geridə qalıb. Geridə qalan turlarda beynəlxalq dərəcəli referi Fariz Yusifovun heç bir matça təyinat almaması diqqət çəkir. O, nəinki əsas, heç dördüncü hakim kimi də oyunlara göndərilmir.
İlk baxışdan bunu normal qarşılamaq olar. Çünki Yusifov hakimlərin Antalyadakı qış toplanışında iştirak etməyib. Ancaq əslində belə sadə olmadığı dəqiqdi.
Məsələ burasındadı ki, Fariz Yusifov keçən il də qış toplanışında iştirak etməmişdi. Bununla belə, təcrübəli referi həmin zaman yalnız III dövrənin ilk turunu buraxıb, ardınca “Qəbələ” – “Neftçi” kimi vacib oyuna təyinat alıb. Bundan sonra da Yusifov vaxtaşırı Premyer Liqa oyunlarında idarəçilik edib.
Belədə, toplanışda iştirakın Hakimlər Komitəsi üçün əsas meyar olmadığı aydınlaşır. Bəs səbəb nə ola bilər? Sualla bağlı HK-dan açıqlama verilsəydi, daha dolğun məlumat təqdim edərdik, ancaq bu alınmadı.
Məlumata görə, Yusifov artıq karyerasının sonlarını yaşayır. Yaşını da nəzərə aldıqda, hətta bunun onun üçün son mövsüm olduğu deyilir.
Son 4-5 ildə yaşlı nəslin nümayəndələri təbii və ya qeyri-təbii formada bu sahədən getdi/uzaqlaşdırıldı. Onlardan bir Yusifov qalmışdı. Görünür “Sonuncu Mogikan” da yol üstündədi. Artıq oyunlara təyinat almaması da bununla bağlıdı.
| Paylaş: