"Oyundan həzz aldım" - Qurban Qurbanov
Paylaş:
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Topaz Premyer Liqasının XVI turunda səfərdə “Səbail”ə minimal hesabla qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
O, əvvəlcə matç barədə fikirlərini bildirib:
“Futbolçularımı təbrik edirəm. Vacib üç xal qazandıq. Samir Əliyev yaxşı komanda formalaşdırıb, rəqib bizə çətinlik yarada bildi. Çox nadir hallarda bu cür tempdə oyun izləyirik”.
- Bir həftə öncə “Qəbələ” ilə qarşılaşdınız, indi isə “Səbail”lə. O matçla bu oyun arasında hansı fərqlər var?
- Hər oyunun öz özəllikləri var. “Qəbələ” ilə matçda fərqli gərginlik vardı, indi fərqli idi. “Qəbələ” ilə oyunda narahat idik. Düşünürdük ki, istədiklərimiz alınmaya bilər. Bu gün isə fərqli oyun oldu. Düzü, oyundan həzz aldım, yaxşı mübarizə getdi.
- Miçeli zədələndiyi üçün əvəzlədiniz. Onun durumu necədir?
- Oyunun gedişində ağrıları çoxladı. Meydanda sərt oyun gedirdi. Hiss olunurdu ki, kimsə zədə alacaq. Durumuna gəlincə, hələ vəziyyətinin necə olduğunu bilmirik. Ümid edirik ki, növbəti oyunumuza tam hazır olacaq.
- Kubokun finalı mayın 28-də keçiriləcək. Bundan sonra isə millinin oyunu var. Ümumiyyətlə, PFL prezidenti Ramin Musayevlə görüşdə təqvim haqda müzakirə apardınız?
- Belə deyək, bizim aramızda kubokun müzakirəsi olmadı. Kubokun vaxtına, harda keçirilməsinə müdaxilə etmədim. Mən ancaq mart ayındakı proqramımızla bağlı məlumat verdim. Çalışdıq ki, mart ayındakı təqvim dəyişdirilsin. Həmin vaxt keçirəcəyimiz oyunları 1-2 gün önə çəkəcəyik. Digər oyunlar isə olduğu kimi qalacaq.
| Paylaş: