')

Bu gün:


FutbolPress.Az | Kamran Quliyevin maraqlı “siftə”si (KİÇİK QEYD)

Kamran Quliyevin maraqlı “siftə”si (KİÇİK QEYD)


oxunma sayı: 1130 Paylaş:

FutbolPress“Neftçi”yə kənardan heç kim nəinki baş məşqçi, heç sıravi işçi də təyin edə bilməz. Klubun öz rəhbərliyi var! “Neftçi”nin prezidenti olaraq baş məşqçimizin və futbolçularımızın arxasındayam. Bu komandanın baş məşqçisinə kimsə nəinki cəza, heç tapşırıq da verə bilməz!”

Bu fikirləri Qol.az saytına açıqlamasında “Neftçi”nin yeni prezidenti Kamran Quliyev deyib. O, Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevin adıçəkilən sayta öz təşəbbüsü ilə Bakı klubuna baş məşqçi gətirdiyi Tərlan Əhmədovla aralarındakı incik münasibət, onu cəzalandırması haqda danışarkən səsləndirdiyi fikirlərə cavab olaraq bunları bildirib.

İndiyə qədər də mətbuatda bir neçə dəfə Ramin Musayevin oxşar çıxışları olmuşdu. Hər dəfə Əhmədovdan incidiyini deyən qurum rəhbəri, davranışı ilə onu cəzalandırdığını söyləyirdi. Qarşı tərəfdən isə Tərlan bəy açıqlamalarında Musayevin bir böyük qardaş kimi onu cəzalandırmağa haqqının olduğunu söyləyirdi.

Yarışı keçirən qurum rəhbəri ilə bir komandanın baş məşqçisinin belə çıxışları hər nə qədər xoş olmasa da, daha arzuolunmaz hal “Neftçi” rəhbərliyinin bu məsələdə tamamilə “ofsayd”da olması ilə bağlı idi. Sanki yaranan söz-söhbətlər heç komandanın baş məşqçisi haqda deyildi.

Yeni prezident Kamran Quliyevin bir qədər əvvəlki açıqlaması isə xeyli xoşagələndi. Postuna dünən təyin olunan Quliyev ilk gündən yumruğunu masaya vurdu. O, bununla hər şeyi öz nəzarəti altında saxlayacağını və kənardan heç bir təsirə imkan verməyəcəyini bildirir. Son illərdə “Neftçi” rəhbərliyində təmsil olunan hansısa funksionerin belə qətiyyətli açıqlamasını xatırlamaq çətindi. Quliyevin “siftə”si maraqlı alındı.

“FutbolPress”


oxunma sayı: 1130 | Paylaş:




?>