')

Bu gün:


FutbolPress.Az | Gizlənən Lippert, üstündən xətt çəkilən Kökçü

Gizlənən Lippert, üstündən xətt çəkilən Kökçü


oxunma sayı: 432 Paylaş:

FutbolPressSusmaq razılıq əlamətidi. Cavab vermirsənsə, deməli, yazılanla/deyilənlə razısan, deyəcək sözün yoxdu.

Bəzən susmaqla hansısa müzakirənin davam etməsində, olayın böyüməsində maraqlı olmadığını göstərirsən. Sakitcə bir küncə qısılıb, hər şeyin yaddan çıxamasını, təhlükənin sovuşmasını istəyirsən.

Bernard Lippert də bu yolu tutub. Yəqin günahkar olduğu üçün ittihamlara cavab vermək istəmir. AFFA-da isti otağında, yumşaq kreslosunda əyləşib, çöldəki çovğunun səngiməsini, günəşin doğmasını gözləyir.

***

U-21 yığmamıza dəvət olunan Ozan Can Kökcü son günlərin populyar simasıdı. Millimizdə oynamağa razılıq verən, sonradan imtina edən və növbəti dəfə geri addım atan futbolçu hələlik siçan-pişik oynayır. Yığmanın hazırda davam edən toplanışına da qatılmayıb – səbəb yeni klubunun onu buraxmamasıdı.

Bu gedişlə Ozan Can bir də heç milliyə şağırılmayacaq. Oğlunun yaxşılığını istəyən, hər fürsətdə onun reklamı ilə məşğul olan Halis Kökcü son müsahibəsi ilə körpüləri yandırıb.

Ata Kökçü “Futbolinfo”ya müsahibəsində bunları demişdi:
* Uğursuzluqların səbəbinin Ozan Canın üzərinə atılması ilə o, belə qərar verdi.  AFFA-da aşağı yaş qruplarından ibarət millilərlə işləyən, idman direktoru Bernard Lippert günahı Yaşar Vahabzadədə və Ozan Canda gördü. Amma lazımsız qollar buraxan Mustafa Özhitay, müdafiədə kobud səhvlər edən Onur Albayrak kimi oyunçular heyətdə qaldı. Səbəb isə onların Lippertin futbolçuları olması idi. Günah keçisi Ozan Can və Yaşar müəllim oldu. Onun Azərbaycanı çox sevməsinə baxmayaraq, haqqında təhqirlər yazıldı. Qəribədir ki, o vaxtkı yönətim də Ozan Cana dəstək olmadı, arxasında durmadı.
* Qurban Qurbanovun və Rəşad Sadıqovun milli komandada olması Ozanın ora qayıtmasına səbəb oldu. Çünki onların yanında Lippert söz sahibi olmayacaq. İndi qərarı məşqçilər verəcəyi üçün razılaşdıq.
* Ozan Can AFFA-dan yol xərcləri xaric 1 manat da pul almadı. Bizə təklif də edilmədi, biz də istəmədik. Mən də eşitdim ki, Lippert bir çox oyunçulara, məsələn, Sərkan Baloğluna, pul verib, Azərbaycan millisinə gətirir. Amma biz onunla danışmadıq və Azərbaycanda əlaqə saxlayan da o deyildi.

Müsahibədəki bu sitatlardan sonra AFFA bir-birinə dəydi. Halis bəyə telefon açıldı, hesabat istəndi, o isə belə bir müsahibə vermədiyini deməklə iz azdırmağa çalışdı. Assosiasiya rəsmilərinin bizi qınamağa hazırlaşdığı zaman danışığı, yazışmanı ortaya çıxarmağımız söhbətlərə nöqtə qoydu. AFFA-dakılar əmin oldu ki, müsahibə qondarma deyil. Kökçü bizimlə bir cür, qurum rəsmiləri ilə fərqli danışsa da, fakt əlimizdə olduğundan özü çıxılmaz vəziyyətdə qaldı.

Xatırladaq ki, Halis bəylə müsahibəyə başlamamış dediklərinin hamısını yazacağımızı bildirmişdik və o, razılaşmışdı. Bu səbəbdən özümüzü günahkar bilmirik.

***

Bildiyimizə görə, Ozan Can artıq milli komandaya dəvət almayacaq. AFFA bu müsahibəyə görə onun üstündən birdəfəlik xətt çəkib. Lakin Rəşad Sadıqovun bu məsələyə reaksiyası olduqca maraqlıdı. U-21-in baş məşqçisinin onu israrla istədiyini bilirik. Kökçü milli komandaya məhz onun istəyi ilə qayıtmışdı.

İndi AFFA bu futbolçunun üstündən xətt çəkib, Sadıqovun qərarı isə naməlumdu. O, ya AFFA-dakılar kimi düşünüb, qalmaqlçı atanın oğlunu siyahıdan çıxaracaq, ya da futbolçunun istedadına güvənib, bütün tənqidlərə sinə gərəcək. Zamanla görəcəyik.

İndiki məqamda Lippertin ittihamlara cavab verməsi lazımdı. Biz ona tribuna vermək, özünü müdafiə etməsi üçün şans yaratmaq istədik. Lakin AFFA-nın mətbuat katibi Firuz Abdulla bildirdi ki, alman mütəxəssis ittihamlarla razılaşmır, lakin müsahibə vermək, danışmaq fikri də yoxdu.

Özü bilər, susursa, deməli, razılaşır, deyilənləri həqiqət kimi qəbul etməyimizə göz yumur. Axı, ayına 30 min avro maaş alıb, iş görməyən birinə mətbuata çəxmaq, müzakirələrin içinə atılmaq sərfəli deyil. Jurnalistlərə etibar yoxdu – bir də gördün Kökçünü unudub, 10 ildə ümumiyyətlə, nə iş görməsi ilə maraqlanarlar...

Mənbə: "Futbolinfo"


oxunma sayı: 432 | Paylaş:




?>