')

Bu gün:


FutbolPress.Az | Bəhmən Həsənova rəhmət oxudan adam (YAZI)

Bəhmən Həsənova rəhmət oxudan adam (YAZI)


oxunma sayı: 1010 Paylaş:

FutbolPressMOİK-də yenə baş məşqçi dəyişikliyi. Aqil Məmmədovun istefasından boşalan posta Ramil Əliyev təyin olunub. Bu, I Divizionda mövsüm başlayandan “hərbçilər”də üçüncü belə dəyişiklikdi.

Komanda çempionata elə məhz Əliyevlə başlamışdı. Ancaq çox keçmədi ki, rəhbərliklə problemlərinə görə o, işindən uzaqlaşdı.  Ramil bəyin əvəzinə komandanı bir neçə oyuna Vadar Nuriyev çıxardı. Ondan sonra Aqil Məmmədov baş məşqçi təyin edildi. Sanki hər şey yoluna düşmüş və Məmmədov işində möhkəmlənmişdi. Ancaq qısa müddət əvvəl o da komandadan istefa verdi – üz tutdu “Sumqayıt”a.

Dünən isə gözlənilən təyinat reallaşdı. Ramil Əliyev yenidən MOİK-in “sükanı arxası”ndadı. Deyilənə görə, 10-cu dəfə bu işə qayıdıb. Dəqiq bilmirik. Yəqin elə Əliyevin özü də sayı unudub.

Xatırlayırsızsa, bir vaxtlar ölkə futbolunda “Rəvan” – Bəhmən Həsənov fenomeni formalaşmışdı. Həsənov hara gedir-gəlir, “Rəvan” kimi gətirir-göndərirdisə, yenə əvvəl-axır bu ikili bir araya gəlirdi. Proses daha çox yüksək liqada, hamının gözü qarşısında baş tuturdu deyə diqqət çəkirdi və tezliklə az qala lətifə mahiyyəti qazandı.

Ramil Əliyev və MOİK-in bağlılığı da eyni mahiyyətdədi. Ancaq bu, gözdən uzaq, könüldən iraqdı, həmin reaksiyanı görmür. Əslində isə Əliyev artıq Həsənova rəhmət oxudub. Yeri gəlmişkən, Ramil Əliyevin də "Rəvan" təcrübəsi var, Bəhmən Həsənov məktəbi görüb. Bəlkə elə buna görədi. Yoxsa 10 dəfə eyni yerdən istefa verib qayıtmaq olar? Bu nə travmadı belə?

Hərbi xidmətdə olanlar yaxşı bilər, nə qədər ağır olsa da, bezsən də, qayıdandan sonra, mülki həyatda əsgərlikçün darıxdığın vaxtlar olur. Fikirləşirsən ki, gedib 5-10 gün yenidən xidmət eləmək heç də pis olmazdı. Sanki, Ramil Əliyevdə də eyni psixologiyadı. Təsadüfdən, ya niyəsə tale elə gətirib ki, bu klub da hərbiylə bağlıdı. Əliyev arada darıxanda baş çəkir, 1 ay, 3 ay klub rəhbərliyində, baş məşqçi postunda həvəsini öldürür, sonra qayıdır normal yaşayışına.

Onun məşqçi bacarığı haqda danışmağımız düz olmazdı. Bələd deyilik. Ancaq bəlkə də, MOİK-də özünü təsdiqləməkdənsə, başını qaldırıb ətrafa baxsa, həyatda yerini tapmağa vaxt ayırsaydı, başqa sahədə özünü doğrultmuşdu indiyə...

Bir az da MOİK haqda... Mövsümdən öncə komandanın Divizionda çempionluğa oynayacağı deyilir, heyət gücləndirilirdi. Bildiyimizə görə, nazirlikdən kluba yaxşı maliyyə ayrılmışdı. Plan belə olub ki, Milli Ordunun yaradılmasının 100 illiyi ilə bağlı komanda Premyer Liqada təmsil olunsun.

Nəticələr isə gözlənilən qədər ürəkaçan olmadı. Komanda hazırda aşağı dəstədə 3-cüdü və indiki şərtlərə görə elita xeyli uzaq görünür. Belədə yəqin ki, uğursuzluğu ört-basdır etmək üçün ən yaxşı variant baş məşqçiləri dəyişdirmək sayılardı.

Di gəl ki, mövsümün əvvəlində problemlərlə ayrılan birini qaytarmaq niyə? Bu hansı taktikadı? Hələ eyni proses daha əvvəl dəfələrlə təkrarlanıbsa...

Bütün aspektlərdən, baxış bucaqlarından və s. MOİK – Ramil Əliyev bağlılığı nədisə tamam başqa söhbətdi. İzaholunmazçılıq.

"FutbolPress"


oxunma sayı: 1010 | Paylaş:




?>