')

Bu gün:


FutbolPress.Az | AİJA? İlin ən yaxşılarını seçmək?! (QEYD)

AİJA? İlin ən yaxşılarını seçmək?! (QEYD)


oxunma sayı: 780 Paylaş:

FutbolPressAzərbaycan İdman Jurnalistləri Assosiasiyası - AİJA adlanan bir qurum var. Rəhbəri də Eldar İsmayılovdur. "Google"da axtarış verdik. AİJA haqda xəbərlərdə məlum oldu ki, qurum 1995-ci ildə elə Eldar bəy tərəfindən yaradılıb (Demokratiyanın təntənəsi: hələ də sədr özüdür) və 1997-dən analoji qurumun beynəlxalq variantı olan AİPS-də üzvdür.

Qurumun yaranma tarixini bildik. Bəs məqsədi?

Məqsəd hər nədirsə, bunun müstəqil idman mediasına isti-soyuğu yoxdur. Qurumun əsasnaməsi ilə tanış olmaqçün rəsmi saytını axtardıq. Həvəskar, təxminən, heç bir xərc çəkilmədən adi şablon üzərində qurulmuş bir şeyə sayt adı verilib, içində də bir neçə fotodan başqa heç nə yox. Daha sonra müasir innovasiyalar əsri olduğunu nəzərə alıb, AİJA-nın "feysbuk" səhifəsinə baş vurduq. Orda da əsasnaməyə rast gəlmədik. Qalırdı bir variant: Eldar bəyin özünü axtarıb, istəmək. Buna da ehtiyac yoxdur. Bu, şəxsi məsələ deyil ki, şəxsən istəyək.

Sonra nə qaldı?

AİJA-nın ilboyu adı yalnız ilsonunda çəkilir. O da ilin ən yaxşılarını seçməklə. Mərəkə də burdan başlayır, yaxud elə burda bitir.

İlin idman nəşri, idman yazarı, idmançısı, məşqçisi, komandası və s. nominasiyalarda seçimlərini açıqlayan qurumun bunu hansı kriteriyalar əsasında apardığını bilmirik. Guya seçimləri mütəxəssislər edir. Hansı mütəxəssislər? Adları niyə gizli saxlansın ki? Nə məcburdur?

Hətta qaliblərə nə hansısa nişan, nə də aidiyyatı sənəd verilir. Sadəcə, bir protokol qeydində adlar yazılır və KİV-lərin elektron poçtuna göndərilir ki, bunu AİJA-nın seçimi/fəaliyyəti kimi dərc eləyin. Həmkarlardan biri inişil AİJA tərəfindən  ilin ən yaxşı idman yazarı seçilmişdi. Təbrik edirdik, dedi ki, mən kimə sübut edim ki, ilin yazarı seçilmişəm - nə bir diplom, nə bir kağız parçası var; eləcə quru ad...

Son illər qurum ümumiyyətlə, ildə bir dəfə, seçimləriylə gündəmə gəlir. Yalnız mərhum idman yazarı Aqşin Kazımzadənin 80 illik yubileyinə aid dəyirmi masa formatlı tədbir keçirilib. Onda da yalnız bir neçə fotodan ibarət paylaşımla kifayətləniblər, müstəqil idman KİV-i tədbirə dəvət edilməyib. Qismət olar, Eldar bəyin özüylə müsahibə edərik, öyrənərik bu qurum niyə var, nə üçün var və s. Ancaq yarandığı ildən bu yana nəinki loqotipini, heç sədrini belə dəyişməyən, olduğu kimi qalan bir qurumun hərşeyşünası olan adıçəkilən bəylə müsahibə sizinçün nə qədər vacib olar, oxucu üçün nə dərəcədə maraqlıdır - tərəddüd içindəyik.

AİJA hələ bir dəfə də idman mətbuatında hansısa prosesə qoşulmayıb, müdaxilə etməyib. İctimai-siyasi nəşrlərdə idman o qədər işıqlandırılmır. Qurum olaraq bu 22 ildə bircə dəfə də olsun bu istiqamətdə hansısa təşəbbüs göstəriblərmi?

TV-lərdə idmanın təbliği, təhlili, zəif işıqlandırılan növlərin diqqətdə saxlanması - varmı bu istiqamətdə hansısa iş? Əlbəttə ki, yox.

Spesifik sahə olan idman jurnalistikasına yeni qədəm qoyanların inkişafı üçün  seminarların təşkilini də görməmişik. İlboyu müxtəlif mənfi və müsət hadisələr olur, bunların da heç birində AİJA-nın reaksiyasına rast gəlmirik.

AİJA-nın əbədi sədri Eldar bəyin indiyədək hansı məqalələr yazdığı, harda çap olunduğunu da bilmirik. Hər hansı idman tədbirində görünmür. Hələ hansısa müəllif yazısı, yaxud müsahibəsi və yaxud da TV çıxışıyla kiməsə, yainki nəyəsə yol göstərdiyinin də şahidi olmamışıq.

Bəs  AİJA nəmənə bir şeydir ki, ilin ən yaxşılarını seçir? Və ən əsası, niyə bu seçimə ciddi yanaşırıq?

İnanırıq ki, biz haçansa bu qurum tərəfindən ilin nəyisə seçilsək, imtina edərik və bunu illər əvvəldən açıq bəyan eləmişik. İdman ictimaiyyətini, xüsusən, idman KİV-ni də bu məqamda diqqətli olmağa səsləyirik.

Heç bir funksionallığı olmayan əndirabadi seçimi sizi niyə sevindirsin ki? Niyə bunu bəyan edəsiniz ki? 

Müstəqil idman mediası çox çətinliklər bahasına fəaliyyətini davam etdirir. Bəs AİJA bu istiqamətdə bir qramlıq da olsa, iş görüb? Məsələn, avqustda Tbilisidə boulinq üzrə media turniri keçirilib. AİJA ora Azərbaycan idman mediası adından qatılıb. Ora aparılanlar hansı əsasla aparılır, seçimin prinsipləri nədir - naməlumdur. Ümumiyyətlə, başqa turnirlərə ezamiyyətdə də AİJA-nın ölkə adından iştirakı qaranlıq qalır. Ora gedənlər kimlərdir? İdman mətbuatına nə aidiyyatı var? 

Bundan əvvəlki illərdə AİJA ünvanına müxtəlif tənqidlər yazılıb, səsləndirilib. Ancaq qurum bütün hallarda özünü haqlı sayır və heç bir hərəkətlilik görünmür. İnanırıq ki, Eldar bəyi daha soyuqda və ya istidə idman arenalarında görəcəyik, vacib tədbirlərdə iştirak etdiyinin, məqalələləriylə proseslərə PRESS göstərdiyinin şahidi olacağıq. Hələ də...


oxunma sayı: 780 | Paylaş:




?>