')

Bu gün:


FutbolPress.Az | Xaqani Məmmədov: “Həmin oyunlarda hakimlərin çatışmazlıqları aydın görünəcək” (MÜSAHİBƏ)

Xaqani Məmmədov: “Həmin oyunlarda hakimlərin çatışmazlıqları aydın görünəcək” (MÜSAHİBƏ)


oxunma sayı: 1031 Paylaş:

FutbolPressAFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovun “FutbolPress”ə müsahibəsi...

- Ölkə futbolunda mövsümün birinci hissəsi geridə qaldı. Komitə sədri kimi hakimlərinizin işini necə qiymətləndirirsiz?
- Normal qiymətləndirirəm. Problemlər təbii ki, var. 2-3 oyunda hakimlər nəticəyə təsir edən səhvə yol verdilər. İndi mənim dəqiq yadımda deyil ki, hansı matçlar idi onlar, amma mövsüm üçün ümumi statistika var. Kimin harda səhvə yol verdiyini bilirik. Bəzi oyunlar oldu ki, hakim qərarları ciddi rezonans doğurdu, “CBC Sport”un çəkdiklərindən səhv olduğu görünür. Ancaq PFL-in kameraları tam fərqli şeylər göstərir. Biz onları təqdim eləməyə hazırıq. Bununla belə, mövsümün birinci hissəsində problemlər olduğunu inkar etmirik. Bunsuz mümkün də deyil. Səhv həmişə olacaq. Heç bir hakim 90 dəqiqəni ideal idarə edə bilməz. Mütəxəssislər də belə hesab edirlər ki, oyunboyu 6-7 xırda səhv qəbulolunandı.

- Bu fasilədə hakimlər nə işlə məşğuldular? Onlar da istirahətdədi?
- Xeyr, belə bir istirahət yoxdu. Hakimlərimiz həftədə iki dəfə fiziki hazırlıq üzrə məşqləri davam etdirirlər. Bu, onların formasını itirməməsi üçün nəzərdə tutulub. Bir də ki, əksər hakimlərə yeni başlayan Region Liqası oyunlarına təyinat veririk. Bu da oyun praktikası, formadan düşməmələri üçün vacibdi.

- Oyun idarəçiliyi Premyer Liqa hakimlərinə də aiddi?
- Hamısına. Çalışırıq ki, hərəsi azı bir oyun idarə etsin.

- Ölkə xaricində qış toplanışı planlaşdırılırdı. Detalları bəllidimi?
- Bəli. Yanvarın 20-də Antalyada toplanışımız başlayacaq. Ona qədər də hakimlərimizin fiziki hazırlığının qorunması üçün çalışmalarımız davam edəcək. Antalya toplanışını 14 günlük fikirləşmişik. Yanvarın 20-dən fevralın 3-dək orda olacağıq. Hələlik kimlərin gedəcəyi müəyyənləşməyib. Yəqin ki, yaxın zamanda siyahını dəqiqləşdirəcəyik.

- Toplanışda neçə hakim iştirak edəcək?
- 30 nəfər aparacağıq. Bunlardan 14-ü baş hakim olacaq, 16 nəfər yan xətt.

- Hazırlığın ilkin kontorları müəyyənləşdirilib?
- Təlim-məşq toplanışını şərti olaraq iki hissəyə bölmək fikrindəyik. İlk mərhələdə mövsümün birinci hissəsində qeydə alınan pozitiv məqamları, eyni zamanda yanlış qərarları müzakirə edəcəyik. Yəni bu, daha çox nəzəri hissə olacaq. Bundan başqa hər gün fiziki məşqlər təşkil olunacaq.

- Bəs praktiki hissə?
- Təşkilatçılarla danışmışıq. Orda təxminən 70-80 oyunun idarə edilməsi nəzərdə tutulub. Budəfəki hazırlıq müddətimizin üstün tərəfi ondadı ki, hakimlər daha güclü komandaların oyunlarını idarə edəcəklər. Həmişə çempionat fevralın ilk günləri başlayırdı deyə biz də toplanışa yanvarın 10-da gedirdik. Bu dəfə isə mövsümün ikinci yarısına bir az gec – fevralın 10-da start veriləcək. Belədə toplanışı ayın 20-də başlamağı qərara aldıq. Bu, bizə imkan verəcək ki, hakimlərimiz daha güclü komandaların oyunlarını idarə etsinlər. Çünki əksər yüksək səviyyəli çempionatların təmsilçiləri məhz həmin zaman Antalyada olurlar.

- Adətən təlim-məşq toplanışlarına xarici ölkələrdən tanınmış metodistlər dəvət olunurdu. Bu dəfə planınızda kimisə çağırmaq var?
- Bu dəfə kimə müraciət etdiksə, baş tutmadı. Çünki onlar öz ölkələrinin hakimləri ilə məşğul olurlar və proqramları bizimkiylə üst-üstə düşür. Ancaq yenə də 1-2 nəfərlə danışıq aparırıq. Alınsa 4-5 günlük kimisə çağırmaq istəyirik.

- Alınmasa?
- Alınmasa, özümüz keçəcəyik hazırlığı. Futbol oyun qaydaları dünyanın hər yerində eynidi. Sadəcə, hərənin öz baxışı, öz izahetmə metodikası var. Bu baxımdan xarici mütəxəssislərin faydalı ola biləcəyini düşünürük. Bir ağıl üstündüsə, ikisi ondan da üstündü. Əgər alınmırsa, bu işləri özümüz görəcəyik. Futbol qaydaları, oyunların təhlili, orda idarə ediləcək matçların analizi, fiziki hazırlıq – hər birini öz mütəxəssislərimiz keçəcək.

- Mövsümün birinci yarısındakı çatışmazlıqları nəzərə aldıqda, sizcə, toplanış zamanı hakimlər daha çox hansı çatışmazlıqlar üzərində işləməlidilər, nəyə yüklənmək lazımdı?
- Fiziki hazırlıqları ilə bağlı heç bir narazılığım yoxdu. Problem oyun sayındadı. Məncə, daha çox matç idarə etmək onların təcrübəsini artıracaq. Premyer Liqada cəmi 8 komanda var, bu da hakimlərimizin çox təyinat almasına, daim iş başında olmasına imkan vermir. Antalyada isə hər hakim 4-5 oyun idarə edəcək. Bu, xüsusilə gənclərimiz üçün yaxşı təcrübə olacaq. Üstəlik səviyyə fərqi də var. “Dinamo”, “Zenit”, yaxud Ukrayna və digər ölkələrin komandalarının oyunu idarə etmək tamamilə fərqlidi. Etiraf edək ki, bizim çempionatdakı komandaların səviyyəsi o qədər deyil. Həmin oyunlarda isə hakimlərin çatışmazlıqları daha aydın görünəcək. Biz biləcəyik ki, kimin problemi nədədi. Bu oyunların hər biri videoyazıya köçürüləcək və günün sonunda müzakirə ediləcək. Biz hər epizoda baxacağıq. Əsas məsələlərdən biri  qaydalara necə riayət olunmasıdı. Bəzən eyni epizodda hakimlər fərqli qərar qəbul edirlər: biri əllə oyun qeydə alır, o biri almır, bəzisi penalti təyin edir, başqası etmir. Belə olmamalı, bər epizoda eyni yanaşılmalı, qaydalar birmənalı başa düşülməlidi. Bu cür metodiki problemlər var. Daha çox onların üzərində işləyəcəyik.

- FIFA referilərinin mövsümün ikinci hissəsi üçün siyahısı açıqlanıb. Azərbaycanlı FIFA hakimlərinin sayının artırılacağı ilə bağlı söz-söhbət olsa da, dəyişiklik baş verməyib. Əliyar Ağayev də əvvəlki kimi birinci kateqoriyadadı...
- Gördüm, yenə yazmışdılar ki, Xaqani Məmmədov camaatı aldatdı. Belə söhbətlər ya məlumatsızlıqdan qaynaqlanır, ya da qərəzdən. Mən başqa səbəb tapa bilmirəm. İndi məsələni izah edim. Məndə bununla bağlı konkret sənəd var. Hansı ki, bütün federasiyalara göndəriblər. İstəyən olsa, təqdim edə bilərəm. İki  gün əvvəl gələn həmin sənəddə qeyd olunur ki, əvvəlcədən məlumat verdiyimiz kimi, FIFA referiləri ilə bağlı siyahıda ciddi dəyişiklik ildə bir dəfə olacaq. Bu da hər ilin iyun ayında baş verəcək. Son açıqlanan siyahıda isə isveçli hakimin yaşla əlaqədar karyerasını bitirməsiylə bağlı dəyişiklik edilib. Onun yerinə başqası gətirilib. Bir də iki ingilis hakim əlavə olunub. Başqa heç bir ciddi dəyişiklik baş verməyib.

- Bəs iyunda FIFA referilərimizin sayının artırılması, Əliyar Ağayevin elit kateqoriyaya yüksəlməsi gözlənilirmi?
- Referilərin sayının artırılmasını gözləmirik. Bu baş verməyəcək. Bizdə 3 baş hakim, 6 laynsman FIFA dərəcəsi daşıyır. Kateqoriyalardakı dəyişiklik isə iyunda olacaq.

- Sayın artırılmaması necə izah edildi?
- Biz 4 nəfərin adını göndərmişdik, onlardan 3-nü təsdiqlədilər. Bununla bağlı UEFA-dakı kuratorumuzla əlaqə saxladım, o bildirdi ki, Azərbaycan üçün 3 yer nəzərdə tutulub. Əgər hakimlərinizdən kimsə elit qrupa yüksələ bilsə, o zaman yenisinin əlavə olunması mümkündü.

- Deməli, hər şey Əliyar Ağayevdən asılıdı...
- Əliyarın yüksəlməsinin hamımız üçün müsbət tərəfi olacaq. Bununla, əlavə bir yer də ala bilərik. Ancaq indidən nəsə demək istəmirəm. Sonra yenə deyəcəklər ki, Xaqani Məmmədov camaatı aldadır. Mən heç kimi aldatmıram. Əlimdə sənəd var, kim istəyirsə, gəlib baxa bilər.

Faiq Tahirov


oxunma sayı: 1031 | Paylaş:




?>