')

Bu gün:


FutbolPress.Az | “Qarabağ” necə tükəndi? (TƏHLİL)

“Qarabağ” necə tükəndi? (TƏHLİL)


oxunma sayı: 721 Paylaş:

FutbolPress“Qarabağ”ın ölkə kubokunun ¼ finalında “Sumqayıt”a uduzub (0:2), mübarizəni dayandırması əsl şok effekti yaratdı. İlk oyunda özü üçün arzuolunan rəqibə qalib gəlməyi bacaran Ağdam klubunun səfərdə belə aqibətlə üzləşəcəyini yalnız sensasiya həvəskarları ehtimal edərdilər. Nəticə olaraq, son 3 mövsümü “qızıl dubl”la başa vuran Qurban Qurbanovun komandası bu dəfə titulların birindən məhrum oldu.

Bu, necə baş verdi, niyə oldu? Axı “Qarabağ” azlıqda qaldığı, hesabda geri düşdüyü oyunlarda belə çox zaman nəticəni lehinə dəyişməyi bacarırdı. Təbii ki, “Sumqayıt”ın parlaq oyununa, matça düzgün yanaşmasına, tamamilə yerlilərdən ibarət komandanın əzmkarlığına və s. kölgə salmaq düzgün olmaz, ancaq nəticənin belə olması daha çox “Qarabağ”dakı problemlərlə bağlıdı.

Komanda artıq tükənib, əldən düşüb. Hələ “Sumqayıt”la ilk oyundan (2:1) sonrakı mətbuat konfransında  Qurban Qurbanov “Qarabağ”ın yorulduğunu, tükənməyə başladığını hiss etdiyini açıqlamışdı.

Baş məşqçinin sözləri əbəs deyildi. Mövsümün əvvəlindən olan ağır qrafik bir yana, “Qarabağ” son 20 gündə 7 (!) oyun keçirib - digər bütün klublardan 2 matç artıq. Komanda bu periodda 2-3, maksimum 4 günlük ara ilə “Zirə”, “Qaradağ Lökbatan”, “Neftçi”, “Roma”, “Səbail” və iki dəfə də “Sumqayıt”la üz-üzə gəldi. Qısası, qrafik sıx, rəqiblər də kifayət qədər “dişli” oldu. Yalnız “Qaradağ Lökbatan” və “Səbail” nisbətən asan görünə bilər. Ancaq ikinciylə oyun planlara daxil olmayan, 4-cü turdan təxirə salınan matç idi.

Əvvəlki illərdə avrokuboklar zamanı klublarımızın ölkədaxili yarışlardakı görüşlərinin təxirə salınması ənənəsi var idi və xüsusilə “Qarabağ” buna görə xeyli tənqid olunurdu. Bu dəfə “atlılar” yalnız bir oyunun vaxtının dəyişdirilməsini istədilər, ancaq tərslikdən o da sonradan daha sıx qrafikin yaranmasına səbəb oldu.

“Qarabağ” təkcə fiziki yox, həm də psixoloji cəhətdən yorulub, tükənib. 7 oyun 3 fərqli turnirdə keçirildi. Rəqiblərin səviyyəsindəki “kələkötürlülük”, hər oyunun mahiyyətcə özündən əvvəlkindən xeyli fərqlənməsi – bunları nəzərə aldıqda komandanı meydana maksimum hazırlayıb çıxarmaq olduqca ağır görünür. Üstəlik bu, istirahət dövrü ərəfəsində baş verirsə...

Qurbanov dünənki oyundan sonra məhz son məsələyə də toxunub. O, komandanı nə qədər motivasiya etməyə çalışsa da, futbolçuların düşüncəsində fasilənin olduğunu inkar etməyib. Bu, futbolçuların qeyri-peşəkarlığı olsa da, yəqin ki, təbii qarşılamaq lazımdı.

“Sumqayıt”ın “Qarabağ”ı kubokdan kənar qoyması rəqabətsiz mühitdə yüksək səviyyəli oyunçuların da köklənmə problemi yaşaması, get-gedə istənilən formadan uzaqlaşdığını göstərdi. Ağdam klubu obyektiv və subyektiv səbəblərdən bu görüşə (və ümumiyyətlə ölkədaxili oyunların əksəriyyətinə) bir neçə əsas oyunçusu olmadan çıxmışdı. Ancaq dünən meydanda olan “Qarabağ” da “Sumqayıt”ı məğlub etmək gücündə idi. Miçel, Qara, Pedro, Dani, Mahir, Gerye, Yakub ən yüksək şəkildə mübarizə aparsaydılar, çətin ki, “Sumqayıt” yarımfinala çıxa bilərdi.

Burda xüsusilə Jezniçakın imkanlarından aşağı səviyyədə çıxış etdiyini qeyd etmək lazımdı. Ümumiyyətlə, bu futbolçu sanki ölkədaxili oyunlara ciddi yanaşmır. Onun avrokubok və çempionat/kubok matçlarındakı performansı arasında fərq göylə yer, Polşa ilə Azərbaycan futbolu qədərdi...

Beləliklə, “Qarabağ”ın gözlənilməz uğursuzluğunun əsasında sıx qrafik, fiziki tükənmə, psixoloji məsələlər, oyunçuların özlərinə həddən artıq arxayın olması və s. dayandı. Bunun fəsadlarını aradan qaldırmaq üçün isə məşqçilər korpusunun xeyli vaxtı olacaq. Yaxşı haldı ki, bu, uzunmüddətli fasilə ərəfəsində baş verdi və düzəltmək üçün kifayət qədər imkan olacaq. Ancaq bədbəxtlikdən “qəza” uyğunsuz vaxta düşdü, bir oyun komandanı bir tituldan etdi...

"FutbolPress"


oxunma sayı: 721 | Paylaş:




?>