')

Bu gün:


FutbolPress.Az | Öz yerinin şəkli (QEYD)

Öz yerinin şəkli (QEYD)


oxunma sayı: 868 Paylaş:

FutbolPresshttp://futbolpress.az/v2/news-details/57821/ - bu, adi xəbərdi. AFFA-nın saytında qurumun fəaliyyət rejiminə aid sıradan bir xəbər. Hətta "FutbolPress" daxil, əksər saytlarda xəbər-xəttində yer alması da adi bir şeydir. Gün ərzində özəl materiallar daxil, bu cür, əhəmiyyəti yüksək, ya aşağı - fərqi yoxdur - xəbərlər olur.

Bəs bu haqda əlavə qeyd yazmaq niyə lazım oldu?

Məsələ bu xəbərin şəklindədir. Yəni xəbərin özündə ifadə elədiyi reallıq bir şəkildir və hesab edirəm ki, AFFA-nın baş katibi elə bu cür də olmalıdır. O, mühazirələr deməli, qurumun əhəmiyyətli qərarlarının icraediciliyinə nəzarət eləməlidir. AFFA-nın Media və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Firuz Abdulla da bu cür - mühazirələrdə, yeni layihələrin icrasında, mətbuatla kommunikasiyanın qurulmasında fəal iştirak eləməlidir.

Yoxsa, bundan əvvəl qurumun rəhbəri olmuş Mikayıl Nərimanoğlunu belə şəkildə görərdiniz? Onun məşqçilərə ictimaiyyətlə əlaqələr mövzusunda mühazirə dediyini görmüşdünüz? Yox. Çünki adamın mühazirə deməyə xarizması o qədər deyildi. Əlavə nələr çatışmırdı -  ucundan tutub, ucuzluğa getməyə gərək yox...

O, mətbuatla əlaqələndiricilikdən çox məmur tipajında idi. AFFA-nın, konkret Elxan Məmmədovun uğursuz, faydasız Müşahidə Şurası layihəsinin üzqaralarından biri kimi "Kəpəz"in MŞ üzvü ola-ola adı maxinasiyalarda hallandı, beləcə çıxdaş edildi.

İndi nə əməkdar jurnalist Mikayıl Nərimanoğlu var ortada, nə onun qoyduğu iz.

Nə də öz səlahiyyətlərini aşan, millinin formasından tutmuş, səfər məsələlərinədək - maxinasiya imperiyası qurub, mənimsəyən Elxan Məmmədov var.

Var, ancaq getdikcə olmayacaq. Çünki o dövran bitməkdədir. Onların heç kəsi saya almayan, mətbuata hörmətsiz, futbola isə acgöz yanaşması, öz dost-qardaşından başqa heç bir kadrı tanımamaq üzərində qurulan siyasəti ifşa edildi...

"Qarabağ" uğurlarıyla, parlaq nəticələriylə göstərdi ki, Azərbaycan futbolda luzer olmamalıdır. Bura sərf olunan pulların müqabilində bizə fantastik görünən nəticələr də qazanmaq olar. Yetər ki, doğru, dürüst çalışasan.

Böyür-başına dostunu-qohumunu deyil, peşəkar kadrları toplayasan. Büdcəni axmaq layihələrə deyil, ciddi proqramlara xərcləyəsən.

Düzələcək. O şəkil öz yerini tapacaq. Necə ki, bu gün tapdı.

Elçin Cəlilov


oxunma sayı: 868 | Paylaş:




?>