')

Bu gün:


FutbolPress.Az | İlin idman jurnalisti ilə müsahibə

İlin idman jurnalisti ilə müsahibə


oxunma sayı: 1051 Paylaş:

FutbolPress İdman Araşdırmalar Mərkəzi (İAM) neçənci ildir ki, idman mediası arasında soğru keçirib, qalibləri təltif edir. Bu dəfə "ilin idman jurnalisti" nominasiyasında qalib gələn Elnur Həmidovla söhbətləşdik. Görək, idman jurnalistlərinin seçdiyi  ilin ən yaxşı jurnalisti nələri necə düşünür. 


- Təbrik edirik. İdman jurnalistləri arasında sorğuda ilin idman jurnalisti seçildin.
- Təşəkkürlər.

- Nə qədər gözlənilən və ya gözlənilməz oldu?
- Düzü, mənim üçün gözlənilməz oldu. İdman mətbuatına gəldiyim ilk gündən bəri eyni tempdə çalışıram. Heç vaxt mükafat barədə düşünməmişdim. Sadəcə, işimi məsuliyyətlə yerinə yetirməyə çalışmışam. Həmkarlarımın seçimi mənim üçün nə qədər gözlənilməz olsa da, bir o qədər sevindirici oldu. Fürsətdən istifadə edib, mənə səs verənlərə təşəkkür edirəm.

- Haçandan idman mediasındasan? Ümumiyyətlə, bura necə gəldin, hardan gəldin - bu haqda...
- İdmana, xüsusilə futbola marağım bir çoxları kimi uşaq vaxtından yaranıb. Həmişə idman mətbuatında çalışmaq istəmişdim, ancaq müəyyən səbəblərdən alnmamışdı. Mətbuatda ilk iş yerim olan 1937.az saytından ayrılandan sonra bir müddət işsiz qaldım. Xarakterimdə boş dayanmaq olmadığına görə saytlardan birinə futbolla bağlı yazılar göndərirdim. Həmin saytda işləyən dostum Əziz Əlibəyli bir dəfə bu yazıları Komanda.az saytının redaktoru Natiq Muxtarlıya göstərdi. Həmin vaxt sayt yeni yaranmışdı, işçi axtarırdılar. Saytın baş redaktoru Rəşad Ergün məni Komanda.az-da işləməyə dəvət etdi. Qısa müddətdə işə alışmışdım. İllərlə öyrəndiklərim köməyimə çatdı. Bunda kollektivin hərtərəfli köməyinin də öz təsiri oldu. Həm Natiq Muxtarlı, həm də Rəşad Ergün idman mətbuatındakı ilk günlərimdən mənə həmişə dəstək olublar. Yuxarıda da vurğuladığım kimi, qısa müddətdə alışdım. Artıq bir neçə ay sonra mənə elə gəlirdi ki, illərdi idman mətbuatındayam.

- 3 ildən çoxdur, səhv eləmirəmsə, idman mediasındasan. Bu müddətdə daha çox reportyor profiliylə seçilmisən. Sakit Elnur təsiri bağışlasan da, demək olar, hər hadisədəsən və orda işləyirsən. Bu format özünün seçdiyidir, yoxsa işin xatirinə...
- Həm öz seçimimdir, həm də baş redaktorun. Belə deyim, əksər hallarda fikirlərimiz üst-üstə düşür. Əgər düşməsə belə, bu mənim işimdi, burdan maaş alıramsa, verilən tapşırıqları yerinə yetirməliyəm. İş zövqə baxmır. Ancaq xoşbəxtlikdən  gördüyüm iş zövqümcədi.

- Müəllif yazılarında daha çox xarici futbol mövzularına üstünlük verdiyini görmüşəm. Yaxud da layihə məqalələri. Çoxu araşdırma meyillidir, ancaq radikal ton, yaxud tənqidi motiv azlıq təşkil edir. 
- Arada bu tipdə yazılarım da olur. Ancaq fikrimcə, bu cür yazılar daxildən gəlməlidir. Belə bir söz var, "ürək  yanmasa, gözdən yaş çıxmaz". Eyni şeyi  bu cür yazılara da aid etmək olar. Əgər bu cür tipdə yazını yazmaq daxildən gəlmirsə, yazmağa ehtiyac yoxdu. Oxucu qeyri-səmimi yazını dərhal tanıyır. Məncə, yazı xatirinə yazmaq olmaz. Həmişə ölkə futbolunda olan problemlərə münasibət bildirrməyə çalışmışam. Ancaq sırf "hər şeyə münasibət bildirməliyəm, gündəmdə olan bütün məsələlər barədə yazmalıyam" kimi bir şakərim yoxdu.

- Səni ən çox narahat eləyən problemlər hansılardı?
- Bu hamımızın bildiyi, həmişə danışdığı problemlərdi. Sıralasam, ilk növbədə ölkə futbolunun paytaxta doğru sıxışmasını deyə bilərəm. Get-gedə regionlarda peşəkar klublar sıradan çıxır. Bu da kütləviliyin, futbolumuzda rəngarəngliyin qarşısını alır. Məsələn 90-cı illərdə ölkədə peşəkar klub tapmaq müşkül məsələ idi. O vaxt ölkə futboluna yatırılan pullar indikiylə müqayisə oluna bilməzdi. Lakin həmin vaxt  futbol aurası, ab-hava tam başqa cür idi. Çünki bölgə klubları var idi. Azərbaycan çempionatı Bakı derbilərindən ibarət olmamalıdı. Problemlər çoxdu, bir-bir sadalasam, təkrarçılığa yol vermiş olaram.

- Təkrarçılığa yol verməməyinçün, problemlərin sırası geniş olduğundan konkret bir-iki detalı "ilin idman jurnalisti"nin ağzından eşidək. Səncə,  futbol təsərrüfatında ziyalı fikrinin olmaması deyilmi  problemlərin kökü? Məsələn, futbol hakimiyyəti, konkret Rövnəq Abdullayevin futbolu bilməməyi, Elxan Məmmədovun öz postundan sui-istifadəsi, Ramin Musayevin kələfin ucunu itirməsi və s. kimi detallar...
- Məsələ o qədər də sadə deyil. Yəqin yadındadı, bir vaxtlar "Fuad Musayev getsə, hər şey düzələcək" fikri var idi. Fuad Musayev getdi, nə dəyişdi? Yəni kiminsə əvəz olunması üçün əvvəlcə həmin mövqe üçün ideal kadr yetişməlidi. Həm də dəyişikliyi bütün futbol ictimaiyyəti istəməlidi. Bu gün futbol sferasında olan insanların bir qrupu bir sözü deyir, digər qrupu başqa şeyi. Əvvəlki təcrübə də insanda şübhə yaradır ki, bu gün "getməlidi" dediklərimiz getsə, hər şey düzələcək? Bax, bir neçə il öncə hamımız milli Qurban Qurbanova həvalə edilməlidi deyirdik. AFFA rəhbərliyi isə bunun üçün tez olduğunu düşünürdü. Ancaq Qurbanov gec də olsa həmin postun haqqı olduğunu sübut etdi. Artıq onun qarşısında heç bir sədd qalmadı. Eynən də dediyin şəxsərlə bağlı. Futbol adamları bu posta həmin şəxslərdən daha layiq olduqlarını sübut etməlidi.

- Diplomatiya çalarları da yox deyil cavablarında. Bəlkə də "don kixotluq" lazımsızdır prinsipini qəbul edirsən. Səncə, idman jurnalistikasının durumu necədir?
- Yox, tam səmimiyəm, sualdan yayınmağa çalışmıram. Mümkün olsaydı, səmimiliyimin sübutu kimi bu sözlərin qarşısına gülüş "smaylik"i də əlavə edərdim. İş orasındadı ki, məncə, bu gün futbol sferasında "filankəs getməlidi" sözləri artıq "don kixotluq" yox, bir qədər şablondu. Çünki çox deyilib, çox yazılıb. Artıq bu məsələlərə  fərqli, daha dərindən yanaşmalıyıq. Təkcə "filankəs getməlidi" fikri üzərində yox, "filankəs getdikdən sonra nə olacaq", "filankəsin gedişi çıxış yoludumu" fikirləri üzərində düşünməliyik. İdman jurnalistikasının indiki vəziyyəti? Məncə, ilin idman jurnalisti seçilsəm də, bu barədə danışmaq mənim üçün tezdi. Məncə, bu barədə illərini idman jurnalistikasına vermiş şəxslər danışsa, daha yaxşı olar.

- Nəzəriyyə deyir ki, jurnalist problemi açıb, göstərməlidir. Onun həlli yolunu isə məsul subyekt tapmalıdır. Sovet şablonu isə hətta problemdən çıxış yolunu da jurnalistin göstərməli olduğunu deyirdi. İndi, səncə, bu halıyla idman mediası və idman camiəsinin fikir sahibləri (əgər varsa) bu missiyanı öhdəsinə götürə biləcək vəziyyətdədi?
- Söhbət sırf jurnalistikanın problemlərindən gedirsə, məncə, burda məsul subyekt də elə jurnalistlərdi. Məncə, hə. Bu gün idman jurnalistikasında fikir sahibliyi edəcək yetərincə savadlı insanlar var. Sadəcə, bəzi məsələlərdə ortaq məxrəcə gəlmək, eyni nöqtəyə vurmaq lazımdı.

- Bu "lazımdır" dediyimiz şeylər çoxdur və məncə, çox asanlaşdırmışıq deməklə. Çoxlu "lazımdır"lar əmələ gətirmişik. İşləklik mexanizmi isə sıfırdır. Məsələn, jurnalistikanın inkişafı üçün, təsəvvür elə ki, AFFA təklif edir...
- Hə, əlbəttə istənilən mövzuda fikir bildirmək daha rahatdı, nəinki problemi birbaşa həll etmək. Elə adi həyatın özündə də məsləhət bilən çox olur, çarə qılan yox. Bəlkə də, sənin dediyin kimi "lazımdırlar" artıq lazımsız  sözlərə çevrilib. İndi bu sualın cavabında nə desəm, o da "lazımdır"la bitəcək.

- Jurnalistikanı dolanışıq xatirinə seçənlər olmur. Müşahidələrim göstərib ki, burda iki əsas xətt mövcuddu: bu peşənin romantikasıyla gələnlər və sadəcə gələnlər. Sualımsa belədir: seçdiyin peşəylə dolana bilirsən?
- Tam razıyam. Özümü birincilərə aid edirəm. O ki qaldı qazanca, idman jurnalistikasındakı ümumi vəziyyətə baxanda, normaldı.

- Çatışmayan nəsə varmı - ki ən çox onu qabardardın?
- Futbolda çatışmayan şeyləri yazsaq, bu müsahibəni bir neçə hissəyə bölüb silsilə halında verməli olacaqsan. Qısa olaraq idman mediasında olan əsas problemi qeyd edim - maliyyə. Bu gün ölkəmizdə fəaliyyət göstərən bir çox idman saytının, lazımınca fəaliyyət göstərməməsinə səbəb məhz maliyyə çatışmazlığıdı. Maddi imkanın aşağı olması bir çox saytda işçilərin sayına təsir edir. Əməkdaşın sayının az olması da birbaşa işin keyfiyyətinə təsir edir. Məsələn, sayt bütün  idman növlərini eyni qaydada işıqlandıra bilmir və sonda futbol saytına çevrilir. Ancaq maddi problem olmasa, saytlar daha çox əməkdaşla daha keyfiyyətli iş ortaya qoya bilər.

- Bunun həlli yolunu nədə görürsən?
- Əgər xaricdə olduğu kimi şirkətlər idman saytları ilə əməkdaşlıq etsəydilər, bu barədə düşünməyə belə ehtiyac qalmazdı. Ancaq indiki halda vəziyyətdən çıxış yolu tapmaq üçün güclü menecer olmaq lazımdı. Düzü, mən hazırkı vəziyyətdən çıxış yolunu bir neçə saytın birləşməsində görürəm. Lakin bunun da nə qədər kömək olacağını heç birimiz bilimirik. Elə yəqin buna görə heç kim öz saytını belə praktikaya qurban vermək istəmir.

- Güclü menecer olsa, reklam bazarı olmayan yerdə nə bazar açacaq ki? Fikir versək, ölkənin köklü klublarında idman mediasından gedən funksionerlər var. Məsələn, "Qəbələ"nin baş meneceri Zaur Əzizov, mətbuat xidmətinin rəhbəri Anar Hacı, klub akademiyasının direktoru Nail Kərimov, klubun əsas işlərini görənlərdən biri - Səbuhi Səfiyarlı - bunlar mətbuatdan keçiblər bu işə. "Qarabağ"da Asif Əsgərov, Nurlan İbrahimov, digərləri. Elə buyaxınlarda "Zirə" gənc reportyor Elmar Abdullazadəni mətbuat xidmətinə təyin etdi. Sənə bu cür təkliflər gələrsə?
- Yəqin ki, indiki şəraitdə güclü menecerin də xeyri dəyməz. Ancaq ən azından nəzəri cəhətdən də olsa, müəyyən fikir bildirə bilər. Klubda çalışmaq barədə isə heç vaxt düşünməmişəm. Buna əsas məqsəd kimi baxmamışam. Hər halda bu barədə təklif olduqdan sonra danışmaq olar.

Elçin Cəlilov


oxunma sayı: 1051 | Paylaş:




?>