')

Bu gün:


FutbolPress.Az | Mahir Rüstəmli: "Media Komitəsinin durumunu faciəvi saymaq olmaz" (MÜSAHİBƏ)

Mahir Rüstəmli: "Media Komitəsinin durumunu faciəvi saymaq olmaz" (MÜSAHİBƏ)


oxunma sayı: 1011 Paylaş:

FutbolPress“Futbol+” qəzetinin baş redaktoru, AFFA yanında Media Komitəsinin (MK) İdarə Heyətinin sədri Mahir Rüstəmli “FutbolPress”in komitəylə bağlı suallarını cavablandırdı...

AFFA yanında MK-nın sədri kimi komitənin son durumu, həm də ümumi vəziyyət haqda fikirlərinizi bilmək istərdik...
- Vəziyyət dostlarımızın arzuladığı qədər ideal deyil. Amma durumu faciəvi də saymaq olmaz. İşimizi daha yüksək səviyyədə qurmağa mane olan bir çox obyektiv və subyektiv səbəblər var. İlk növbədə bu məqamı qeyd etmək istəyirəm ki, MK-nın İdarə Heyətinin üzvləri də gündəlik, praktik jurnalist fəaliyyəti ilə məşğuldu. Və bu məşğulluq problemləri daha çevik həll etməyə, daha tez-tez bir araya gəlməyə imkan vermir. İkinci məqam da var ki, bunun üzərində xüsusi dayanmaq istəyirəm. MK-nın ayrıca, xüsusi büdcəsi, sərəncamında hansısa vəsait yoxdu, biz, belə demək mümkünsə, AFFA-nın əlinə baxırıq. Bu çapda qurumlarda adi texniki detalın həlli isə bəzən günlərlə vaxt tələb edir. Üçüncü məqam: etiraf etmək lazımdı ki, həmkarlarımızda da tənbəllik var, bəzən adi köçürmə sənədləri üçün dəfələrlə elan verməyə, zəng etməyə, sosial şəbəkədə yazışmağa məcbur oluruq. Dördüncü məqam: başqa ölkələrdə olan MK tipli qurumların fəaliyyətini yerində öyrənmək üçün səfərlərə ehtiyacımız var. Təəssüf ki, indiyə qədər baş tutmayıb. Nəhayət, daha bir məqam odu ki, şəxsən mən MK-nı ayrıca ofisi olan, heç olmasa, xırda texniki məsələləri həll etmək üçün katib və ya katibə saxlamağa qadir qurum kimi təsəvvür etsəm də, bu da hələlik mümkün deyil. Bir sözlə, AFFA-nın baş katibi Elxan Məmmədovun da dediyi kimi, platforma var, amma onun üzərində möhkəm dayaqlar qurmaq lazımdı. İşimizin tərifəlayiq yönlərinə gəlincə, ən azı istinad və səfər davaları çox azalıb, hər il jurnalist həmrəyliyinə, münasibətlərin yaxşılaşmasına xidmət edən bir neçə tədbir gerçəkləşdirmişik. MK-nın “feysbuk” səhifəsi isə yığmanın beynəlxalq və klubların avrokubok oyunları zamanı etibarlı qaynaq rolunu oynamağı bacarır.

Deyəsən, ilkin vaxtlarda analoji qurumların formatını müşahidə etmək, öyrənmək yönündə müəyyən cəhd olmuşdu. Hətta bu haqda məsələ müzakirə də edildi, ancaq sonradan sakitlik yarandı. O haqda nə deyə bilərsiniz?
- MK səviyyəsində müzakirə getdi, ardınca biz İdarə Heyətinin üzvləri adından AFFA rəhbərliyinə müraciət ünvanladıq ki, Türkiyə və ya Rusiya təcrübəsini öyrənmək üçün bizlərdən iki adamın həmin ölkələrə səfərinə şərait yaratsınlar. Sadəcə, bilet məsələsini həll etmək lazım idi. Zatən, həm Rusiyada, həm də Türkiyədə bizə qapı açası dostlar var. Amma həmin müraciətə heç bir cavab verilmədi.

Komitə yaradıldıqda əsas məqsəd medianın maddi böhranının aradan qaldırılması və peşəkarlaşması istiqamətində fəaliyyət idi. Sizcə, bu ideya sadalanan işlərin görülməsi baxımından səmərəli oldumu?
- Müəyyən dərəcədə hə, müəyyən dərəcədə yox. İndiki ağır iqtisadi durumda saytlara və qəzetlərə verilən, bəzən köçürülməsi ləngiyən 400-500 manat heç də az pul deyil. Bunu birmənalı şəkildə etiraf etmək lazımdı. Eləcə də şəxsən mən həm sədr, həm də mentor kimi daimi ünsiyyətdə olduğum sayt nümayəndələrinə yaşlı həmkar, dost məsləhətlərimi, tövsiyələrimi çatdırıram, işin daha peşəkar əsaslar üzərində qurulmasına çalışıram. Sağ olsunlar, eşidənlər də var, eşitməyənlər də. Bilirsizmi, mənə elə gəlir ki, idman jurnalistikasını həm bütövlükdə jurnalistikanın, həm də ölkənin həyatından kənarda tutmaq olmaz. Bu, ayrıca adada kommunizm qurmaq cəhdinə bənzəyərdi. Bu gün də layihə çərçivəsində peşəkarcasına çalışan, eləcə də sadəcə, yola verən yoldaşlar var. Birincilərin sayını artırmalı, ikincilərin sayını azaltmalıyıq. Yekun fikrim belədi ki, MK-nın varlığının idman jurnalistikasının ayaqda qalması baxımından müəyyən səmərəsi var, amma bu payı daha da artırmaq lazımdı.

Komitənin yaradılmasında məqsədlərdən biri də kiçik saytların birləşməsi fikri idi. Ancaq bu da baş tutmadı. Sizcə niyə? Və necə hesab edirsiz, birləşməlidilərmi, yoxsa belə davam etməlidi?
- Eqo, eqo və yenə də eqo... Bütün azərbaycanlıları bu və ya başqa dərəcədə “əsir götürən” eqo. Təbii ki, mən güclü saytların və qəzetlərin varlığında maraqlıyam, 50 ortabab və zəif addan 20-25 güclü ad dəyərlidi.

Komitənin İdarə Heyəti 7 nəfərdən ibarətdir. Onların 6-sı seçki, 1-i isə AFFA tərəfindən təyin olunandır. Hazırda İH-da cəmi 4 nəfər qalıb. İstefalara səbəb, sizcə, nə oldu?
- Sizin saytın rəhbəri Elçin bəy səbəbi izah edib. Ruslan Mikayıllı gərgin iş qrafikinə və vaxt azlığına görə İH-dən istefa verib. Vüqar Xeyrullayev isə apasport.az saytı MK üzvlüyündən getdiyinə görə avtomatik statusunu itirib.

Hələ ilk istefa baş verəndə Elçin Cəlilovun yerinə yeni adın seçilməsi gündəmdə idi, ardınca daha iki yer boşaldı, ancaq seçkilər hələ keçirilməyib. Niyə və ya MK nəyi gözləyir?
- Şəxsən mən seçkinin tərəfdarıyam, amma MK-da və AFFA-da fərqli düşünənlər də var – etiraf etmək lazımdı. Proseduru isə belə görürəm ki, boşalan yeri ilk seçkidə İH-yə düşə bilməyən, amma başqalarından çox səs toplayan adamlar tutmalıdı. İndiki durumu şərtləndirən səbəblər odu ki, bir tərəfdən yenə də bəzi həmkarlar vaxtında MK-nı bazara çevirmək və bizi fakt qarşısında qoymaq taktikasını seçərək seçki ətrafında şou yaratdılar və nəticədə proses ləngidi. Digər tərəfdən, onsuz da indiki tərkibin səlahiyyət müddətinin sonuna az qalıb. Üçüncüsü, son seçkidə İH-də 7 nəfərin təmsil olunmasına səs versəm də, artıq mən də belə düşünürəm ki, 5 nəfər də kifayətdi.

AFFA-nın baş katibi, komitənin ideya müəllifi Elxan Məmmədov buyaxınlarda açıqlamasında MK-dan gözləntilərinin tam doğrulmadığını demişdi. Bu narazılığı ictimailəşdirməyə səbəb nələr ola bilər?
- Bu da bir mövqedi və anlayışla qarşılayıram. Səbəblər haqda yalnız mülahizə yürütmək olar. Şəxsən mən belə düşünürəm ki, bəzi həmkarlarımızın istər sosial şəbəkələrdə, istər saytlarda MK ətrafında açdığı yerli-yersiz müzakirələr, bəzən hətta MK-nın başı üzərindən baş katiblə aparılan separat danışıqlar, MK üzvləri arasındakı yersiz dartışmaların mediaya sıçraması Elxan bəyi belə açıqlamaya vadar edib. Amma yuxarıda da vurğuladım ki, MK-nın işini daha yüksək səviyyədə qurmağa əngəl olan obyektiv və subyektiv əngəllər var ki, onları aradan qaldırmaq ətrafında düşünmək lazımdı. Və bir mütləq həqiqət də var: media mühitində, yaradıcı sferada bütün tərəflərin prosesdən razı qalması əsla mümkün deyil. Narazılar və narazılıqlar həmişə olacaq.

Necə hesab edirsiniz, komitənin mövcudluğu davam etsin, yoxsa...
- Mən bütün hallarda qalmasının tərəfdarıyam. Amma dəyişikliklər etmək, daha nüfuzlu quruma çevrilmək şərti ilə.


oxunma sayı: 1011 | Paylaş:




?>