')

Bu gün:


FutbolPress.Az | Qüvvələrin çaxnaşması və "düyün"...  (TƏHLİL)

Qüvvələrin çaxnaşması və "düyün"... (TƏHLİL)


oxunma sayı: 1084 Paylaş:

FutbolPressİki həftə əvvəl Yuri Maksimovun Azərbaycanda olduğu xəbər verildi. Tezliklə məlum oldu ki, o, "Keşlə" rəhbərliyi ilə danışıqlar aparıb. Göydəndüşmə xəbərin mətbuata ötürülməsində maraqlı olan tərəf isə "Keşlə" rəhbərliyi idi. Qış fasiləsindən sonra komandanı 48 yaşlı, məşqçilik karyerası elə zəngin olmayan bu şəxs çalışdırmalıdır - niyyət budur.

Dərhal ağla belə sual gəlir. Bəs buyaxınlarda Zaur Savanadzeni göndərib, Ramiz Məmmədovu bu posta təyin etmək nə demək idi? O ki bu vəzifənin müvəqqəti icraçısı yox, yeni təyinat kimi rəsmən açıqlanmışdı.

Bu nataraz söhbətlər bir, iki, on iki və ya iyirmi iki deyil, "Keşlə"nin adı hər atdığı addımda çatışmazlıqlarla yanaşı hallanır.

***           ***           ***

Ən anormal situasiya isə iki futbolçu - Nizami Haciyev və Mirhüseyn Seyidovun qovulması idi. Xatırlayırsınızsa, proses başlayandan "FutbolPress" ən doğru istiqaməti müəyyənləşdirib, oxucuları məlumatlandırdı. Redaksiyamıza çoxlu informasiyalar daxil olsa da, bunların əksərində maraqlı olan qüvvələrin olduğunu müəyyənləşdirə bildik. Hətta imtina etdiklərimiz arasında digər KİV-lərdə dərc edilənləri də gördük...
Ona görə də sırf öz müşahidə təhlilimizə güvəndiyimizçün yazdıqlarımız tam doğru oldu.

Gecədən açıqlanan xəbərin, yəni adıçəkilən futbolçuların həbsi məsələsinin nonsens olduğunu qabartmağımız, Zaur Axundovun bunu rəsmən açıqlamasının qanun pozuntusu olduğunu izah etməyimiz vəziyyəti dəyişdi. Sonradan Axundov və digər klub rəsmisi Rəmiş Malıyev ümumiyyətlə, şikayətçi olmadıqlarını, futbolçunun harda saxlandığını bilmədiklərini dedilər.

Qalmaqallı günün sonunda ilk xəbər verdik:  "Futbolçular həbs olunmayıb, hətta sonradan iddia edildiyi kimi - "bandotdel"də də saxlanmayıblar. Onlar sadəcə, qapalı bir məkanda sorğulanıblar. Həm də iki yox, üç nəfər olublar - Fuad Bayramov da..."

***            ***             ***

Qapalı məkanda sorğulanma isə qanunlara zidd, cinayət əməlidir. Ona görə də klub hər açıqlamasında prosesin gedişatına müdaxilədən xəbərsiz oluğu göstərməyə, gülünc duruma düşməyə başladı.

Səhəri gün Mirhüseyn Seyidovun müsahibəsi dərc edilir və orda onların həbs edilmədiyi, hansısa hüquq-mühafizə orqanında deyil, başqa məkanda, tanış adamlar tərəfdən sorğulandığı deyilir - yazdığımız kimi...

Daha sonra biz məsələyə başqa rakursdan baxmağı təklif etdik.

Əvvəlcə Fuad Bayramova təzyiq göstərilib, ancaq o, bunu etməyəcəyini bildirib, sonradan Mirhüeyn niyəsə razılaşıb və müsahibədə "Nefçi"yə qarşı bilərəkdən zəif oynadıqlarını, üstəlik Nizami Haciyevi "baqaja" qoyub". Absurd məqam isə budur ki, futbolçuların cəzalanmasında "Keşlə" tərəfdən  fakt olaraq bu müsahibə göstərildi.

Futbolçuların cəzalandırılmasına heç bir izah verə bilməyən AFFA və "Keşlə" tərəfi affekt vəziyyətindədilər.

Bəs qüvvələr arasında mübarizə deyərkən biz nəyi nəzərdə tuturuq?

Əslində, söhbət çox dolaşıqdır. Konkret iddialar səsləndirənlər indiki məqamda avantürizmə meyilli olanlar, yaxud da cazibəli görünməyə cəhd edənlərdir. Prosesə vaxtında qoşulub təhlil etmək dəqiqliyin qarantıdır...

İndiki məqamda təhlillərimiz cəmi 2 xətti işarələməyə bəs edir.

1. Zaur Axundov AFFA-da vəzifə istəyir; ola bilsin, bu, hətta qurumun rəhbəri postudur
2. Bunun əleyhinə olan qüvvələr kulisdə əməlli-başlı mübarizə aparır

Zaur Axundov nəyə güvənir?

Bunadək bu iddialara niyə düşməmişdi?

Bir məqamı diqqətinizə çatdıraq. Son ərəfələr Rövnəq Abdullayevin "vurulması", az-az da olsa, gündəmə sızdırılır. Ancaq Abdullayevin təsirində olan media orqanları çox olduğundan bu fikirlər icitmai çəki almır. Müşahidlərimizə görə, iddialar əbəs deyil. Belədə Axundovun fiqur olaraq önə çıxması da məhz bu prosesdən qaynaqlanır. 

Ancaq strateq(lər)i olmadığı üçün Axundov bir neçə həmlədə biabırçı durumla qarşılaşdı.

Bəs "vurulma" prosesinin tezləşməsini istəyənlər kimlərdir və onlar yeni eşalonun "yuxarılara" sahiblənməməsi üçün niyə mübarizə aparır?

Abdullayevin gedişi rəsmiləşəcəyi an bu ierarxiyaya Elşad Nəsirovun sahiblənəcəyini, bu epoxaya ən real namizəd olduğunu bildirək. Abdullayevdən sonra, bəlkə də ondan da çox kadrı var futbol industriyasında. Abdullayevin kadrları isə zəifləməkdə, strateji mövqeləri əldən verməkdədir.

Maraqlı bir məqamı da indidən qeyd edək ki, bunu diqqətinizdə saxlayasız. Futbol eşalonuna Nəsirov klanının sahiblənməsi əslində birbaşa Nəsirov klanının sahiblənməsi demək deyil, əlbəttə ki, burda söhbət hazırda ölkənin vitse-prezidenti Mehriban Əliyevanın "drujinasından" gedir. Abdullayev isə köhnə - sovetdənqalma hökumət qolunun kadrıdır.

***              ***              ***

Yenilənmə cəhdinə gedən proses əslində yeni başlamayıb. Ancaq hər iki cəbhəni narahat eləyən, tələsik addımlar atmamağa ehtiyatlandıran əsas detal ölkə futbolunun tam başqa bir qola - "Azersun Holdinq"ə həvalə ediləcəyi ehtimalıdır. Bu versiyanı yaxına buraxan, real sayan çox az olsa da, əslində ən real variantlardandır.

Yuxarılardakı savaş prosesində ölkənin strateji sahələrinə nəzarət prioritetdirsə, futbol bu sahədə ilk beşlikdədir. Niyə məhz "Azersun Holdinq"? Çünki imici pozulmayıb, sadiqlik yerində və s.

Ölkə futbolundakı son olaylar, proseslər, tələsik, rabitəsiz qərarlar, qərarlara heç bir izahın verilməməsi, izah tələb olunarkən aidiyyatı subyektlərin təlaşlı şəkildə bundan imtina etməsi... Proses əl yandıracaq qədər təhlükəlidir və kulisdəki qüvvələr bunu gözəl anlayır, bilir.

***               ***              ***

Yenidən qayıdırıq "Keşlə" və onun ərafında proseslərin yaxın perspektivdəki görsənəcək əlamətlərinə.

İndi də Zaur Axundov ayrı şübhə mənbəyi tapıb. O, hesab edir ki, son olanlarda biabırçı duruma düşüb. Açıqlama verib, sonra dediyini təkzib etmək, sonra olaylar anidən çox böyük şişməsi, nəticədə Axundovun "gizlənməyə" məcbur qalması... Axı belə olmamalıydı. Yanlışın kökü nədədir?

Axundov indi Ramiz Məmmədovla haqq-hesab çürütmək niyyətindədir. Bütün bunlarda katalizator rolunu oynayan Məmmədov günahkar bənd hesab edilir. Klubun icraçı direktoru, AFFA baş katibi Elxan Məmmədovla yaxın, sadiq kadr hesab edilən Rəmiş Malıyevin də bu prosesdə kənarda qalması Axundovu pis vəziyyətdə qoyub. Böyük ehtimal, Axundov bir neçə addımda Malıyevin məsləhətlərinə əhəmiyyət vermədiyi üçün artıq o, hüquqşünas kimliyi ilə də müdaxilə etmək qərarından vaz keçib.

Ancaq toparlanmaq cəhdi gedir və yenidən - yeni dalğa gələcək. Bu dəfə ölkə futbolunda köklü dəyişikliklər də ola bilər, status-kvo saxlana da..

Ancaq hər ehtimalda, bizim versiyamıza görə hərəkətlilik tezliklə baş verməz. Hökumət  qarşıdan gələn seçki ilində hay-küyə səbəb ola biləcək istənilən "kadrın" çıxdaş edilməsinə anında qərar verəcək.

Belə deyək: ya böyük silkələnmə effekti yarada biləcək zəlzələ baş verəcək - ki bu ehtimal çox cüzidir, ya da qüvvələrin mübarizəsində müəyyən razılaşmalar əldə olunacaq və seçki ilində sabitlik qorunacaq.


Elçin Cəlilov


oxunma sayı: 1084 | Paylaş:




?>