')

Bu gün:


FutbolPress.Az | Sübutsuz hökm? - anormal xronika

Sübutsuz hökm? - anormal xronika


oxunma sayı: 925 Paylaş:

FutbolPress30 noyabr
 
- "Keşlə"nin Müşahidə Şurasının sədri Zaur Axundov açıqlayır ki,  Nizami Hacıyev və Mirhüseyn Seyidov danışılmış oyunlarda şübhəli bilindikləri üçün saxlanılıblar.
 
- Daxili İşlər Nazirliyi (DİN), Baş Prokurorluq və Dövlət Təhlükəsizlik Xidməti bu barədə məlumatsız olduqlarını açıqlayırlar.
 
- "Keşlə"nin icraçı direktoru, AFFA-nın keçmiş davamedici baş hüquqşünası Rəmiş Malıyev: "Məsələni hüquq-mühafizə orqanları araşdırır. Klubun onların harda olması barədə məlumatı yoxdu. Biz maraqlanmışıq. Amma hələ bir şey bilmirik".
 
- UEFA-nın danışılmış oyunlarla bağlı AFFA-dakı nümayəndəsi Kamran Cəbrayılov: "Elə biz də "Keşlə"nin axırıncı oyunlarından sonra verilən açıqlamalardan hiss edirdik ki, klubun daxilində problemlər baş verir. Özümüz də məsələni araşdırırıq. Onların kim tərəfindən həbs olunduqlarına dair bizdə məlumat yoxdur".
 
- "FutbolPress": Məsələ ilə bağlı yeni məlumatlar əldə etmişik. Redaksiyamıza daxil olan informasiyaya görə, saxlanılanlar yalnız Hacıyev və Hüseynov olmayıb. "Keşlə"nin daha bir futbolçusu - Fuad Bayramov da onlarla birgə olub. Hər üç futbolçu klubdaxili "istintaqa" cəlb olunub. Lokal xarakterli araşdırmalar "Keşlə"nin prezidenti Zaur Axundovun keçmiş məmur fəaliyyəti zamanı qazandığı əlaqələrin sayəsində aparılıb.
 
1 dekabr:
 
- Saxlanıldığı iddia olunan futbolçulardan biri - Mirhüseyn Seyidov: "Bizi polis saxlamamışdı, klub rəhbərliyi üçün izahat yazırdıq", "- Bizi polis saxlamamışdı. Komandada problem yaranmışdı. Guya biz 5-6 oyundur oynamırıq. Əsasən də "Neftçi"ylə oyuna görə narahatlıq var idi. Mən 6-7 il "Neftçi"nin oyunçusu olmuşam, o klubun yetirməsiyəm. "Neftçi" ilə oyunda ürəyim keçmiş komandamda olduğuna görə zəif çıxış etmişəm. Mənim qışda "Neftçi"yə keçmək söhbətim var idi. Özümüz qəsdən zəif çıxış etmişik, ürəyim bir növ ora üçün yanır. Amma mərc kontorlarına pul qoymağımızla bağlı yayılan xəbərlər tamamailə yalandır. Düzdür, səhv etmişik. "Keşlə" komandasına qarşı nankorluq etmişəm. Amma futboldur, hər şey ola bilər".
 
- AFFA İntizam Komitəsinin qərarı: İK “Keşlə” Peşəkar Futbol Klubunun AFFA-ya rəsmi müraciətinə, hüquq-mühafizə orqanları tərəfindən təqdim edilmiş məktuba və UEFA-dan daxil olmuş məlumatlarla bağlı mövqeyini açıqlayıb. Nəticədə iştirakçısı olduğu oyunun idman nəticəsinin manipulyasiyasına görə “Keşlə”nin futbolçuları - Nizami Hacıyev və Mirhüseyn Seyidova futbola aid hər bir məşğuliyyət ömürlük qadağan edilib.
 
- UEFA-nın danışılmış oyunlarla bağlı AFFA-dakı nümayəndəsi Kamran Cəbrayılov: "Sübutların ictimaiyyətə açıqlanması hələlik planlaşdırılmır. Bu, birbaşa bizim təşəbbüsümüzlə olmayıb. Bütün məlumatlar müstəqil şəkildə əldə edilib, araşdırma müstəqil aparılıb. Biz yalnız UEFA-dan gələn məlumatları təqdim etmişik. Bu məsələdə “Keşlə” klubu  maraqlı olub və araşdırma aparılıb. Konkret faktlar təqdim edildikdən sonra isə İK qərar qəbul edib".
 
Siz iki gün ərzində iki futbolçunun ömürlük futboldan uzaqlaşdırılması qərarının verildiyinin stenoqramması ilə tanış oldunuz.
 
Hər informasiya özündən əvvəlkini təkzib edir. Və belə bir anormal prosesin yekunu olaraq iki şəxs barəsində taleyüklü qərar.
 
Qərarlar hansı şikayətə əsasən, harda, hansı sübutlara əsasən verilib - açıqlanmır.
 
Proses başlayandan bu həddədək qanun pozuntuları ilə müşaiyət olunur.
 
Zaur Axundovun AFFA-ya təzyiqi, Rəmiş Malıyevin "düzüb-qoşduğu" "ssenari"?
 
Bu iki şəxsin komandanın ardıcıl məğlubiyyətlərinə görə təlaşa düşdüyünü çoxdan bilirdik. Bunun heyfini almaqçün alışıb-yandıqları da məlum idi. İctimaiyyət də istəyir ki, doğrudan da futbolda ləkə ola biləcək davranışlar edilirsə, cəzalandırılsın - hərçənd qanun çərçivəsində, sübutlarla!
 
Heç bir açıqlama verilmir.
 
Futbolda ədaləti belə bərpa etmək şübhələri aradan qaldırmır, daha da dərinləşdirir. Danışılmış oyunlar problemini bu cür həll etmək praktikasına dünyanın heç bir ölkəsində rastlanmayıb.
 
Bir müddət əvvəl "Keşlə"nin baş məşqçisi Zaur Svanadze pis nəticələr əsas gətirilərək, istefaya göndərildi. İndi məlum olur ki, günahkar o yox, oyun satanlar imiş? Bəs Svanadzenin haqqı necə bərpa olunsun?
 
Bu cür ritorik suallar və anormal situasiya dərinləşməkdə davam edir. Bəs "Keşlə" rəhbərliyinin əbləh idarəçiliyinə sanksiyanı kim tətbiq edəcək?

Elçin Cəlilov


oxunma sayı: 925 | Paylaş:




?>