')

Bu gün:


FutbolPress.Az | Yaroslav Deda ilə üzə çıxan problem (TƏHLİL)

Yaroslav Deda ilə üzə çıxan problem (TƏHLİL)


oxunma sayı: 2028 Paylaş:

FutbolPress“Qarabağ”ın əsas komandası ölkə futbolu tarixində ilk dəfə Çempionlar Liqasının qrupunda oynadığı kimi, U-19-u da Gənclər Liqasının əsas mərhələsində çıxış edir. 5 turdan sonra Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektiv 3 xalla qrup sonuncusudu. Komanda 3 qol vurub, öz qapısında 16 top görüb.

Gənc oyunçuların ilk dəfə belə səviyyədə çıxış etdiyini nəzərə alsaq, nəticədən şikayətlənmək olmur. Səfərdə “Atletiko” kimi komandaya qalib gəlmək - bu isə olduqca yaxşı nəticədi.

Komandada diqqət çəkən məqam başqadı. 3 qolun hamısını ukraynalı legioner Yaroslav Deda vurub. Ümumiyyətlə, Gənclər Liqası oyunlarında “Qarabağ”ın heyətində özünü ən yaxşı tərəfdən göstərən 2-3 futbolçudan biri məhz odu.

18 yaşlı hücumameylli yarımmüdafiəçi BRV-VİK və “Volın” yetirməsi sayılır. Onun son klubu da “Volın” olub. Keçən mövsüm zədə səbəbindən uzun müddət futboldan kənar qalan oyunçunun karyerasını bitirmək təhlükəsi də varmış. Ancaq o, sonradan sağalmağı və yenidən futbola qayıtmağı bacarıb. Almaniya “Verder”inə keçmək variantı da olan Yaroslav UEFA Gənclər Liqasının cazibəsinə görə “Qarabağ”ı seçib. İndi onun Ağdam klubunun əsas komandasında oynamaq şansı da yüksək sayılır.

“Qarabağ”ın Gənclər Liqası üçün heyətinə nəzər yetirsək, Dedadan başqa daha iki legioner var: Oliver Stoymenovski və Boyan Miovski. Ancaq ukraynalıdan fərqli olaraq, makedoniyalı oyunçular bir o qədər də diqqət çəkə bilməyiblər.

Bəs “Qarabağ”ın U-19 komandasının heyətində üzə çıxan klubun öz yetirmələri kimlərdi? Burda qapıçı Məmməd Hüseynov, kapitan Zaur Fərzəliyev, müdafiəçilər - Turan Manafov və Əsgər Hüseynovun adını çəkə bilərik. Başqa futbolçuların əksər hissəsi isə digər klublardan gəlmələrdi. Bunun bir səbəbi də keçən mövsüm çempion olan heyətin bir çox üzvünün yaş amilinə görə UEFA Gənclər Liqasından kənar qalması ilə bağlıdı. Belədə Ağdam klubu heyəti formalaşdırmaq üçün digər komandalardan oyunçular cəlb etməli oldu.

İstənilən halda, əksəriyyətinin yerlilərdən ibarət olduğu heyətdə ukraynalı futbolçunun daha çox diqqət çəkməsi ciddi siqnaldı. Son 4 ilin dəyişilməz çempionunun akademiyasında, aşağı yaş komandalarında problemlər var. Özü də xeyli qabarıqdı.

“Qarabağ”ın aşağı yaş qruplarının ayrı-ayrı liqalarda davam edən mövsümdəki bu ana olan nəticələri belədi:

U-10 Liqası – 3-cü yer
U-11 Liqası – 9-cu yer
U-12 Liqası – 2-ci yer
U-13 Liqası – 7-ci yer
U-14 Liqası – 6-cı yer
U-15 Liqası – 5-ci yer
U-16 Liqası – 7-ci yer
U-17 Liqası – 3-cü yer
Gənclər Liqası – 4-cü yer



Nəticələr də göstərir ki, “Qarabağ” uşaq futboluna, akademiyasına görə heç də ölkənin ən yaxşılarından deyil, daha çox ortabablar sırasındadı. Yalnız komandanın Gənclər Liqasındakı nəticəsinin real potensiala uyğun olmadığını hesab etmək olar. Daha çox qitəmiqyaslı yarışa diqqət edən U-19-un bir sıra futbolçuları əvəzedicilərin yarışında meydana çıxır. Gənclər Liqasının səviyyəsinin o qədər də yüksək olmadığını nəzərə alsaq, həmin oyunçuların daha güclü yarışda - əvəzedicilərin çempionatında oynaması məntiqli görünür. Yeri gəlmişkən, “Qarabağ”ın əvəzedicilərinin vəziyyəti də yaxşı deyil. Uzun müddət sonuncu olan komanda hazırda 6-cı pillədə qərarlaşıb.

Beləliklə, ölkə futboluna Maksim Medvedev, Qara Qarayev, Əfran İsmayılov, Rauf Əliyev və son zamanlar diqqət mərkəzində olan Təmkin Xəlilzadə kimi oyunçular qazandıran “Qarabağ”ın akademiyasında mövcud vəziyyət o qədər də ümidverici deyil. Xüsusilə bu, Ağdam klubunun milli üçün əsas baza oynaması planlaşdırılan dövrə təsadüf edirsə, düşüncələr daha da neqativ yönə istiqamətlənir. Yaroslav Deda kimi bir futbolçunu tapmaq, komandaya cəlb etmək yaxşı skaut işidi, ancaq bundan da yaxşısı klubun akademiyasının "istehsal" səviyyəsinin yüksəldılməsi olardı. Dedalar qalıcı olmaya bilər, gələcəyə istiqamətlənən doğru iş isə uğurların qalıcılığını sığortalayacaq.

"FutbolPress"


oxunma sayı: 2028 | Paylaş:




?>