')

Bu gün:


FutbolPress.Az | Yarımçıq qalan yazı...

Yarımçıq qalan yazı...


oxunma sayı: 511 Paylaş:

FutbolPressAdını çəkmək istəmədiyim bir futbolçu jurnalistlərçün brifinq keçirməkdən imtina edəndə.. ağız-burun büzəndə birdən gözümün önündə canlanan mənzərəni təsəvvür eləməyə başladım. O futbolçuya veriləcək suallar orda gözləyən jurnalistlərin cibinə fayda, əhvalına xoşluq gətirmirdi, sadəcə, redaktorun tapşırığına əsasən, bunu etməliydilər. Oyun varsa, nəsə yazmalısan axı. Mütləq hansısa komandanın oyunçusundan açıqlama almalısan da...

O da, "Yəni ki, əə öö" eləməlidi axı.

Ağız-burnunu büzən əcnəbi futbolçu avtobusa əyləşəndən sonra klubun nümayəndəsi başqa birini jurnalistlərçün açıqlama verməyə razı sala bilmiş, beləcə, o müxbirlər redaktor danlağından xilas olmağın verdiyi rahatlığın xoşbəxtliyini yaşayırdılar.

Düşünürdüm, bax, o futbolçunun aylıq məvacibi 25 min manatdır. Üstəlik hər qələbədə pul mükafatı da alır. Ancaq orda diktafon tutub, oyunçunun deyəcəklərini ictimailəşdirəcək şəxslər - jurnalistlərdən isə ən çox  450 manat maaş aldığını öyrəndim.

Yersiz, korrektlikdən uzaq müqayisə ola bilər, ancaq 450 manat məvacib alan jurnalistin ağzının danışığını bilməyən, özünü ifadə eləməkdə zorlanan 25+ min pul qazanan futbolçudan asılı düşməsi eybəcər həqiqətdi. Belə rejimin adı düdük kapitalizmdir. O, cəngəllik qaydalarının əsasında idarə edilən cəmiyyətin rejimidir. Bunda kapitalizmqarışıq, hansısa digər rejimin cəmiyyətə tətbiqinin günahı yoxdu. Günah, 1) Bu cür ölkədə doğulmaq, 2) Doğulduğun ölkədə vəziyyətin bu cür olmasına qarşı çıxmamaq, düzəlməsi üçün təzyiq göstərməməkdir.

...Brifinq qurtardısa, gedək!

Qayğılı müxbirin fikrində yüz sual. Marşurut işləmir. Ən yaxın metroya taksi 10 manata aparır. Necə eləsin...
Gecikən maaşı haçan alacaq? Maaşın bir hissəsini borcların qaytarılmasına, bir hissəsi qarşıdakı ay boyunca oyunlara gedəndə yolpulu, yeməkpulu xərclərinə, yerdə qalan isə ev üçün. Çatacaq? Yetəcək?

Jurnalist bu sualları düşünərək növbəti oyuna gedəndə, əlbəttə, qüsurlu sual verəcək, əlbəttə, pozitiv yaza bilməyəcək, əlbəttə, əlbəttə...

Jurnalistin bu vəziyyətdə yaşaması dövlətin də, cəmiyyətin də boşluğu, ayıbıdı. Böyük bir boşluğun içindəyik. Heç bir qəzet satışla dolana bilmir, heç bir TV hökumətdən dotasiya olmasa, yaşaya bilmir, heç bir sayt tənqid etməli olduğu obyekt və subyektlərin verəcəyi pul olmasa, fəaliyyət göstərə bilmir. Bu cür cəmiyyətdə...

- Ay oğul, bəsdi başını o kompyuterə qatdın, çıx, uşaqlarçün bir şey al.
- Çıxdım, ana, çıxdım.


oxunma sayı: 511 | Paylaş:




?>