')

Bu gün:


FutbolPress.Az | Yunis Hüseynovun məşqçi bacarığını göstərməyən oyun (TƏHLİL)

Yunis Hüseynovun məşqçi bacarığını göstərməyən oyun (TƏHLİL)


oxunma sayı: 491 Paylaş:

FutbolPressPremyer Liqada XIII tur gözlənilməz hesabla başladı. Gəncə şəhər stadionunda “Qəbələ” “Kəpəz”i darmadağın etdi – 6:1.

Oyundan əvvəl ən optimist “Qəbələ” azarkeşi və ən narazı “Kəpəz” fanatı da belə hesabı təsəvvür etməzdi. Əksinə, qarşılaşmanın Gəncə klubunda yeni baş məşqçi – Yunis Hüseynovun debüt matçı olması meydan sahiblərinin əlavə motivasiya ilə oynayıb, ən azı 1 xal qazanmaq üçün sonadək mübarizə aparacağını gözlənilən edirdi.

Ancaq əvvəldən ehtimal edilənlərin heç biri baş vermədi. Təxmin edilən gedişata ilk zərbə 26-cı saniyədə Baqali Dabodan gəldi. Premyer Liqanın bombardiri mövsümün ən erkən qolunu vurmaqla komandasını hesabda önə keçirdi. Bundan sonra “Kəpəz”in bir qədər vaxt qazanıb, toparlanacağı düşünülən zamanda, 15-ci dəqiqədə Cozef Monroz fərqi 2 topa çatdırdı. Hissənin sonuna 5 dəqiqə qalmış isə Famussa Kone hesabı darmadağın həddinə çatdırdı.

“Qəbələ” ikinci hissədə də 3 qol vurdu. Dabo və Kone dubl etdilərsə, Ruslan Qurbanov da adını tabloya yazdırmağı bacardı. Bütün bunlara “Kəpəz” yalnız bir dəfə cavab verə bildi. 56-cı dəqiqədə Kərim Diniyev komandasının yeganə qoluna imza atdı. Məsələnin maraqlı tərəfi bundadı ki, Yunis Hüseynovun rəhbərliyi altında ilk qolu sabiq baş məşqçi Şahin Diniyevin oğlu vurdu...

“Kəpəz” – “Qəbələ” matçı bir sıra “ən”lərlə yadda qaldı.

Mövsümün ən erkən qolu – 26-cı saniyə Baqali Dabo.
Mövsümün ən çox qol vurulan matçı – 7 qol.
Mövsümdə ən böyük fərqin qeydə alındığı qarşılaşma – 5 top.
“Kəpəz”in tarixi ərzində ev oyunlarında ən böyük hesablı məğlubiyyəti – 1:6 (Əvvəlki 0:5; “Neftçi”).
1:6 hesabı, həm də “Kəpəz”in 3-cü ən ağır məğlubiyyəti kimi tarixə düşdü.


Beləliklə, “Qəbələ” “Neftçi”dən sonra ən köklü klub sayılan “Kəpəz”in də tarixinə öz izini vurmuş oldu.

Başqa bir maraqlı məqam “qırmızı-qaralar”ın Yunis Hüseynovun karyerasına ikinci “damğa”nı  vurması ilə bağlıdı. O, hələ “Xəzər Lənkəran”ı çalışdırdığı zaman komandası “Qəbələ”yə 0:6 hesabı ilə məğlub olmuşdu. Həmin görüşdə Dodonun 8-ci saniyədə rəqib qapısından keçirdiyi top isə bütün Azərbaycan çempionatları tarixinin ən erkən qolu kimi tarixdə qalıb.

Yunis Hüseynovun “Kəpəz”də debütü özü üçün arzuolunmaz rəqibə qarşı acınacaqlı hesabla nəticə ilə yadda qaldı. Ancaq bu qarşılaşmanın onun məşqçi bacarıqlarını göstərdiyini demək olmaz. Ümumiyyətlə, dünən meydanda hər hansı taktiki savaşın getdiyindən söhbət gedə bilməz. İlk dəqiqədə, böyük ehtimalla, heç bir baş məşqçinin planlarına daxil olmayan qolun vurulması matçın bütün gedişini dəyişdirdi.

Əslində, bu qarşılaşmanı bir tur əvvəlki “Kəpəz” – “Səbail” (2:3) oyunu ilə də müqayisə etmək də ağıla gəlir. Oxşarlıqlar yox deyil. Həmin matçda da ilk 15 dəqiqədə meydan sahibləri 2 top fərqiylə geri düşmüş, üstəlik meydanda azlıqda qalmışdılar. Ancaq Şahin Diniyevin rəhbərlik etdiyi komanda hissənin sonuna qədər tarazlıq yarada bilmiş, ümidlənmişdi. Yekun nəticə Diniyevin postundan getməsinə səbəb olmuşdu.

Yunis Hüseynov isə komandasını ilk dəqiqə şokundan ayılda bilmədi. Təbii ki, “Qəbələ” keçən turda rəqib olan “Səbail”lə müqayisə olunmayacaq qədər güclüdü. Üstəlik baş məşqçinin yeni olması, komandaya hələ tam öyrəşməməsi, oyunçuların bacarığına bələd olmaması acınacaqlı nəticənin səbəbləri arasındadı. Ancaq əslində dünənki oyun “Kəpəz”də əsas problemin baş məşqçi ilə bağlı olmadığı həqiqətini növbəti dəfə aşkar şəkildə ortaya qoydu. “Qəbələ” faciəsi”, həm də Yunis Hüseynovun Gəncədə hələ çox iş görməli olduğunu göstərdi. Təbii ki, bunun üçün kifayət qədər vaxtı olarsa...

Gəncədən möhtəşən nəticə ilə qayıdan “Qəbələ”də isə işlər qaydasına düşmək üzrədi. Komanda ardıcıl 3-cü qələbəsini qazanmaqla stabilləşməyə başladığını göstərdi. Sonuncu dəfə Bakıda “Zirə”yə məğlub olan əyalət təmsilçisi dünənki 3 xalla 2-ci yerə yüksəldi və bu gün qeydə alınacaq sərfəli nəticə ilə mövqeyini qoruya da bilər. “Qəbələ”nin uğurlu seriyasında diqqətçəkən məqam isə Cavid Hüseynovla bağlıdı. Çoxlarının bəyənmədiyi, “Zirə”yə məğlubiyyətin səbəbkarlarından sayılan kapitan 3 oyundu cəzalıdı və “Qəbələ” bu matçlarda 9 xal qazanıb, 12 qol vurub.

"FutbolPress"


oxunma sayı: 491 | Paylaş:




?>