Davud Kərimi: "Şahin Diniyevdən fərqli olaraq Yunis Hüseynov..."
Paylaş:
Topaz Premyer Liqasında XIII turun "Kəpəz" - "Qəbələ" (1:6) oyunundan sonra meydan sahiblərinin qapıçısı Davud Kərimi jurnalistlərin suallarını cavablandırdı...
- Yunis Hüseynovun rəhbərliyi altında ilk oyununuz idi. Yeni baş məşqçi ilə bağlı fikirlərinizi öyrənmək istərdik...
- Buna sadəcə hörmət edə bilərik, çünki bu bizdən asılı olan bir şey deyil. Şahin Diniyev getdi və Yunis Hüseynov gəldi. Çox istərdik ki, qalib gələk. Yeni baş məşqçinin ilk oyununda bu cür nəticə istəməzdik.
- Yunis Hüseynov oyundan sonra sizə nə dedi?
- Dedi ki, bu oyunu unudaq. Qarşıdakı oyunlara baxaq. O bizə söz verdi ki, gələn oyunlarda daha yaxşı nəticələr əldə edib, rəqiblərə "baş ağrısı" olacağıq.
- 2 və 4-cü qollarda səhvin var idi...
- 2-ci qolda çox kobud səhvə yol verdim. Top gələndə rahat idim ki, onsuz da tutacam və çalışdım ki, oyuna tez başlayım. Ancaq onu əlimdən buraxdım və rəqib bu şansı əldən vermədi. 4-cü qolda isə mənim səhvim olmadı. Mən oyun vaxtı qabaqdaydım və müdafiəçinin belə səhv edəcəyini dşüünmürdüm.
- İlk qollardan sonra komandada ruh düşkünlüyü hiss olunmağa başladı. Bu, oyundan öncə də var idimi?
- Biz oyuna tam hazır idik. Çox məsuliyyətlə hazırlaşmışdıq. İstəyirdik ki, qalib gələk. Yeni baş məşqçiyə, heç olmasa, 1 xal hədiyyə etmək istəyirdik. Bəlkə də çox istədiyimizdən alınmadı.
- Belə bir tendensiya var ki, yeni örtük, yeni stadiona qədər "Kəpəz" güclü idi. Belə bir nəticəyə gələ bilərik mi, komanda normal stadionda oynaya bilmir?
- (gülür) Mən də fikirləşirəm ki, stadionla bağlı ola bilərmi? Ötən mövsüm heç kim bizdən burda xal ala bilmirdi. Sadəcə "Qarabağ"a məğlub olmuşduq, amma yenə də ümidimizi itirmirik. Düşünürəm ki, əvvəlki "Kəpəz"i bərpa edəcəyik. Bu gün üç oyunçumuzun olmaması da öz təsirini göstərdi.
- İki baş məşqçi arasında fərq varmı?
- Hər ikisi yaxşı məşqçidi. Lakin Şahin Diniyev müdafiə prinsipli oyun qururdusa, Yunis Hüseynov daha çox hücumameylli oynamağa üstünlük verir. Biz də ümid edirik ki, Yunis müəllimin bütün taktikalarını oyunda tətbiq edə biləcək və qalib gələcəyik.
| Paylaş: