')

Bu gün:


FutbolPress.Az | Yunis Hüseynov: “İnqilabi dəyişikliklər olmayacaq” (MÜSAHİBƏ)

Yunis Hüseynov: “İnqilabi dəyişikliklər olmayacaq” (MÜSAHİBƏ)


oxunma sayı: 546 Paylaş:

FutbolPress“Kəpəz”in yeni baş məşqçisi Yunis Hüseynov “FutbolPress”in suallarını cavablandırdı...

- Çoxdandı işləmirdiz. Yenidən məşqçiliyə qayıtmaqla bağlı fikirləriniz...
- Xoşdu. 1 il idi ki, işləmirdim. İnşallah, sabahdan yeni işimə başlayacam. Çalışacağıq ki, Gəncədə yaxşı komanda formalaşdıraq və yaxşı futbol sərgiləyək.

- Bir müddət əvvəldən adınız “Kəpəz”lə hallanırdı, ancaq özünüz bu xəbərləri təkzib edirdiz. Necə oldu, təklifi nə zaman aldız?
- Şahin Diniyevin istefasından sonra Müşahidə Şurasının iclası keçirilib və orda mənim namizədliyim müzakirə edilib. Bundan sonra rəhbərlikdən əlaqə saxladılar. Bildirdilər ki, komandaya rəhbərlik etməyimi istəyirlər. Mən də can-başla bu təklifi qəbul etdim. Sabah da komandaya təqdim olunacam.

- Müqavilənizin müddəti nə qədərdi?
- Bu barədə hələ dəqiq danışa bilmirəm. 2-3 günə hər şey aydınlaşmalıdı.

- Yəqin ki, azı mövsümün sonuna qədər komandaya rəhbərlik edəcəksiz...
- İnşallah, baxaq. Qeyri-dəqiq nəsə demək istəmirəm.

- Baş məşqçinin köməkçiləri dəyişiləcəkmi, yoxsa əvvəlkilərlə işləyəcəksiz?
- Hazırda hər biri yerindədi. Hamı işinin başında qalıb. Bir yerdə komandanı bu böhran vəziyyətindən çıxarmağa çalışacağıq. Kimisə dəyişməklə bağlı düşünməmişəm.

- Böhran vəziyyəti demişkən, komanda sonuncu pillədədi. Sizi gözləyən çətinlikləri hiss edirsiz yəqin ki...
- Əlbəttə, çətin olacaq. Çox çətin. Turnir cədvəlində görürsüz, “Keşlə”ni çıxsaq, digərləriylə azı 5 xal fərqimiz var. Çox əziyyət çəkməliyik. Qarşıda 2 çempionat, 1 kubok oyunu var. Bacardığımız qədər yaxşı oynamalıyıq. Sonra da hazırlaşmağa, nəyisə dəyişməyə vaxtımız olacaq.

- Rəhbərlik qarşınızda hansı məqsədi qoyub?
- Mənə konkret bir hədəf, məqsəd demədilər. Bu gün bizim ilk hədəfimiz “Kəpəz”i bu böhrandan çıxarmaq olmalıdı. Şəxsən mən yaxşı kollektiv, döyüşkən komanda yaratmağı öz qarşıma məqsəd qoymuşam. Buna nə qədər nail olacağımı görəcəyik.

- Bunun üçün nə dərəcədə dəyişikliklər lazım olacaq?
- İnqilabi dəyişikliklər etməyəcəyik. Bilirsiz ki, qış fasiləsində yaxşı futbolçu tapmaq çətindi. Əksəriyyətinin müqaviləsi olur. Amma azı 2-3 futbolçu almaq fikrimiz var. Komandanı gücləndirəcək futbolçu axtarışındayıq.

- Komandanı gücləndirmək üçün yüksək səviyyəli futbolçular, bunun üçün də yaxşı büdcə lazımdı. “Kəpəz”dən gələn xəbərlər isə pozitiv deyil. Bu məsələni rəhbərliklə müzakirə etmisiz?
- Vəziyyəti başa düşürəm. Ayağımızı yorğanımıza görə uzadacağıq. Büdcəmizə uyğun da futbolçu almalıyıq. Əsas məsələ futbolçunun qiyməti yox, bizə xeyir vermə potensialının nə qədər olmasıdı. Komandamızı gücləndirməyəcəksə, yüksəködənişli transferin də mənası yoxdu. Üstəlik qış transferlər üçün o qədər də əlverişli deyil. Bu baxımdan strategiyanı yaya uyğun qurmaq lazımdı. Həm transfer büdcəsi, həm yeni oyunçuların kimliyi və s.

- Hazırkı heyətdən kimlərinsə göndərilməsi gündəmdədirmi?
- Belə bir fikrim yoxdu. Hamı yerindədi. Əl-ələ verib komandanı çətin vəziyyətdən çıxarmağı düşünməliyik. Qışda da 2-3 yeni oyunçu gətirəcəyik. Sonra nə olacağına baxacağıq.

“Kəpəz”i ilk olaraq “Qəbələ”yə qarşı oyuna çıxaracaqsız. Bu komandalar arasında son zamanlar yaranan prinsipiallıq və rəqibin çempionluğa oynadığını nəzərə alsaq, “Qəbələ”nin debütünüzü korlayacağından çəkinmirsiz?
- Çəkinmirəm. Ömrümün 37 ilini futbola həsr etmişəm. Futbol mübarizə oyunudu. Əgər layiqli şəkildə oynaya bilsək, istənilən rəqiblə bacararıq. Buna görə həmin oyuna qədər komandanı maksimum hazırlamağı düşünürük. Rəqibin kimliyi barədə fikirləşmirəm. Yaxşı mübarizə aparsaq, nəticə özü gələcək.

- Deməli, ilk oyunlardanca komandanı bu vəziyyətdən çıxaracağınıza inanırsız...
- İnşallah. Bunun üçün çalışacağıq.

Faiq Tahirov


oxunma sayı: 546 | Paylaş:





?>