')

Bu gün:


FutbolPress.Az | Yeni məkanda ilk oyun və “Neftçi” üçün həqiqət anı

Yeni məkanda ilk oyun və “Neftçi” üçün həqiqət anı


oxunma sayı: 589 Paylaş:

FutbolPressTopaz Premyer Liqasında fasilə başa çatır. Sabah XII tura start veriləcək. Turun oyunları 3 gündə keçiriləcək. Matçlardan 3-ü Bakıda, 1-i əyalətdə baş tutacaq.
 
“Qarabağ” – “Sumqayıt”
17 noyabr. 18:30
Hakimlər: İnqilab Məmmədov, Vaqif Musayev, Cəmil Quliyev, Ömər Paşayev
Bakı Olimpiya Stadionu


Açılış oyununda son çempion meydana çıxacaq. Ağdam klubu “Sumqayıt”ı sınağa çəkəcək. Bu qarşılaşma Premyer Liqada ilklə əlamətdar olacaq. İlk dəfə çempionat oyunu Bakı Olimpiya Stadionunda keçiriləcək. Bu addım “Qarabağ”ın gələn həftə Çempionlar Liqasında adıçəkilən arenada oyun keçirməsiylə əlaqədar stadiona öyrəşməsi üçün atılıb.
 
Qarşılaşma turnir cədvəli baxımından mərkəzi xarakter daşıyır. “Qarabağ” 11 turdan sonra liderdisə, “Sumqayıt” 4-cü pillədə qərarlaşıb. Hər iki komanda uğurlu nəticə ilə mövqeyini qorumaq niyyətindədi.
 
Gələn həftə ÇL-də “Çelsi”ni qonaq edəcək Ağdam klubu “Sumqayıt”la görüşdə bir növ həmin oyunun son məşqini də etmiş olacaq. “Sumqayıt” isə Bakıdan 1 xalla qayıda bilsə, sevinməlidi.
 
Bu, komandaların 22-ci dueli olacaq. Əvvəlki 21 matçın 15-də “Qarabağ”, 4-də “Sumqayıt” 3 xal qazanıb. 2 görüşdə qalib müəyyənləşməyib. Top fərqində “süvarilər”in üstünlüyü böyükdü 46:11.  “Qarabağ” ardıcıl 7 qələbə qazanıb. Ağdam klubu son 5 görüşdə ən azı 2 qol vurub.

 
“Keşlə” – “Zirə”
18 noyabr, 13:00
Hakimlər: Ramil Diniyev, Azər Əsgərov, Rahil Ramazanov, Elvin Əsgərov
“İnter Arena”


İkinci oyun günü qeyri-ənənəvi saatda başlayacaq. “İnter Arena”da keçiriləcək “Keşlə” – “Zirə” oyunu 13:00-da start götürəcək.
 
Baş məşqçi dəyişikliyindən sonra da uğursuz oyunu davam edən meydan sahibi çempionluğa oynayan rəqibini büdrətmək iddiasındadı. Növbəti məğlubiyyət, hətta heç-heçə Ramiz Məmmədovun rəhbərlik etdiyi kollektivin sonuncu pilləyə yuvarlanmasına səbəb ola bilər. Ayxan Abbasovun yetirmələrinin isə qələbə sayəsində liderliyi ələ keçirmək imkanı da var. Təbii ki, bunun üçün “Qarabağ”ın “Sumqayıt”la görüşdə uğursuzluğa düçar olması lazımdı. Məğlubiyyət isə “Zirə”nin 2-ci pillədəki mövqeyini əldən verməsinə səbəb ola bilər.
 
Bu, komandaların yubiley – 10-cu oyunu olacaq. Əvvəlki matçların 7-də heç-heçə qeydə alınıb və komandaların ərəsi 1 qələbə əldə etməyi bacarıb. Son 5 oyunda eyni – 1:1 hesablı heç-heçə qeydə alınıb. “Keşlə” 7 matçdır meydanı qolsuz tərk etmir. Komandalardan heç biri indiyədək səfərdə qalib gəlməyib.
 

“Kəpəz” – “Səbail”
18 noyabr, 15:00
Hakimlər: Rauf Cabbarov, Elman Musayev, Vüqar Bayramov, Rəvan Həmzəzadə
Gəncə şəhər stadionu

 
İkinci oyun gününə Gəncədə yekun vurulacaq. “Kəpəz” debütant “Səbail”i qonaq edəcək. Ev sahibi ilk dövrədəki məğlubiyyətin əvəzini çıxmaq üçün meydana çıxacaq. Ancaq bunun baş verəcəyini əminliklə söyləmək olmaz.
 
Son zamanlar klub ətrafında hökm sürən gərginlik, dolaşan mənfi informasiyalar, üstəlik prosesdə baş məşqçi Şahin Diniyevin də adının hallanması komandanın oyununa təsir edə bilər. Gəncəlilər “Səbail”lə görüşdə bunun əksini sübut etməlidilər. Sonuncu pillədə qərarlaşan “Kəpəz” qələbə sayəsində birdən-birə 2 addım irəli gedə bilər.
 
“Səbail” də səfərə asan təslim olmaq üçün getmir. Turnir cədvəlindəki mövqeyi heç də ürəkaçan olmayan Samir Əliyevin komandası xal qazana bilməsə, digər oyunların da nəticəsindən asılı olaraq sonuncu pilləyə düşə bilər.
 
Bu, komandaların 2-ci oyunu olacaq. Əvvəlki yeganə görüşdə “Səbail” minimal hesablı qələbə qazanıb.
 

“Neftçi” – “Qəbələ”
19 noyabr, 17:00
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Orxan Məmmədov
"Bakcell Arena"


Tura “Bakcell Arena”da yekun vurulacaq. Burda “Neftçi” və “Qəbələ” münasibətlərinə aydınlıq gətirəcək. Bu qarşılaşma XII turun ən maraqlı matçı da hesab olunur.
 
Ardıcıl 4 qələbədən sonra ötən tur “Zirə” səfərində məğlub olan “Neftçi” üçün “Qəbələ” ilə görüşü həqiqət anı da saymaq olar.. Komanda güclü rəqiblə ev oyununda uğurlu nəticə əldə etməklə “qara zolaq”dan çıxdığını sübut etməlidi. Çünki əksəriyyət “Zirə”yəqədərki qələbələri daha çox rəqib komandaların zəif olması ilə əlaqələndirir. Tərlan Əhmədovun yetirmələri avrokubok mübarizəsində iddiasını davam etdirmək üçün də “Qəbələ” ilə görüşdə uğurlu nəticə əldə etməlidi.

“Qərmızı-qaralar” isə Bakıya 2-ci pilləyə qayıtmaq iddiası ilə gəlib. Ancaq bu, daha çox digər oyunların nəticəsindən asılı olacaq. İstənilən halda, çempionluğa oynayan Roman Qriqorçukun komandası “Neftçi” ilə oyuna yalnız qələbə üçün çıxacaq.
 
“Neftçi” və “Qəbələ” daha əvvəl 37 dəfə üz-üzə gəlib. 15 görüşdə Bakı klubu, 14 oyunda əyalət təmsilçisi 3 xal qazanıb. 8 görüşdə qalib müəyyənləşməyib. “Qəbələ” qalib gəlməklə balans yarada bilər. Top fərqində isə “qırmızı-qaralar”ın minimal üstünlüyü var – 47:46. Son 4 qarşılaşmada meydan sahibi tərəf qalib gəlib. “Neftçi” son 7 görüşdə cəmi 1 qələbə əldə edib.


oxunma sayı: 589 | Paylaş:




?>