')

Bu gün:


FutbolPress.Az | Bundan yaxşı imkan olmayacaq

Bundan yaxşı imkan olmayacaq


oxunma sayı: 309 Paylaş:

FutbolPressAzərbaycan U-21 millisi sabah AÇ-2019-un seçmə mərhələsində növbəti oyununu keçirəcək. Samir Ələkbərovun rəhbərlik etdiyi kollektiv Kosovonu qəbul edəcək.

Keçirdiyi dörd oyunda xal qazanmayan və yer aldığı V qrupda sonuncu pillədə qərarlaşan yığmamız nəhayət ki, uğurlu nəticəyə ümid edir. Bir neçə gün əvvəl doğma meydanda Almaniyaya 0:7 hesabıyla məğlub olan komanda nisbətən zəif rəqiblə qarşılaşmada həm də bu yenilgini unutdurmağa çalışmalıdı.

Ümumiyyətlə, Kosovo millimiz üçün qrupda ən münasib rəqib sayılır. Baxmayaraq ki, bu komandanın  göstəriciləri Azərbaycan yığması müqayisədə çox yaxşıdı. Artıq qeyd etdik ki, yığmamız 4 matçdan sonra xal qazanmayıb. Qapısında 19 top görən kollektiv cəmi 3 dəfə rəqiblərini mərkəzə dəvət edə bilib. Bütün oyunlarda azı 3 top buraxan komandamız 2 dəfə böyükhesablı məğlubiyyətə məruz qalıb. Kosovo isə 5 oyunda 6 xal yığmağı bacarıb və hazırda qrup 4-cüsüdü. Komanda vurduğu 6 qolun müqabilində 8 dəfə topu öz qapısından çəıxarmalı olub.

Qarşılaşmanın Bakıda keçirildiyini nəzərə alsaq, Azərbaycan yığması üçün xal qazanmaq baxımından bundan yaxşı şans olmayacaq. Hətta bir çoxları qələbəyə də ümid edir. Düzdü, Almaniyaya biabırçı məğlubiyyətdən sonra Samir Ələkbərov üçün komandanı toparlamaq asan olmayacaq, ancaq yəqin düşərgədə hər kəs dərk edir ki, Kosovo qrupda “dişimizə görə” olan yeganə rəqibdi. Üstəlik bu komanda da millimiz kimi son oyunda böyük hesabla uduzub. Düzdü, bunu 0:7 ilə müqayisə etmək düzgün deyil, ancaq İsrailə ev oyununda 0:4 hesablı yenilgi Kosovonun elə də güclü komanda olmadığını göstərir. U-21 millimiz bu rəqibini də məğlub edə bilməsə, böyük ehtimalla qrup sonuncusu olacağı indidən dəqiqləşəcək.

Kosovo ilə oyunöncəsi millinin düşərgəsində bir sıra problemlər var. Almaniyaya qarşı matçdan sonra “soyunub geyinmə otağının xəstəxanaya çevrildiyini” deyən Samir Ələkbərov sabahkı matçda Renat Dadaşovun xidmətlərindən yararlana bilməyəcək. “Ayntraxt”ın hücumçusu zədə səbəbindən düşərgəni tərk edib. Ondan başqa heyətdən kənarlaşdırılan olmasa da, bir neçə oyunçunun da tam hazır olmadığı deyilir.

Kosovo ilə qarşılaşma Samir Ələkbərovun da özünü təsdiqləməsi üçün son imkandı. Yaşar Vahabzadənin istefaya göndərilməsindən sonra 3 oyunluq yığmaya rəhbərlik etmək üçün təyinat verilən mütəxəssis ilk iki görüşdə darmadağınla üzləşib. “Uşaq da bilirdi ki, Almaniyanın bizə 3-dən çox qol vurması mümkündü” deyən Ələkbərovun Kosovo ilə oyundakı hər hansı uğursuz nəticəyə görə artıq bəhanəsi də olmayacaq.


oxunma sayı: 309 | Paylaş:




?>