')

Bu gün:


FutbolPress.Az | Baş katib vəzifəsinin məsuliyyətini bilmir – “Kəpəz” olayı böyüyür

Baş katib vəzifəsinin məsuliyyətini bilmir – “Kəpəz” olayı böyüyür


oxunma sayı: 4628 Paylaş:

FutbolPressBu, bilirsiniz nədir? Daim bildiririk ki, Azərbaycan futbolunu idarə edənlər maxinasiyalara yol verirlər, külli-miqdarda maliyyə mənimsəmələrini rahat gerçəkləşdirirlər. Əvəzində bu mövzularda yazan azsaylı media qurumlarına qarşı, "Fakt göstərin!" cavabı verilir. Təbii ki, media hakimiyyət qollarının 4-cüsüdür, onun istintaq aparmaq, iddialarını tam şəkildə FAKTLA ortaya qoymaq imkanları məhduddur. Bununçün hakimiyyətin 3-cü qolu - məhkəmə var. KİV-in yazdığı iddia/ittihamlardan razı olmayanlar rahatlıqla bunu məhkəmə yoluyla aşkarlayıb, yazılanların əsassız olduğunu sübut eləyə bilər və nəticədə müvafiq media qurumu cəzalanar.
 
Ancaq indiyədək müxtəlif vaxtlarda məhkəmə ilə "hədələsələr" də hələ real addım atan olmayıb. Bilirsiz niyə? Çünki şəffaflığa zəmanət yoxdur. Fəaliyyətinin dürüstlüyünə güvənən idarəçi, dolayı desək, təmiz olan kəs heç vaxt razı olmaz ki, mediada haqqında müntəzəm ittihamlar dərc edilsin.
 
Amma edilir. Bəla da ondadır ki, ittihamlar, ifşalar nəyisə dəyişmir.
 
"Kəpəz"dəki maliyyə maxinasiyaları iddialarının ortaya çıxdığı andan bu yana prosesi diqqətlə izləyənlər görür ki, bunu da ilk dəfə istintaq orqanları yox, jurnalistlər elədi. Yazıldı. Ancaq əvvəlcə yazılanların yersiz ittiham olduğu iddia edildi, sonra böhtan.. ancaq yazıldıqca, ifşalar davam etdikcə təzyiqə tab gətirməyib, ortaya çıxanlar oldu. Beləliklə, həqiqətlər tədricən aşkarlandı. İndi prosesin o yerindəyik ki, "Kəpəz"in mühasibi Mənsurə Məmmədova "Futbol+"ə müsahibəsində, necə deyərlər, "açdı sandığı, tökdü pambığı". Gəlin, prosesin əvvəlinə qayıdaq və xronolji şəkildə son duruma qədər gələk.
 
- "Kəpəz"in Müşahidə Şurasının AFFA-dan göndərilmiş üzvü, qurumun Media və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlunun Gəncə klubundakı postundan geri çağırıldığı haqda assosiasiyanın rəsmi saytında xəbər dərc edilir.
 
- Məlumat şok effekti yaradır. Gündəmin əsas mövzusuna çevrilən bu məsələni araşdırmağa başlayan KİV bir müddət sonra aşkara çıxarır ki, audit yoxlaması nəticəsində maliyyə pozuntuları aşkarlanıb. Nərimanoğlunun AFFA tərəfindən geri çağırılması, bir növ postundan qovulmasına səbəb də bu olub. İddianı "Futbolinfo" ortaya atır və bir müddət sonra təsdiqini tapır.
 
- Adı maliyyə mənimsəməsində çəkilən Mikayıl Nərimanoğlunun "Kəpəz" MŞ-nın üzvlüyündən geri çağırılmasıyla AFFA-dakı postundan da istefaya göndərilməsi eyni gündə baş verir. Bu, adıçəkilən şəxsin ciddi nöqsanlara yol verdiyinin, assosiasiya rəhbərliyinin  onu bağışlamaq üçün kiçik səbəb də tapa bilmədiyinin göstəricisidir. Elə bu ərəfələrdə məlum olur ki, Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev şəxsən maliyyə yoxlamasının aparılmasını istəyib. O, bunu AFFA prezidenti Rövnəq Abdullayevlə telefon danışığında bilidiribmiş. Və Nərimanoğlunun əməlinə heç bir bəraət imkanının qalmadığını görən assosiasiyanın baş katibi Elxan Məmmədov radikal qərar verməyə məcbur olur.
 
- AFFA-nın saytında bu istefa həngaməsi absurd bir şəkildə təqdim edilir. Guya adı maliyyə maxinasiyasında keçən Nərimanoğlu "Kəpəz"dən buna görə yox, uşaq futbolunun inkişafı, infrastrukturun bərpası və s. planların hazırlanması üçün... Bu iddiaya təbii ki, heç kəs inanmadı. Ancaq AFFA ictimaiyyəti aldatmaqdan qəti çəkinmədi. Səbəb?
 
- Sözügedən absurd səbəb açıqlamasının müəllifi məlum olur. Jurnalistlərə açıqlamasında AFFA baş katibi Elxan Məmmədov bildirir ki, Nərimanoğlu ordan guya həqiqətən uşaq futbolu, infrastruktur mövzularına görə geri çağırılıbmış. "Buna inandıq, bəs eyni gündə həm də AFFA-dakı vəzifəsindən niyə qovulub?" sualına isə təbii ki, birbaşa cavab verə bilmir, mövzunu başqa yönə istiqamətləndirir.
 
- Elxan Məmmədovun böyük skandal həddində olan məsələni ört-basdır etmək cəhdləri sual kimi qoyulur və medianın əsas müzakirə mövzusuna çevrilir. İnandırıcı iddialardan biri budur ki, Nərimanoğlu özbaşına heç vaxt  bir manat da mənimsəyə bilməzdi - baş katibin şahidliyi, necə deyərlər, icazə olmasaydı. Məntiqli şübhədir: baş katib bilsə də, məsələni gizlədib. Bu bir cinayət tərkibli əməl, digəri isə onun özünün də prosesdə maraqlı olması. Bəli, mənimsəmələri bu iki şəxs birgə edib, "yanan" isə Nərimanoğlu olub. Məhz bu səbəbdən onunçün yeni vəzifə qondarılır - AFFA-dakı komitələrin koordinatoru. Bu, Elxan Məmmədovun tələsik verdiyi qərar kimi təəccübə səbəb olur. Adı maliyyə pozuntusunda hallanan və sübut olunan birini bir vəzifədən istefaya göndərib, digərinə təyin eləməyin məntiqi nədir? Elxan Məmmədov Mikayıl Nərimanoğlunun yanında gözükölgəlidir... Araşdırılmalıdır! Yenə fakt istəmək artıqdır. Yazılan iddialar ciddi informasiyalara söykənir.
 
- Baş katibin bütün gücünü səfərbər edərək böyük qalmaqalı ört-basdır eləməyə çalışdığı bir ərəfədə yeni iddia ortaya atılır. "Kəpəz"in baş məşqçisi Şahin Diniyev də olanlardan xəbərdar imiş və prosesin iştirakçısıymış. Məsələni özüylə dəqiqləşdiririk. Saytımıza açıqlamasında Şahin bəy belə deyir: "7 min maaş alıram. Bundan əlavə rəhbərlikdən nə mükafat, nə də hər hansı ayrı məbləğ istəmişəm. Maliyyə qalmaqalları ilə də əlaqəm yoxdu. Ümumiyyətlə, bunlar komandadan, məşqçi və texniki heyətdən tamamilə uzaq məsələlərdi. Maliyyə proseslərində iştirakımız mümkün də deyil. Sadəcə müqavilə imzalanıb və ona uyğun da məvacibimizi alırıq". Prosesin gedişatı yaxşı heç nə vəd etmir. Gəncədən ard-arda şok məlumatlar gəlməkdə... Bildirilirdi ki, olanlar 1-2 nəfərin boynuna atılacaq və iş beləcə "bağlanacaq". Elə bu məqamda "Kəpəz"in mühasibinin çox şeyə aydınlıq gətirən müsahibəsi çıxır. Deyilənə görə, Mənsurə xanım prosesdə "qara buludların" onun üzərinə də gətirildiyini hiss edərək, açıq danışmaq qərarına gəlib. Audit hələ tam bitməyib, ancaq şər-böhtan qurbanı olmaq istəməyənlər bir-bir aşkara çıxıb, həqiqətləri bildirirlər. Mənsurə Məmmədovanın müsahibəsindən sitat: "Şahin Diniyevin 7 min manat maaş aldığını bilirdim. Amma karta köçürülən 10 min 500 manatdan kimə nə verdiyini bilmirdim. Mənə konkret siyahı gəlirdi. O siyahıya uyğun da pulları kartlara köçürürdüm. Mikayıl müəllimin hər şeydən xəbəri olub. Cabir müəllim də iş tapşıranda bunu Nərimanoğlu ilə razılaşdırmışam. Onun klubda adı gedən, işə çıxmayıb maaş alanlardan məlumatı var idi.
 
Mikayıl Nərimanoğluna nəsə sual verəndə cavabında "mən heç Elxan Məmmədova xəyanət edərəm? Mən inanılmış adam olmasaydım, baş katib məni bu vəzifəyə təyin etməzdi” cavabını eşidirdim. Onu mənə rəhbər qoyublarsa, dediklərini etməyə məcburam. Rəqəmlərdəki fərqi ona deyəndə isə əsəbi formada "Mənsurə xanım, mən sizə nə deyirəm onu edin. Bütün məsələlər "yuxarı” ilə razılaşdırılır” dedi". Bu da əsl həqiqət.
 
- Bəs Diniyevin günahı nədir? O, açıqlamalarında heç vaxt danmayıb, 7 min manat maaş aldığını bildirib. Ancaq eyni zamanda kartına 10.500 manat köçürüldüyünü də inkar edib, proseslərdən xəbərsiz və uzaq olduğunu deyib. Diniyevin qəbahəti, hətta cinayət tərkibli əməli də məhz budur. Məlumatı gizlətmək. Onun adına açılan karta 10.500 manat köçürülür və 7000 manatı maaş kimi götürülürdüsə, yerdə qalan 3500 manatı kimə, hara gedirdi və s. Bunu Diniyev sonradan açıqlasa da, lap açıb, hər şeyi desə də, bu, onu təqsirsiz eləmir. Məhz Mənsurə xanımın müsahibəsindən sonra MƏCBUR qalıb müəyyən məqamlara aydınlıq gətirmək... İstintaq olsa, bunun qəbahət olduğu sübut olunar.
 
Məsələnin o həddindəyik ki, demək olar, iddiaların əksəri təsdiqini tapıb. İndi istintaq zamanıdır. Ortada ciddi maxinasiya, əlbir olub, dövlətin əmlakını mənimsəmə və s. analoji cinayət əməlləri var. Bəli, "Kəpəz"də maliyyəni mənimsəmə faktı məhz dövlətə xəyanətdir. Çünki bu maliyyə SOCAR-dan ayrılırdı.  Ordakı heç bir idarəçi hardansa qazanıb, klubun büdcəsinə bir manat da əlavə etməyib. SOCAR-ın, dolayısıyla dövlətin dotasiyası hesabına, ölkə futbolunun inkişafı naminə ayrılan maliyyə bir qrup şəxsin ixtiyarına düşür və onlar istədiyi formada mənimsəmədən çəkinmir.
 
Bu, təkcə "Kəpəz"də ortaya çıxan problemdir. Hökumət, dövlət məsələyə əl qoysa, futbol təsərrüfatında belə ifşa olunan maxinatorların sayı onlarla, hətta yüzlərlə olar.
 
AFFA prezidenti Rövnəq Abdullayevin məsələni xüsusi nəzarətinə götürməsi qaçılmazdır, hətta gecikib. Ortaya çıxan yeyinti faktlarının səbəbləri, səbəbkarları aşkarlanmalı, cəzalandırılmalıdır.
 
Elçin Cəlilov

P.S. Prosesin gedişatı hələ çox gizlinləri üzə çıxaracaq. Ancaq özünü ən şübhəli aparan AFFA-nın baş katibi Elxan Məmmədovdur. O, vəzifəsinin məsuliyyətini dərk etmir, ya da ictimai təzyiqin, hüquqi araşdırmanın olmadığını görüb, öz bildiyi məcraya yönəldir prosesi. Baş katib əslində təşəbbüskar rolunda olmalı, prosesin önündə getməlidir. O, Gəncəyə ezam olunmuş audit qrupunun araşdırmalarının nəticələri haqda qismən də olsa, ictimaiyyətə məlumat verməlidir. Ortaya çıxan ittihamlarda baş katibin görməli olduğu əsas iş hər şübhənin araşdırılmasına nail olmaqdır. Daha da sadalayaqmı, Məmmədov? Amma siz vəzifənizdən sui-istifadə edərək, ciddi böhran durumunun səbəblərini araşdırmağa yox, gizlətməyə çalışırsınız. Əcəba niyə? Nədən və kimdən qorxursunuz, çəkinəcəyinizin səbəbi nədir?
 
Prosesi izləyirik və Gəncə araşdırmalarının səbəb-nəticələrini gözləyirik. Olanlar sıradan olay deyil. Dövlət büdcəsinə xəyanətdir. Futbol təsərrüfatına ayrılan dotasiyaların sıradan məmurlar tərəfindən belə rahatlıqla mənimsənilməsi deməkdir.
 
Araşdırmalarda mətbuata mane olmaq yox, şərait yaratmaq lazımdır.

Elçin Cəlilov



oxunma sayı: 4628 | Paylaş:




?>