')

Bu gün:


FutbolPress.Az | “Qurban Qurbanovun milliyə gedişi “Qarabağ”ı zəiflətməyəcək”

“Qurban Qurbanovun milliyə gedişi “Qarabağ”ı zəiflətməyəcək”


oxunma sayı: 472 Paylaş:

FutbolPressSabah AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək. Budəfəki toplantıda əsas müzakirə mövzusu Robert Prosineçki ilə müqavilə uzadılmamasından sonra millinin boş qalan baş məşqçi postuna namizədlərin müzakirəsidi. Ola bilsin ki, artıq sabah yığmanın yeni baş məşqçisinin kimliyinə aydınlıq gəlsin.

Hazırda milliyə əsas namizəd “Qarabağ”ın çalışdırıcısı Qurban Qurbanov göstərilir. Onun yığmaya təyinatının indidən bəlli olduğunu deyənlər də var.

AFFA İcraiyyə Komitəsinin üzvü, Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov yığmanın yeni çalışdırıcısının kimliyi ilə bağlı fikirlərini “FutbolPress”ə açıqladı. O da Qurban Qurbanovun yığmaya gəlməsinin tərəfdarı olduğunu söylədi:

“Milliyə yerli baş məşqçi təyin olunmasının vaxtıdı. Yeni çalışdırıcı ölkə futbolunu yaxşı bilən, futbolçuları tanıyan olmalıdı. Mənim variantım Qurban Qurbanovdu. Artıq onun milliyə gəlmək vaxtıdı. Son illərin ən uğurlu məşqçisidi. “Qarabağ”la ardıcıl ölkə çempionluqları qazandı, avrokuboklara uğurlu çıxış etdi. Bu il artıq Çempionlar Liqasının qrup məırhələsində çıxış edir komanda. Özü də sensasiyalı nəticələr qazanır, bütün Avropanı şoka salmağı bacarır. Düşünürəm ki, Qurban Qurbanov klubdan sonra artıq milli ilə də uğurlar qazana biləcək. Yığmanın əsas futbolçuları “Qarabağ”ın üzvləridi. Komandadan 11-12 oyunçu milliyə çağırılır və onları Qurbanovdan yaxşı heç kim tanıya bilməz”.

Uzun müddətdir ki, “Qarabağ”da fəaliyyət göstərən Qurbanovun klubla davam edən müqaviləsi var. Versiyaya görə, təcrübəli mütəxəssis həm Ağdam klubunu, həm də millini çalışdıracaq. Həmsöhbətimiz bu variantın tərəfdarı olmadığını, məşqçinin yalnız bir yerdə işləməli olduğunu bildirdi:

“Belə ola bilər. Ancaq düşünürəm ki, baş məşqçinin yalnız bir əsas iş yeri olmalıdı. İndiki halda Qurban Qurbanov davam edən mövsümün sonunadək həm “Qarabağ”ı, həm də millini çalışdıra bilər. Buna etiraz etmirəm. Ancaq mövsüm başa çatdıqdan sonra onun yalnız millidə qalması daha məqsədəuyğun olar. Çünki gələn il bizim üçün çox vacib olan Millətlər Liqası başlayır, Avropa Çempionatının seçmə mərhələ görüşləri olacaq. Bu baxımdan məşqçinin fikrini təkcə yığma komandaya yönəltməsi lazımdı”.

Qurbanovun uğurlarının memarı olduğu “Qarabağ”dan getməsi komandanı zəiflətməyəcək ki? Hətta klubun vitse-prezidenti Tahir Gözəl də yalnız bir halda baş məşqçini milliyə buraxmağa hazır olduqlarını bildirib ki, “Qarabağ”a ziyan dəyməsin. Sadıqov bu amilin Ağdam klubunun nəticələrinə pis təsir edəcəyini düşünmədiyini söylədi:

“Qarabağ”da bir sistem var və bu işləyir. Onu yaradan Qurban Qurbanovdu, lakin o, gedəndən sonra komandada zəifləmə olacağını düşünmürəm. Sistem yenə işləyəcək. Yəqin ki, Qurbanov milliyə getsə, onu layiqli biri əvəzləyəcək. Bu baxımdan komanda üçün hansısa çətinlik olmamalıdı. Qurbanov bacarıqlı məşqçidi və artıq daha fərqli yerdə də bunu göstərməlidi. “Qarabağ”da böyük işlər gördü. İndi bunları milli ilə eləmək vaxtıdı. Mən onun bunu bacaracağına inanıram”.

Vaqif Sadıqov Qurban Qurbanovdan başqa hansısa namizədinin olmadığını bildirdi:

“Dediyim kimi yeni baş məşqçi yerli mütəxəssis olmalıdı. İndi mən kimisə milliyə baş məşqçi təyin etmirəm. Sadəcə, Qurban Qurbanov yığmada işləsə faydalı olacağını düşünürəm. Bəlkə də başqa təkliflər də var. Bu barədə heç nə deyə bilmərəm”.


oxunma sayı: 472 | Paylaş:




?>