')

Bu gün:


FutbolPress.Az | Mikayıl Nərimanoğlu daha nələrə mane olub? (QEYD)

Mikayıl Nərimanoğlu daha nələrə mane olub? (QEYD)


oxunma sayı: 824 Paylaş:

FutbolPressAFFA media və ictimaiyyətlə əlaqələndiricisi Mikayıl Nərimanoğlunu "Kəpəz"in Müşahidə Şurasındak üzvlükdən geri çağırıb. Rəsmi saytda açıqlamada qeyd olunmuşdu ki, bu qərar Gəncədə uşaq futbolunun inkişafı naminə bla bla bla...

Maliyyə yeyintisində iştirakçı olan bir şəxs üçün cinayət araşdırması açılmaqdansa lağlağı tərzində açıqlama verilir...

Nərimanoğlunun AFFA-dakı postunda 5-6 min arası məvacib aldığı bildirilirdi. "Kəpəz"dəki şuraviliyinə görə də 7 min manat. Üst-üstə xeyli yaxşı məbləğ qazanan, ancaq ortada nə bu, nə o biri vəzifəsində faydalı olan birinin rahatlıqla maxinasiyalara yol açması problemin Mikayıl Nərimanoğlu səviyyəsindən daha dərin olduğunu iddia eləməyə əsas verir. Hər halda, Gəncənin icra başçısı Elmar Vəliyevin göstərişi ilə SOCAR-dan audit göndərilirsə, nəticədə maxinasiya faktı aşkarlanırsa, onda mütləq halda bu tip araşdırmalar AFFA-nın digər yüksək vəzifəliləri üçün də aparılmalıdır. Çünki analoji "yeyintini" özbaşına, tək eləmək mümkün deyil. Bu, bir şəbəkə olub və onun özəyini axtarıb tapmaq lazımdır. Araşdırmalar aparılmasa, media olaraq bu məsələnin daim gündəmdə qalmasını təmin etmək vəzifə borcumuz...

Nərimanoğlunun mənfəətbaz, şəxsi mənafelərdən başqa hansısa genişmiqyaslı, proqressiv addım atmadığı bizə - KİV nümayəndələrinə yaxşı məlumdur.

Təxminən may-iyun ərəfələrində baş katib Elxan Məmmədovla telefon danışığında bildirdim ki, Media Komitəsində islahat nəzərdə tutan planım var. Eşitməyə hazır olduğunu söylədi. Müəyyən qismi açıqlayandan sonra baş katib bu ideyaları çox bəyəndiyini, bir müddət vaxt istədiyini bildirib, təklifi həll etməyə çalışacağını açıqladı.

Bunu ona görə etmişdim ki, komitəyə ikinci vədə seçkidə namizəd olmuşdum və seçilərkən mediadakı həmkarlara komitənin daha da inkişafı üçün nələrsə eləməyə çalışacağımı vəd eləmişdim.

Təqdim etdiyim planın müəyyən qismi belə icra edilsəydi, indi biz əvvəlkinə nisbətən daha sağlam media mühitinə nail olmaqdaydıq...

Elxan bəyin məndən istədiyi vədə bitmişdi, üstəlik 2 həftə də əlavə. Təbii ki, mən bu işlərin hamısını subardinasiya qaydalarına uyğun gördüyümçün danışıqlardan media əlaqələndirici olan Mikayıl Nərimanoğlunun da xəbəri vardı. Vədə keçdiyindən özüm Məmmədovla əlaqə saxlayıb, bir xəbərin hasil olmamasının səbəbini soruşdum. O, həddən artıq geniş plan olduğunu bildirərək, hələlik bu ideyanın dəstəklənməsini məqbul saymadıqlarını açıq bildirdi.

Planı qısaca bildirim.

AFFA yanında Media Komitəsinin illik start büdcəsinin 80 mindən cəmi 100 minə qaldırılması, sadəcə maliyyə bölgüsünün fərqli sxemdə aparılması. Bu bölgüdə heç bir kontingent narazı qalmayacaqdı. Böyük KİV geniş imkanlar əldə edib, daha ciddi layihələrə təhkim olunacaqdılar, ortabablar həmişə qazandıqlarını qazanacaqdılar, səif saytlar isə həvəskar üzvlük kimi... Bu sxemin üstünlüyü onda idi ki, 3 fərqli liqa yaradılacaqdı. İşini yaxşı görmüş sayt və ya qəzet daha yüksək liqaya qalxacaq və daha çox qazanacaq, səhlənkar yanaşanlar, bacarmayanlar, peşəkarlıqdan uzaq olanlar isə avtomatik, etiraz bildirməyə arqumenti olmadan aşağı düşəcəkdilər.

İllərdir axtarılan bir sxem yəni...

Bu təklifin qəbul oluması, müsbət dəyərləndirlməsi, ancaq icrasından imtina edilməsi, təbii ki, mənə qəribə göründü. Bu və başqa müəyyən arzulanmaz detallara görə komitədəki statusumdan imtina edib, istefa verdiyimi açıqladım. Bu, hörmətsizliyə qarşı verilmiş qərar idi. Vaxtımı, enerjimi daha çox rəhbərlik etdiyim "FutbolPress"ə ayırmalıydım...

Qısa vaxt sonra elə AFFA-nın içindən müxtəlif şəxslər mənə bildirdilər ki, komitədən nahaq çıxdın. Bir müddət də keçsəydi, Elxan Məmmədov təklifin dəyərləndirilməsinə çalışacaqdı. Mənbələr bildirirdi ki, bu ideyanın gerçəkləşdirilməsinə Mikayıl Nərimanoğlu mane olub. Necə deyərlər, onun istəyi olsaydı, dəstək versəydi, komitənin inkişafı üçün təklif edilən ideyalara müsbət cavab gələrdi.

Bu informasiyaların az olmadığını görüncə birbaşa Nərimanoğlunun özü ilə əlaqə saxlayıb, bu cür şübhələrin geniş yayıldığını ona açıq bildirdim. Təbii ki, etirazın biri bir qəpikdən...

İstefamdan 1ay keçməmiş yenidən görüşə çağırıldım. Nərimanoğlu bildirdi ki, rəhbərlik sizinlə bir məsələni müzakirə eləmək istəyir. Görüşdüm. Elxan Məmmədov yenidən məsələyə qayıdıb, komitə, media adına təklif etdiyim ideyaların dəstəklənə biləcəyini, bununçün çalışdıqlarını açıqladı. Yenidən zaman istədi. Ancaq yenə də qarşı tərəfdən səs-səmir çıxmadı.

Qəribədir?

Səni özləri xahiş edib, görüşə çağırır, ideya-təklif istəyir, zaman danışılır, yenə heç nə olmur.

Bu oyunbazlığa qarşı Mikayıl bəyə zəng edərək, bildirdim ki, AFFA kimi böyük təşkilata belə davranış yaraşmır. Baş katibə bildirərsiniz ki, hansısa müzakirədən daha söhbət gedə bilməz. Komitə də medianın inkişafı üçün yox, asılı salınması üçün yaradılıb, bunu dəqiq hiss etdiyimçün istefamı da haqlı sayıram. Maraqlıdır, vəziyyəti düzəltməkçün heç xırda bir cəhd də etməyən Mikayıl bəy bu an dərk etmirdi ki, vəzifəsinin icrasında çox ciddi qüsur buraxır. O, sanki gərginliyin daha böyük olmasına maraqlı kimi davranırdı.

Uzun sözün qısası, indi belə bir şəxs - media ilə AFFA arasında münasibətlərin inkişafı yox, cılızlaşmasına səbəb olan birinin adı maliyyə maxinasiyalarında hallanır. Hələ ki, cəza tədbiri olaraq yalnız vəzifəsi dəyişdirilib. Anormallıqdır. Yoxlama komissiyası konkret faktlarla külli-miqdarda yeyintinin olduğunu aşkarlayıbsa, təqsirkar qismində də hələ ki, yalnız Mikayıl Nərimanoğlu aşkarlanıbsa, ona qarşı fakt üzrə hüquqi tədbir görülmürsə, bu da şübhəli məqamdır. Demək, bu proses şəbəkə halındadır. Dərinləşməsin deyə, gizli aparılır.

İnanırıq ki, müvafiq qurumlar prosesə diqqət yetirər. Ümumiyyətlə, ölkə futbolundakı bu və digər böyük maxinasiyaların olduğu bəllidir. Nəzarətin gücləndirilməsi isə qaçılmazdır.

AFFA rəhbərliyinin mözu ətrafında açıqlaması məzhəkədən başqa bir şey deyil. Məsələyə tam aydınlıq gətirilməsi vacibdir.

Elçin Cəlilov


oxunma sayı: 824 | Paylaş:




?>