')

Bu gün:


FutbolPress.Az | Azarkeş, “Neftçi” səni səsləyir!

Azarkeş, “Neftçi” səni səsləyir!


oxunma sayı: 994 Paylaş:

FutbolPressÖlkənin ən yaşlı futbol klubu “Neftçi” son illərdə bəlkə də tarixinin ən ciddi azarkeş problemini yaşayır. SSRİ dövründən həm yüksək, həm aşağı liqada yarışan “xalq komandası” nə həmin zaman, nə də müstəqillikdən sonra fanat dəstəyini indiki qədər az hiss edib. Əksinə, komandanın ev oyunları adətən bütün digər klubların matçlarından fərqlənib. Bir vaxtlar hətta “Xəzər Lənkəran”lılarla “Neftçi” azarkeşlərinin bəzən həddi aşan bir rəqabəti gözə dəyirdi. Bu, elə bir vaxt idi ki, Bakı klubunun “Flaqman” “Ultra Neftçi”, “Neftçimania”, “Forza Neftçi” kimi fan-klubları təkcə rəqib azarkeşlərlə yox, öz aralarında da ciddi rəqabət aparırdılar. Qaynayan bir “Neftçi” camiəsi var idi...

Əvvəllər də nəticələrin uğursuz olması ilə yanaşı “Neftçi” fanatlarının tribunadan “küsməsini” müşahidə etmişdik. Bir vaxtlar komandanı bərbad duruma salan Gedenin zamanında indikiylə oxşar durum yaranmışdı. Ancaq həmin vaxtkı “küskünlük” daha aqressiv formada idi, aktiv etirazlar olurdu. Bir neçə müddət sonra klubun Avropa Liqasının qrupuna düşərək ölkə futbolunda yeni tarix yazması azarkeşlərinə də siraət etdi. Qrup oyunlarında “Neftçi” fanatları həqiqətən də möhtəşəm oldu.

Sonradan klub rəhbərliyində ciddi dəyişiklik baş verdi. Yeni gələnlər alicənablıq yolunu tutdular, centlmen davranış göstərdilər. Kluba Çingiz Abdullayev, Fərhad Bədəlbəyli, Bəhram Bağırzadə kimi incəsənət xadimləri, ölkə futbolunda tanınan Səməd Qurbanov kimi sima dəvət olundu. Amma sistemdəki ümumi yanlışlıqlar bunun uğurlu olmasına imkan vermədi. Komandanın nəticələri ildən-ilə zəifləməyə başladı. Bu da özü növbəsində azarkeşlərin “Neftçi”dən uzaqlaşmasına gətirib çıxardı.

Baş verən ardıcıl baş məşqçi dəyişiklikləri, rəhbərlikdəki müəyyən islahatlar da kömək olmadı. Son olaraq Elxan Abdulayev klub-azarkeş münasibətlərinə bəlkə də ən ağır zərbəni vurdu. Daim fanatlarla problem içində olan çalışdırıcı kluba qarşı ciddi aqressiyanın yaranmasına səbəb oldu.

Son illər “Meftçimania”, “Ultra Neftçi”, “Flaqman” kimi fan-klublardan ümumiyyətlə səs-səda yoxdu. Yalnız “Forza Neftçi” – o da əvvəlki kimi olmasa da – tribunadadı, ev-səfər oyunu demədən komandanı dəstəkləyir. Kluba ən çox etiraz edən də, bütün azarkeş faəliyyətinin mərkəzində dayanan da “Forza Neftçi”di. Klubun fanatlarla bağlı müəyyən kampaniyalar təşkil etməsi, bu işdə həqiqətən də nəzərə çarpan işlər görməsi də nəticə vermir – küsmüş azarkeşlər tribunaya dönmür. Deməli, bunun üçün komandanın uğurlu çıxışı daha vacibdi.

Nəhayət, bu mövsümün əvvəlindən az keçmiş Abdullayev yola salındı və onu Tərlan Əhmədov əvəzlədi. Yeni baş məşqçinin gəlişi “Neftçi”də çox şeyi dəyişdi. Hər şeydən əvvəl komandanın oyununda və nəticələrində əvvəlkilərlə müqayisədə yerlə göy qədər fərq var. “Neftçi”nin Əhmədovun gəlişindən sonra keçirdiyi 5 oyunun 3-də qalib gəlməsi, özü də bu qələbələrin ardıcıl olması zarafat deyil. Elə isə azarkeşlər üçün də zarafatı bir qırağa qoymaq və stadiona gəlmək vaxtı yetişib.

İnsanların tribunaya cəlb olunmasında istənilən növ PR kampaniyasından daha artıq rolu komandanın nəticələri oynayır. Elə “Neftçi”də də uğurlu dönəmlərdə fanat çox olub, işlər yolunda getməyəndə isə boş stadion. Uzun fasilədən sonra axır ki, nəticələr düzəlir, komanda “qara zolaq”dan çıxır, mövsümün sonunda hətta ilk “üçlük” belə real görünür. Onda nəyə görə azarkeşlər tribunaya qayıtmamalıdı? Yəqin ki, onlar da bu dirçəlişdə pay sahibi olmaq istəyərlər. Bilirik ki, ev oyunlarına girişin biletlə olması bir sıra azarkeşlərin narazılığı ilə qarşılanır. Ancaq “Neftçi”nin məşhur fanatlarından birinin bizimlə söhbətində dediyi kimi: “sevimli komanda üçün bir manatdan keçmək elə də çətin olmamalıdı”. Üstəlik bu, komandanın özünə gəlməyə başladığı, azarkeş dəstəyinə daha çox ehtiyac hiss etdiyi zamandısa.

Adətən tribunada azarkeşlər komanda üzvlərini yanlarına səsləyirlər. Bu dəfə vəziyyət fərqlidi; klub azarkeşlərini çağırır. Onlar böyük əziyyət hesabına başa gələn son uğurlu gedişatın davamlı olması üçün əzəmətli “Neftçi” fanatlarını tribunaya səsləyir.

"FutbolPress"


oxunma sayı: 994 | Paylaş:




?>