')

Bu gün:


FutbolPress.Az | Ömərin tərifi (QEYD)

Ömərin tərifi (QEYD)


oxunma sayı: 808 Paylaş:

FutbolPressHakimlər Komitəsinin sədri Xaqani Məmmədov yenə dedi ki, hakimləri tənqid eləyirsiz, guya tərifli heç nə yoxdu...

Var!

İndi Ömər Paşayevin müsbət, fərqlənən yönlərini qeyd edəcəyik.

Dünən (IX tur) "Qəbələ" - "Qarabağ" (1:0)  qarşılaşmasının baş hakimi Ömər Paşayevin idarəçiliyini turun ən yaxşısı hesab eləmək olar. Ömər yeni nəslin ən fakturalısıdı. Onun hətta beynəlxalq dərəcədə daha perspektivli olan Əliyar Ağayevdən də işıqlı gələcək vəd elədiyini iddia eləmək olar.

Paşayevdə bununçün vacib olan detallar fiziki imkanlarıdı. Buna Avropada çox önəm verilir. Mütəxəssislər bildirir ki, hakimlikdə irəli getməkçün Avropada əsasən fakturaya, daha sonra ünsiyyət qabiliyyətinə baxılır. Bu keyfiyyətlərdən xali deyil. Yaradanın bəxş etdiyi boy-buxun və özünün də qatqısıyla cilalanan davranış/ünsiyyət qabiliyyəti qəhrəmanımızı önə çıxardan vacib amillərdir.

Sözügedən matçdan sonra dedim ki, Asif qolu ofsayddan vurub.

- Doğrudan?!
- Təkrara baxanda elə görünür, ancaq daha fərqli rakurslardan baxmağa da gərək var.
- ... (Üzgün mimika)
- Amma idarəçiliyin çox yaxşı oldu.
- Çox təşəkkür edirəm. Doğrudan ofsayd idi?!
- Köməkçilərinlə söhbət eləməmisənmi bunu?
- Biz eyni qərarı vermişik, hələ də o fikirdəyik. Görüntülərdən ofsayd olduğu bilinir?!
- Narahat olma. Nə məşqçilər ciddi narazılıq bildirdi, nə də elə çox şübhəli məqam deyil. Hər halda, PFL-in ofsayd üçün nəzərdə tutulan kameralarından da baxmaq lazımdı.

Təsəlli etsəm də, ciddi narahatlığa qapıldığını gördüm.

Ömərin ünsiyyətdə sıxılmadığını, yaxud başqalaşmadığını görürəm. Məsələn, bu mənada Əliyar axsayır. Xaqani Məmmədov və başqaları onun ünsiyyət qabiliyyətiylə bağlı Avropadan xoş xəbərlər gəldiyini desə də, Əliyarın adicə salamlaşarkən bunu süst/utancaq/sıxılaraq etdiyini görürəm. Sanki şəffaf pərdə arxasından hərəkət edir...

Bu çatışmazlıq digər FIFA referisi Rəhim Həsənovda da özünü büruzə verir. Rəhimdə həm də söz ehtiyatı çox kasaddı. Bir az da aqressiv uğursuzluq müşahidə edilir. Məsələn, əksər hallarda jurnalistlərlə donmuş mimikalarda danışır. Sanki özünə əmin deyil, yaxud bu ünsiyyəti istəmir və s.

Ömərdə isə əksinə, həm jurnalist, həm futbolçu, məşqçi - fikir vermişəm, ünsiyyətdə xeyli sərbəst, ən əsası, özü kimidir.

Ən vacib detallardan biri - oyun zamanı sanksiya tətbiq edərkən jestikulyasiyası digər həmkarlarından birbaş üstündür. Bu mənada onu Fariz Yusifovla bir tutmaq olar.

Məsələn, Ramil Diniyev, Rauf Cabbarov sarı və ya qırmızı kart göstərəndə subyektin üzünə qətiyyətlə baxmır. Bəzən ümumiyyətlə subyektə tərəf baxmır. Rəhim Həsənovda isə yersiz, dozadan artıq və süni gülüş var. Məsələn, sanksiya tətbiq etdiyi oyunçu qərara qarşı aqressiv reaksiya verəndə Rəhim guya gülüşü/təbəssümü ilə kontr-reaksiya vermək istəyir, ancaq bu manevri uğursuz alınır. Əliyarda nisbətən yaxşı, Ömərdə isə kifayət qədər uğurlu alınır.

Həm də müxtəlif keçmiş hakimlərdən eşitdiyimə görə, Ömər epizoda ən yaxın olan hakimdir. O, meydançanı yaxşı görür. Hadisələrin xronikasını yaxşı yadda saxlamağı bacarır. Bu da çox vacib detaldır.

Əlbəttə ki, bütün bunlar Paşayevin şəninə tərif olsa da, həm də üzərinə böyük məsuliyyət qoyur.

Artırmaq, sərhədləri aşmaq məqsədinə nail olmaq. Bunlar olsa, biz Azərbaycan hakimliyi üçün yeni modelin şahidi olacağıq. Uğurlar!

Elçin Cəlilov


oxunma sayı: 808 | Paylaş:




?>