')

Bu gün:


FutbolPress.Az | Sondan ikincilik... (QEYD)

Sondan ikincilik... (QEYD)


oxunma sayı: 736 Paylaş:

FutbolPressDaha bir seçmə mərhələ başa çatdı. Yığma DÇ – 2018-ə aparan yolda erkən büdrədi. Sona bir neçə oyun qalmış bu arzunun gerçəkləşməyəcəyi bəlli idi. Baxmayaraq ki, komanda, bəlkə də real qadir olduğundan daha yaxşı start götürmüşdü.

İlk 3 oyundan sonra Robert Prosineçkinin rəhbərlik etdiyi kollektivin 7 xalı var idi və qrupda yalnız Almaniyadan geri qalırdı. Gözlənilməz də olsa, “Niyə də yox?” şüarının reallaşa biləcəyinə ümid yaranmışdı. Ancaq sonrakı nəticələr göstərdi ki, bu, bacarığımızdan çox-çox artıqdı.

Hələ 3-cü turda Çexiya ilə səfər oyunundan sonra AFFA rəsmilərinin “eyforiyaya qapılmayaq” motivli açıqlamaları o vaxtdan millinin göstəricilərinin real gücdən artıq olduğu, “Niyə də yox?” şüarını yaradanların özlərinin buna innmadığını sübut eləmişdi. Ardınca “qara zolağ”a düşən yığma 4 matçda xal üzü görmədi.

Şimali İrlandiya səfərindən xalsız (ancaq 8 bahalı televizorla – red.) qayıdan komanda Bakıda eyni rəqiblə matçda son dəqiqə qolu ilə mundialın final mərhələsinə olan bütün ümidlərini üzdü. Ardınca Norveçə də uduzan milli Bakıda San-Marinonu darmadağın etdi. Bu qələbə Azərbaycan yığmasının tarixi ərzində ən yüksək xalını və bir oyunda ən çox qol sayını rəsmiləşdirdi.

“Cırtdan ölkə” üzərindəki qələbədən sonra ardıcıl iki matçda uduzan milli nəticədə qrup mərhələsini 5-ci, sondan ikinci pillədə başa vurdu. Darıxdığımız, öyrəşdiyimiz, doğma autsayderlik mövqeyində... və b
u qrup üçün olduqca uğursuz pillədə.

Əslində, qrupu 5-ci yerdə başa vurmaq Azərbaycan futbolu üçün heç də ən pis nəticə sayılmır. Əksinə, cari tsikl bir sıra göstəricilər baxımından əvvəlkilərdən yüksək oldu.

Yığma bu seçmə mərhələdə:
- Rekord sayda – 10 xal topladı.
- İlk dəfə 2-dən artıq qələbə qazandı.
- Bir rəqibini həm evdə, həm səfərdə məğlub etdi.
- DÇ-lərin seçmə mərhələsində ilk dəfə bir tsikldə 10 top vura bildi.
- Səfər oyunlarında ən çox – 4 xal qazanıldı.

Hər birini ayrı-ayrılıqda təhlil etdikdə isə sevinib-sevinməmə dilemmasında qərar verməkdə çətinlik çəkirsən. Məsələ burasındadı ki, seçmə mərhələ ilə bağlı bütün müsbət məqamlar birbaşa dünyanın ən zəif yığmalarından biri – San-Marino ilə bağlıdı. 10 xalın 6-sını aldığımız “cırtdan ölkə”ni həm evdə, həm səfərdə məğlub etmişik. Aydın olduğu kimi, 3 qələbənin 2-si, səfərdə qazanılan 4 xalın 3-ü san-marinolularla görüşdə qeydə alınıb. Daha maraqlı məqam isə 10 qolun 6-na bu ölkənin yığması ilə görüşlərdə imza atmağımızdı ki, bunun da biri elə san-marinolu futbolçunun “aktivinə yazılmalıdı”.

Qısası, 10 il əvvəl də San-Marinodan güclü sayılırdıq və bu gün də güclüyük. Deməli, bu ölkənin millisiylə oyunlarda əldə olunanlar göstərici ola, inkişaf sayıla bilməz. Digər rəqiblərdən – bəlkə də tarixinin ən zəif vaxtlarını yaşayan Norveç, xüsusilə Çexiya yığmalarıyla oyunlardakı nəticələr isə qətiyyən qənaətbəxş sayılmamalıdı. Xüsusilə, Bakıda çexlərə məğlubiyyət, səfərdə Norveçdən 2 cavabsız qol buraxmaq... Almaniya və Şimali İrlandiya (!) çox güclü idisə də, bu ölkələrin milliləriylə bacarmaq olardı.

Millinin startdakı çıxışını sona qədər davam etdirməməsində baş məşqçi Robert Prosineçki ilə federasiya arasında baş verənlərin də rolu az olmadı. Uzun müddətdir, adı bir sıra klublarla çəkilən, hətta Türkiyə “Bursaspor”una getməyə çox yaxın olduğu deyilən xorvatiyalı mütəxəssisi AFFA buraxmadı. Yəqin ki, millinin oyununda və nəticələrindəki geriləmələrin də bu ərəfəyə düşməsi təsadüf deyildi.

Sondan ikinciliyin Azərbaycan millisi üçün seçmə mərhələlərdə heç də ən pis nəticə olmadığını qeyd etdik. Yığma dəfələrlə tsikli sonuncu pillədə də başa vurub. Ancaq bu, ən yaxşı da deyil. Komanda ən yüksək göstəricisini indikindən az xal topladığı DÇ – 2014-ün seçmə mərhələsində, hələ yığmaya Berti Foqtsun rəhbərlik etdiyi zaman qazanıb. Həmin vaxt milli qrupu 4-cü pillədə başa vurmuşdu. Statistika geriləmə göstərir, ancaq oyun baxımından düzəlməni inkar etmək mümkün deyil.

Dəqiq olan bir şey var, Prosineçkinin komandası Foqtsunku ilə müqayisədə əməlli-başlı futbol oynayır(dı). Oyunçu seçimi, AFFA ilə problemlərinə görə milliyə, ölkə futboluna biganəliyi və s. nə qədər tənqid olunsa da, bir nömrəli günahkar qətiyyən Robbi deyildi.

Böyük hədəfə gedən yol təkcə ortaya bir şüar atmaqla olmur. Belədə yalnız çox kiçik irəliləyiş göstəriciləri ilə öyünmələr üçün münbit şərait yaratmaq və növbəti tsikllar üçün yeni manipulyasiya strategiyaları düşünmək üçün əlavə vaxt qazanmaq mümkündü.

Faiq Tahirov


oxunma sayı: 736 | Paylaş:




?>