')

Bu gün:


FutbolPress.Az | Kimdir müqəssir? 

Kimdir müqəssir? 


oxunma sayı: 1388 Paylaş:

FutbolPress"Sumqayıt"ın futbolçusu Nicat Qurbanovun kabel oğurluğuna görə həbs olunması xəbəri dünənin gündəminə şok effekti ilə yayıldı. Mövzu ətrafında müxtəlif informativ və fikir mübadiləsi xarakterli məqamlar yazıldı.

Bu gün isə belə bir fikir müzakirə edilir ki, Muxtarov ötən mövsümün 26-cı turunda hakimləri təhqir etməsinə görə 4 oyunluq və 3200 manat cərimələndiyi üçün bu vəziyyətə gəlib çıxıb. Rəsmi və tutarlı arqument olmasa da, bundan artıq bilgiyə də hələ ki, sahib deyilik.

***               ***                ***

Bir məqamı xatırlayaq. Sözügedən oyundan sonra keçirilən mətbuat konfransında "Sumqayıt"ın baş məşqçisi Samir Abasov belə demişdi: "Canı çıxacaq, özü ödəyəcək. Həmin matçda hakim qarşılaşmanı çox yüksək səviyyədə idarə etdi. Bu, yol verilməzdir. Düzdür, son dəqiqələr idi, hamı gərgin idi, qapımıza penalti təyin edilmişdi. Amma bu o demək deyil ki, sən ağzına gələni danışmalısan. Buna gərək yox idi. Özü ödəyəcək həmin cəzanı. Bu da ona dərs olacaq".

Buyur, Abasov, bu da Muxtarova dərs! Həmin hadisənin davamında futbolçu borcunu ödəyə bilmədiyi üçün oynamaqdan da məhrum olub. Beləcə, bir neçə ay gəlirsiz qalan şəxsin çıxardığı dərs - oğurluq!

Nicatın şəxsiyyətinə aid Sumqayıtda onu yaxından və uzaqdan tanıyan hər kəs müsbət fikirlər bildirir. Həm də yaxşı ailə olduqlarını qeyd edirlər. Bəs niyə oğurluğa əl atsın? Bu cür vərdişlərə meylliliyi də olmayıb. 

Onda həqiqətən Nicatın 3200 manatı qaytarmaq məqsədiylə heç bir çarə tapmayıb, belə bir vasitəyə əl atması arqumenti reallığa daha yaxın olduğunu büruzə verir. O, oynamaq istəyirdi. Çünki yeganə qazanc vasitəsi bu idi...

Sizin dərs anlayışınızın nəticəsi... Klub rəhbərliyinin məsələyə yanaşmasındakı absurdluğun bariz nümunəsi...

Nicatın perspektivli, həm də ortabab yox, böyük perspektivli futbolçu olduğunu futbol ictimaiyyəti bilir. Ona görədir ki, bu hadisəyə biganə qalmır heç kəs.

İndi məsələnin bu həddə çatmasını araşdırsaq, kimdir günahkar? Əlbəttə ki, şablonla götürsək, günahkar təqsirkar olandı. Nicat oğurluq eləyən dəstənin tərkibində olub.  Ancaq buna aparan yola da baxmaq lazımdır. Nəticəni yaradan səbəbi qabartmaq lazımdır. O, bu yolun yolçusu olmayıb...

***                ***               ***

Məhz sizin baş məşqçi kimi yanaşmanızdakı kobudluq nə cür qiymətləndirməlidir, hörmətli Abasov? Sizin peşəkar klub olmağınızı iddia eləməyiniz bundan sonra gülməli səslənəcək. Heç psixoloqunuz da yoxdur. Bu boşluğu, deyəsən, sizin bundan başqa uğurlu "psixoloji qeydləriniz" əvəzləyir. Hələ bu, ayrı mövzudur. Sizin komanda ilə davranışınız, ümumiyyətlə, ünsiyyətinizdə bəzi qüsurlu məqamların araşdırılması gərəkdir.

Milli komanda üçün baza funksiyalı klub imici yaratmağa çalışıb, tez-tez formatı dəyişən, üstü bəzək, altı təzək mahiyyətli klub idarə eləyən Kamran Quliyev, siz hara baxırdınız? Niyə bir dəfə də olsun, Nicatla maraqlanmamısınız?

Niyə maraqlanmırdınız ki, futbolçunuz məşqlərə gəlmirsə, hardadır? Axı siz milli üçün futbolçu hazırlamaq bazası... Budur milliyə məhsul hazırlamağınızın üsulu?!

Ümumiyyətlə, niyə cəriməni tam məbləğdə futbolçu ödəməlidir? Dünyanın hansı ölkəsində belə "praktika" var?

Cərimələnən komanda üzvünün borcunu tamamilə özü ödəməsindən sonra siz necə KOMANDA olacaqsınız? Nicatın aylıq məvacibi 1100 manat imiş. Cərimə isə 3200. Sizin aylıq 25 min manatlıq məvacibinizin 3 qatını cərimə ödəyəcəyinizi desələr, bunu normal qarşılayarsız? Azərbaycan futbolunu bu təfəkkürə sahib insanların idarə eləməsinin nəticəsidir elə, "klub qəbiristanlığının" böyüməsi...

P.S. Bir bəla da Azərbaycan futbolunda "danışmayan başlar" probleminin olmasıdır. Futbolun içində qaynayan proseslərin yarısı üzə çıxmır. Çünki heç kəs bir-birini "satmaq" istəmir. Onu bitirərlər...
Nicat zamanında bu absurd məqamı qabartsaydı, vəziyyət bu həddə çatmaya bilərdi. Danışın, yoldaşlar, danışın. Haqsızlığı, doğru olmayan məqamları qabardın. 



oxunma sayı: 1388 | Paylaş:




?>