')

Bu gün:


FutbolPress.Az | Nizami Hacıyev "Neftçi"haqda: "İndi nə desəm yalan olacaq"

Nizami Hacıyev "Neftçi"haqda: "İndi nə desəm yalan olacaq"


oxunma sayı: 524 Paylaş:

FutbolPress"İnter"in futbolçusu Nizami Hacıyevin adı yenidən paytaxtın digər klubu "Neftçi"ylə birgə hallanır. Məlumata görə, "ağ-qaralar"ın yeni baş məşqçisi Tərlan Əhmədov yaxından tanıdığı futbolçunu öz komandasında görmək istəyir. Qış transfer pəncərəsi zamanı isə keçidin rəsmiləşməsi gözlənilir.

Məsələ ilə bağlı Hacıyevin fikirlərini öyrəndik. O, hər hansı rəsmi təklifin olmadığını bildirdi:

"Adım nəsə yaman tez-tez "Neftçi"ylə hallanır (gülür). Vallah, bilirsiz ki, mən heç vaxt yalan danışan deyiləm. Nə olursa, gizlətməyi sevmirəm. Açığını deyim ki, "Neftçi"nin mənimlə maraqlanması sevindiricidi. Ümumiyyətlə, başqa klubdan təklif varsa, deməli nəsə edə bilmişəm. Ancaq hələ rəsmi heç nə yoxdu. "Neftçi" ilə heç bir danışıq aparmamışam. Hazırda "İnter"in futbolçusuyam. Bu komandada mənə güvənib, kapitan sarğısını veriblər. Mənim də borcumdu ki, əlimdən gələni eləyib, komandaya xeyir verim".

Bəs "Neftçi"dən təklif gəlsə, Nizami gedərmi?

"Dediyim kimi, hələlik rəsmi təklif almamışam. Bunlar sadəcə söz-söhbətlərdi. Təklif gəlsə... Bunu o zaman müzakirə etmək lazımdı. Şərtlərdən asılıdı. "Neftçi" xidmətimdə maraqlı olsa, məmnuniyyətlə danışıqlar masasına oturmağa hazıram. Ancaq qışa qədər "İnter"dəyəm. Ondan sonra nə olacağını bir yerdə görəcəyik".

Təcrübəli futbolçu Tərlan Əhmədovla yaxın münsaibətindən də danışdı. O, bunun transferdə həlledici olmadığını söylədi:

"Tərlan Əhmədovla həftədə 3 dəfə zəngləşib danışırıq. Onunla 3 il bir otaqda qalmışıq. "Xəzər Lənkəran"da mənim məşqçim olub. Bir-birimizi yaxşı tanıyırıq, münsaibətimiz də əladı. Onun "Neftçi"yə keçməsinə sevindim və uğurlar arzulayıram. Amma Tərlan Əhmədova görə "Neftçi"yə keçməyim düzgün deyil. İş işdi, dostluq dostluq. Məni kluba onun köməkçisi dəvət eləsələr, başqa məsələ. Amma futbolçu kimi istəsələr, bu tamam ayrı şeydi".

Yay transfer pəncərəsi zamanı da Nizami Hacıyevin "Neftçi"yə keçmək ehtimalı yüksək idi. Ancaq o, sonradan doğma klubunu tərk etmədi. Qış fasiləsi vaxtı isə "İnter"in transfer qadağası başa çatacaq. Bu amil həlledici ola bilərmi?

"Yayda "Neftçi"yə keçməyə çox yaxın idim. Açığı, Zaur Axundovla ("İnter" MŞ sədri - red.) söhbətdən sonra qərarımı dəyişdim. Komandanı elə vəziyətdə qoya bilməzdim. Qışa qədər hələ var. Kiminsə, hardasa dediyi sözə görə indidən danışmaq istəmirəm. Bu gün nə desəm yalan olacaq".

Kapitan "İnter"in hazırkı vəziyyəti barədə də məlumat verdi:

"Problemlər davam eləyir. Həm maddi baxımdan, həm heyət cəhətdən çətinliklərimiz var. Yenə rəhbərliklə danışmışıq. Söz veriblər ki, yaxşı olacaq. Hiss eləyirik ki, yavaş-yavaş düzələcək. Biz bu komandanın futbolçularıyıq və son damla qanımıza qədər vuruşmalıyıq. Bir kapitan kimi də bu, mənim komanda qarşısında borcumdu".


oxunma sayı: 524 | Paylaş:





?>