')

Bu gün:


FutbolPress.Az | AFFA-dan mühüm islahat (QEYD)

AFFA-dan mühüm islahat (QEYD)


oxunma sayı: 1373 Paylaş:

FutbolPressDünən AFFA-nın yekun qərarı açıqlandı. Məlum oldu ki, I Divizionda klub sayı 10-dək azaldılır. Nəticədə Qusar, Mingəçevir, Qazax kimi bölgələr futbol səhnəsində rol almadılar. Niyə? İzahı yoxdur. 

Etirazlar ərşə çəkilib. AFFA-nın klub sayının azalmasına müdaxilə eləməsi əvəzinə buna baiskar olması haqlı hiddətə səbəb olmaqdadı.

Ölkənin əsas çempionatı - Topaz Premyer Liqasında 8 komandanın olması xoşagəlməzliyinin üstünə divizionun da izahı verilməyən "montajlanması" anormallığın davam elədiyini təsdiqləyir.

***                    ***                   ***

Dəyişilməz həqiqəti təkrar vurğulayırıq: Azərbaycan futbolu gəlirgətirən proses deyil. Burda klub saxlanması üçün əsas "donor" rolunu Azərbaycan Respublikası Dövlət Neft Şirkəti oynayır. Bu da dolayısıyla, sənin, onun, bunun - xalqın puludur.

Hökumət illər əvvəl belə qərar verdi ki, neft daşımaçılığında, yaxud digər sahələrdəki böyük iş adamları futbola cəlb olunsun. Elə də oldu. "Xəzər Lənkəran"ı "Palmali"nin sahibi Mübariz Mənsimov himayə elədi, əvəzində Xəzərdən neftin daşınmasında onun da müəyyən payı vardı. "Bakı" və digər dağılmış məşhur klubları da eynən, buna aid eləmək olar.

Sonra nə oldu ki, bu proses davam eləmədi? Niyə o klublar məhv oldu?

Çünki bünövrə peşəkar, ciddi qoyulmamışdı. Bu insanlar gəlirlərin bir hissəsini klub saxlanması üçün ayırıb, lakin vəsaitin necə xərclənməsinə nəzarət eləmədilər. Beləcə ağlasığmaz yeyintilər klubların məhvinə gətirib çıxardı.

Sonra AFFA dedi ki, bütün klubların dağılmaması üçün işə müdaxilə edirəm.

***                       ***                       ***

Bu, artıq ölkə futbolunda yeni dalğa demək idi. Klublara ARDNŞ-dən sponsorluq prosesi...

Ancaq bu proses də sağlam, köklü və peşəkar getmir.

Buna aid bariz bir nümunə göstərək. AFFA prezidenti Rövnəq Abdullayevin martda AFFA-nın illik Hesabat Konfransında dediyi: "Oğlum xaricdə oxuyur, işləyir. Dedim, vətənə qayıt, dedi ki, iş-güc yoxdu, niyə qayıdım. Biz də bu klubu ("Səbail") yaratdıq ki, başı qarışsın (gülür)".

Bu, həmin klubdur ki, I Divizionun çempionu "Turan Tovuz" olsa da, ikinci yeri tutmaqla TPL-ə qaldırıldı. Yəni ARDNŞ-dən ayrılan sponsorluq pulu haqq eləyən kluba yox, "oğlumun oyuncağı"na verildi.

Bu cür prinsiplərlə Azərbaycan futbolu adlı proses, inkişaf cəhənnəmə, xalqın pulunu sovuracaq havaya.

Nəinki TPL-də, diviziondakı klubların da əksəriyyəti yerli oyunçu yetişdirməyə yox, legioner gətirməyə meyillidir. Bu da məsrəf olunan pulun faydaya, mənfəətə çevrilməməsini göstərən əsas amil. Legionerlərə kütləvi maraq isə əlbəttə ki, klub idarəçilərinin şəxsi maraqlarına uyğundur. Onlar bu işdən xeyli xeyir götürürlər.

Bütün bu məsələlər dəfələrlə yazılır, qabardılır. Niyəsə müdaxilə yoxdur.

Çarə?

Hazırkı AFFA idarəçiliyi "çistka" edilməlidir. 

İndiki AFFA rəhbərliyinə islahat tapşırılsa, təxminən belə mənzərə çıxar ortaya:

"Azərbaycan çempionatı və I Divizionda klub sayının azalmasına qarşı ictimai qınaq və kütləvi narazılığı nəzərə alaraq, AFFA məhv olmuş klubların dirçəldilməsi üçün aşağıdakı qərarları verir:

Topaz Premyer Liqasında klubların sayı çox olan dövrlərdə avroliqalarda uğursuzluq, nəticələrimizin ürəkaçan olmamasını nəzərə alaraq, ölkədə klub sayının azalmasını düşərli hesab edirik! Belə ki, Topaz Premyer Liqasında klub sayı azaldıqca "Qarabağ", "Qəbələ", kimi klublarımızın Avropadakı uğurları baş verdi. Bu azmış kimi, "Qarabağ" daha da irəli gedərək ÇL-in qrup mərhələsinə qalxdı. Düşünürük ki, TPL-də klub sayının azalması düşərlidir və vəziyyət olduğu kimi qalsın!


Qərara əlavə: Avrokuboklarda nəticələrimiz uzun müddət yaxşılaşmasa, yaxud, irağ olsun, pisləşsə, klub sayının daha da azaldılması haqda qərar verilsin!

2. I Divizionda klub sayının azaldılmasına olan reaksiyaların həddən  artıq sərt olmasını çaşğınlıqla qarşılayır, vurğulamaq istəyirik ki, ə bə nə olub?! Bununla bərabər, ictimai fikri nəzərə alaraq, bölgə futbolunun məhv olmaması üçün aşağıdakı adların yaşamasına qərar verilir:

"Şahdağ" (Bakı)
"Energetik" (Bakı)
"Göyəzən" (Bakı)
"ABN Bərdə" (Bakı)
"Xəzər Lənkəran" (Bakı)
"Bakı" (Biləcəri-Bakı)

Bakı şəh.
15 sentiyabır 2000 on yeddinci il"




oxunma sayı: 1373 | Paylaş:




?>