')

Bu gün:


FutbolPress.Az | "Çalışacağıq ki, yerli oyunçulara üstünlük verək" - Samir Ələkbərov

"Çalışacağıq ki, yerli oyunçulara üstünlük verək" - Samir Ələkbərov


oxunma sayı: 340 Paylaş:

FutbolPressAzərbaycan U – 21 millisində Yaşar Vahabzadənin gedişindən sonra boş qalan baş məşqçi postuna Samir Ələkbərov təyin olunub. O, yığmanın AÇ – 2019-un seçmə mərhələsindəki növbəti 3 oyununda komandaya rəhbərlik edəcək.

48 yaşlı mütəxəssis təyinatı ilə bağlı fikirlərini “FutbolPress”ə açıqladı:

“Çox həyəcanlıyam. Təyinat bir az əvvəl reallaşdı. Heç mən özüm də gözləmirdim. Məşqçilər Komitəsindən namizədlər təqdim olunub və rəhbərlik məni seçib. Qarşıdakı 3 oyuna komandanı mən çıxaracam. Cahangir Həsənzadə və Aslan Kərimovun da bu işdə mənə kömək etməsini istədim”.

Həmsöhbətimiz növbəti 3 oyunla bağlı bunları dedi:

“Yığma seçmə mərhələyə yaxşı başlamayıb. Növbəti oyunlarımız da ciddi rəqiblərlədi. Almaniyanı hamı yaxşı tanıyır. Üç oyundan ikisi onlara qarşı olacaq. Çalışacağıq, layiqli oyun göstərək. Komandanı tanıyandan, məşqlərdən sonra hansı vəziyyətdə olduğumuzu dəqiq biləcəyik”.

Ələkbərov 3 oyundan sonra millidəki taleyinin necə olacağını hələ bilmədiyini söylədi:

“Hələlik oktyabr və noyabr ayları üçün təyin olunmuşam. Sonra nə baş verəcəyini indidən bilmirik. Rəhbərlik nə qərar versə, o da olacaq. Vaxt az olsa da, nəticə qazanmağa çalışacağıq. Komandada sonrakı taleyimiz qarşıdakı 3 oyunun nəticəsindən asılı olacaq, ya yox, buna AFFA rəhbərliyi qərar verəcək. İndilik bu barədə söhbətimiz olmayıb”.

Azərbaycan U – 21 millisi ilə bağlı əsas müzakirə mövzusu olan məqam heyət seçimidi. Xüsusən legionerlərin çoxluğu narazılığa səbəb olub. Samir bəy heyətlə bağlı konkret danışmaq istəməsə də, legionerlərin azaldılacağını istisna etmədi:

“Çalışacağıq ki, legionerlərin sayını azaldaq, yerli futbolçulara üstünlük verək. Ancaq son oyunlara fikir versək, legionerlərlə yanaşı, heç öz uşaqlarımız da yaxşı oynamayıblar. Ona görə heyətin necə olacağını indidən dəqiq deyə bilmərəm. Çalışacağıq, dəyişiklik edək. Komandaya hansı oyunçuların çağırılmasını digər məşqçilərlə, Məşqçilər Komitəsiylə də müzakirə etməliyik. Son heyəti buna uyğun hazırlayacağıq”.


oxunma sayı: 340 | Paylaş:




?>