')

Bu gün:


FutbolPress.Az | BOS üçün “Qarabağ”a təzyiq? (QEYD)

BOS üçün “Qarabağ”a təzyiq? (QEYD)


oxunma sayı: 1739 Paylaş:

FutbolPress“Qarabağ” Çempionlar Liqasının qrup mərhələsindəki oyunlarını Bakı Olimpiya Stadionunda keçirəcək. Düzdü, hələlik klub məsələ ilə bağlı hər hansı açıqlama verməyib. Elə UEFA-nın rəsmi saytında da matçların keçiriləcəyi yer Respublika stadionu göstərilib. Ancaq baş verənlər "atlıların" rəqiblərini məhz orda qəbul edəcəyini deməyə əsas verir. Baxmayaraq ki, klub rəsmiləri, baş məşqçi daha əvvəlki açıqlamalarda stadionu dəyişməyin həm mümkünsüz olduğunu, həm də məqsədəuyğun saymadıqlarını deyirdilər.

“Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov bildirmişdi ki, indi istəsələr də, stadionu dəyişmək mümkün deyil:

“Komandamız istəsə belə, bunu həyata keçirmək mümkün deyil. Çünki Çempionlar Liqası üçün bir əsas stadion göstərilir. Biz də cari mövsümdə bütün oyunlarımızı Respublika stadionunda keçirmişik. Orda hər şey qaydasındadı və qrup mərhələsinin oyunlarını da məhz orada keçirəcəyik”.

Elə komandanın baş məşqçisi Qurban Qurbanov da “Tofiq Bəhramov”da qalmağın tərəfdarı idi. Bu stadiona öyrəşdiklərini deyən mütəxəssis yəqin ki, orda oynayacaqlarını söyləmişdi:

“Hər komanda bir stadiona uyğunlaşır və orda özünü daha rahat hiss edir. İstərdik ki, azarkeş sayımız 70 min olsun. Amma bu məsələni hərtərəfli müzakirə etməliyik. Açığı, “Azersun Arena”da oynamaq belə daha çətindi, nəinki “Tofiq Bəhramov”da. UEFA-ya da oranı göndərmişik. Yəqin ki, elə Respublika stadionunda da oynayacağıq”.

Ancaq dünən baş məşqçi BOS-a baş çəkib və stadionun vəziyyəti ilə tanış olub. Məlumata görə, Qurban bəy orda oynamağa razılaşıb.

Klubun əvvəlcə bu fikri yaxına buraxmaq istəməməsi, ardınca qərarını bu cür dəyişməsi düşünməyə əsas verir ki, prosesə kənar müdaxilə olub. Güman  ki, məsələyə AFFA prezidenti Rövnəq Abdullayev qarışıb və bundan sonra “Qarabağ” tərəfi, baş məşqçi Qurban Qurbanov “yox” deməyib.

Məsələ burasındadı ki, BOS 2018/19 mövsümündə Çempionlar Liqası və Avropa Liqasının final oyunlarını qəbul etməyə də namizəddi. Görünür, “Qarabağ”ın qrup oyunları stadionun reklamı üçün yaxşı imkan kimi düşüb və bundan istifadə etmək qərarı alınıb. Yoxsa Ağdam klubu əvvəl başqa reaksiya göstərib, sonradan qərarını dəyişməzdi.

Dəyişikliyin müsbət tərəfi BOS-un tutumunun (68 870) Respublika stadionundan (31 200) çox olmasıdı. Hər halda “Kopenhagen”lə pley-off oyunu üçün “Tofiq Bəhramov”u tam dolduran azarkeşlərin “Çelsi”, “Roma”, “Atletiko” ilə matçlarda daha çox olacağı dəqiqdi. Ancaq maraqlıdı ki, stadionun dəyişiləcəyi ilə bağlı xəbərlər çıxan kimi “Qarabağ” fanatları sosial şəbəkələrdə əsasən bunu narazılıqla qarşıladılar.

"FutbolPress"


oxunma sayı: 1739 | Paylaş:




?>