')

Bu gün:


FutbolPress.Az | "Azərbaycan hakimliyi  hazırkı komitə səviyyəsində yerlə-yeksan edilir " (MÜSAHİBƏ)

"Azərbaycan hakimliyi hazırkı komitə səviyyəsində yerlə-yeksan edilir" (MÜSAHİBƏ)


oxunma sayı: 1346 Paylaş:

FutbolPressSabiq FIFA referisi Anar Salmanovun "FutbolPress"ə müsahibəsi...


- Premyer Liqada yeni mövsümün startından çox keçməyib, ancaq indidən hakimlik əsas müzakirə mövzularındandı...


- İstər Azərbaycanda, istərsə də dünyanın başqa ölkələrində hakim səhvi faktoru həmişə aktualdı. Bundan qaçmaq olmaz. Səhvlərə görə komanda uda, uduza bilər və bunlar mütəmadi baş verir. Böyük beşlik ölkələri klubları, hətta “Barselona”, “Real” kimi komandalar da idarəçilikdən narazılıq edirlər. Təbii ki, hakimlər də məsuliyyətli olmalıdı. Onların səhvlərinə görə cəzalar verilməlidi. Özü də bu iş elə həyata keçirilməlidi ki, eyni səhvi edən hakimlərin cəzaları da eyni olsun. Ancaq görürük ki, penalti epizodunda səhv edən hakimin biri 5 tur cəzalandırılır, biri 2 tur. Səhvlərin minimum, ya maksimum həddə olduğunu geniş araşdırıb, təhlil etmək lazımdı, ancaq əksər klublar idarəçilikdən narazıdı. Əsas problem Hakimlər Komitəsi ilə bağlıdı. İlk növbədə təyinatlar düzgün edilmir. Bu da növbəti səhvləri özü ilə gətirir.

- Keçən tur HK-nın Əliyar Ağayevi “Qəbələ”nin ev oyununa göndərməsi söz-söhbətə səbəb olmuşdu. Görüş ərzində səhvlərə yol verən hakim sonradan yerli azarkeşlərin qəzəbinə tuş gəldi. Ardınca isə komitə ona 3 tur cəza verdi. Sizcə, bu klubla problemi olduğunu bilə-bilə niyə Əliyar Ağayevi yenə “Qəbələ”nin oyunlarına təyin edirlər?

- Əliyar Ağayev yaxşı hakim ola bilər, perspektivlidi və ona böyük hörmətim var. Amma Hakimlər Komitəsinin sədri Əliyarı “sındırır”. Məlumdu ki, bu hakim “Qəbələ”nin oyunlarında müəyyən səhvlər edib. Ancaq qeyd etdiyiniz kimi, yenə də bu komandanın oyunlarına göndərilir. Bilirəm ki, “Qəbələ” tərəfi idarəçilikdən narazı qalıb. Cəza barədə məlumatım yox idi. Əliyar Ağayev istənilən oyunu idarə edə bilər. Səhvlər də qaçınılmazdı. Amma bunun belə həddə çatmasının səbəbi HK-dı. Sədr bilir ki, bu adamın “Qəbələ” ilə əvvəllər də problemləri olub. Hansı məqsədlə yenə həmin komandanın oyununa təyinat verilir? Başqasını təyin etmək olmaz? Bunlar hamısı bilərəkdən edilir. Əliyar, bəlkə də, hansısa qərarı düzgün verməyib, amma səhv təyinatdan başlayıb. Bu gün ona 3 tur cəza verirlər, ancaq elə hakim olur ki, eyni səhvi edir, cəzalandırılmır. Səbəb? Halbuki onun çempionat oyunlarında praktikaya ehtiyacı var. Çünki qabaqdan Avropa Liqasında qrup mərhələsinin oyunları gəlir. O, harda hazırlaşmalıdı? I Diviziona göndərəcəklər? FIFA-da I kateqoriyaya iddialı hakimi belə vəziyyətə salmaq olmaz. Bundan sonra Ağayev düzgün qərar da versə, səhv kimi qəbul etməyə meylli olacaqlar. Söhbət ondan getmir ki, Əliyar hansısa oyunu idarə etmək gücündə deyil. İstər-istəməz oyun ərzində hər hakimdə 4-5 səhv olur. Bunun necə qarşılanması var. Azarkeş, futbol ictimaiyyəti əvvəldən mənfiyə yüklənir, baş verən səhv şişirdilir və həmin hakim gözdən salınır. Avropada ən yaxşı təmsilçimizdi, amma ona qarşı da belə münasibət bəslənir. Hazırda Xaqani Məmmədov Azərbaycan futbol hakimliyini məhvə sürükləyir. Tofiq Bəhramovun, Eldar Əzimzadənin təməlini qoyduğu hakimlik hazırkı komitə səviyyəsində yerlə-yeksan edilir.

- Bir analogiya aparsaq... Siz hakimlik edəndə, belə deyək, qəsdən qalmaqallı oyunlara göndərildiyiniz olubmu?

- Bəli. Oxşar hallar çox yaşanıb. Hər bir hakim bilir ki, onun hansısa komanda ilə problemi var. Bu da səhvlərdən yaranır. Xeyrinə edəndə yaxşı olursan, əleyhinə olanda narazılıqlar yaranır, pis olursan. Əslində hakim özü deməlidi ki, məni bu komandanın oyununa göndərməyin, amma belə də alınmır. Elə bil məqsədli şəkildə problemli oyunlara göndərirdilər ki, Anar get, başına problem açılsın. Biz hakimik, istənilən oyunu da idarə etməliyik. Amma komitə təkcə təyinat vermək üçün deyil axı, həm də hakimləri qorumaq üçündü, təyinatın doğru olmasını təhlil eləmək, ən yaxşı nəticəni tətbiq eləməkçündü. Əliyarla baş verənlər birinci hal deyil. Belə-belə, Anar Salmanov, Babək Quliyev, İmanxan Sultani sıradan çıxarıldı. İndi də növbə Əliyardadı.

- Bir təcrübəli həmkar kimi Əliyar Ağayevə sözünüz varmı?

- Bu gün Hakimlər Komitəsinin adını ucaldan Əliyar Ağayevdi. Ondan iki əllə yapışmalıdılar. Əliyar Azərbaycanı Avropada ən yaxşı formada təmsil edir. Ona bu işdə uğur arzulayıram. Heç nəyə fikir verməsin. Nə məqsədi varsa, ikiəlli yapışsın ondan. Bizdən də nə asılıdı, hər cür kömək etməyə şəxsən mən hazıram. Çünki o, Azərbaycanın adını ən yaxşı səviyyədə yüksəldəndi.

- Dediz ki, təyinatlar düzgün olmur, bəs təyin etməyə hakim varmı? Görürük ki, hər tur eyni hakimlər...
- Bəli. Bu gün elə vəziyyət yaranıb ki, 4 oyuna göndərməyə hakim tapmırlar. Çünki hakimlik məhv edilib. Rəqabət yoxdu. Gənc hakimlərimiz o qədərdi ki... Amma üzə çıxa bilmirlər, imkan verilmir. Xaqani Məmmədovu da qınamıram. Çünki özü 3 dəfə hakimlikdən qovulubsa, başqalarına nə öyrədə bilər. Bu gün PFL, federasiya səviyyəsində hakimlər müdafiə olunmasa indikindən daha bərbad vəziyyət yaranar.
 
- Çox vaxt hakimlərin qərəzli olduğu fikrini eşidirik. Niyə səhvlər qərəz kimi qarşılanır?

- Bu, peşəkarlıqdan irəli gələn məsələdi. Əgər baş məşqçi, futbolçu, klub rəhbəri professionaldısa, o bunu yalnız səhv kimi qiymətləndirəcək. Digər tərəfdən hakimliklə bağlı yaxşı imic formalaşdırılmayıb. Təməl düzgün qoyulmayıb və bu gün belə söz-söhbətlər ortaya çıxır. Elə olur ki, klublar çox narazılıq eləməsinlər, səs-küy salmasınlar deyə hakimləri cəzalandırırlar, obyektiv yanaşma olmur. Heç bir hakim istəməz ki, onun səhvləri gələcək karyerasına pis təsir etsin. Bir şeyi də deyim, bu gün dayısının hesabına hakimlik edənlər var. Onlardan da canımızı qurtarmaq lazımdı. Belə hakimlər çıxıb 1, 2, 5 ... 10 dəfə ardıcıl səhvlərə yol verirlər və adı qalır qərəz. Sonradan digərlərinə də şamil olunmağa başlayır. HK-da düzgün iş getməyəndə səhvlər daha da çoxalır, bu artdıqca belə söz-söhbətlər çıxır ortaya.

- Hakimlərin qeydinə qalmaqdan danışdız. Bu təkcə konkret situasiyalarda müdafiə olunmaqla bağlıdı, yoxsa maddi-texniki təminat məsələlərini də əhatə edir?

- Təkcə idarəçilik, psixoloji məsələlər deyil. Hakimlərin formalarına baxın... Yaxşı olardı ki, komitə sədri, nəhayət, bu haqda fikriləşsin. Onlar sonuncu dəfə 8 il əvvəl forma alıblar. FIFA referiləri verilən dəst formanı geyinirlər, digərləri də qalıblar belə. Çox istərdim yeni forma dəstləri gətirib verərdilər həmkarlarıma. Formalara baxırıq, əksəriyyəti gündən solub. Ürəyim yanır hakimlərimizə. Onların geyimi olduqca vacibdi. Çünki oyunçu meydanda onu görən kimi butsıdan saçına qədər hər şeyə fikir verir. Ancaq bizim hakimlər 7-8 ildi eyni dəsti geyinir, bir-birindən forma dilənirlər. Azərbaycan hakiminin görünüşü belə olmamalıdı.

- Hakimlərə yanaşma, onların nüfuzu hansı səviyyədədi? Belə düşüncə yaranıb ki, çox rahatca hakimi təhqir etmək olar...

- Heç bir hakim istəməz ki, oyundan sonra azarkeşlər ona qarşı etiraz eləsinlər, təhqir olunsun, narazılıq eşitsin. Dünyada hakimlərə necə münasibət bəsləndiyini görmüşük. Bizdə isə sanki barmaqarası yanaşırlar. Bunun da səbəbi komitənin sədridi. Onun özünə hörmət qoyan yoxdu deyə, hakimləri də bu vəziyyətdədi. 99 faiz hakim bu gün meydana əsə-əsə çıxır. Fikirləşir ki, qurban olum, bu gün səhv eləməyim, sabah balam evdə çörəksiz qalacaq. Bir az əvvəl də dedim, baxırsan iki hakimdi, eyni səhvi eləyir, amma biri alır 5, o biri alır 2 oyun cəza. Xaqani Məmmədov çalışır ki, onun özünü hakimlikdən necə yola salıblar, o birilər də elə getsinlər. Heç kimə imkan verməməyə çalışırlar. Xalqın gözü tərəzidi. Əgər bu gün orda Vüsal Əliyev, Babək Quliyev və digər layiqli kimsə otursa, əmin olardıq ki, onlar həqiqətən də hakimlik barədə düşünürlər.

- Yayda hakimlərin ölkə xaricinə getməməsi mövsümböyu idarəçiliyə necə təsir edəcək?

- Yayda məşq toplanışı hakimlər üçün o qədər də əhəmiyyətli deyil. Onsuz da ölkə xaricinə getsələr, yenə oyun idarə etməyəcəkdilər. Azərbaycanda yəqin ki, fiziki hazırlıq keçiblər və mən bilirəm ki, Əli Hüseynov o toplanışlarda iştirak edib öz təcrübəsini hakimlərlə bölüşür. Ancaq qışda ölkə xaricində hazırlıq lazımdı. Çünki Antalyada keçir və həmin zaman çoxlu oyun idarə etmək imkanı olur. Gənclər üçün isə yayda da oyun tapmaq yaxşı olardı. Təcrübəlilərə təkcə fiziki hazırlıq bəs edə bilər. Amma yeni-yeni başlayanlar üçün mütləq oyun idarə etmək lazımdı. İdarəçilik praktikası olmadan heç nə əldə etmək mümkün deyil. İkinci faktor isə maliyyə ilə bağlı ola bilər. Açığı, mənim bu barədə məlumatım yoxdu. Bir də ki, fərqi yoxdu harda toplanış keçsinlər, əsas necə hazırlaşmaqdı.

- Hazırlığın necə keçilməsi önəmlidi. Bəs bu zaman metodoloji problemlər olmur ki?

- Dəfələrlə eyni epizodu, müxtəlif cür yozublar. Amma bütün epizodlara eyni – qayda necədisə elə yanaşılmalıdı. Bu da yenə “day-day”ı hesabına hakimlik edənlərə aiddi. Orda gözləyənlər var ki, görək komitə sədri bunu necə yozacaq, o da “a” deyən kimi hamısı başlayırlar “a”... Epizodlar qaydalara uyğun qiymətləndirilmir. Yadınızdadı, “İnter” – “Qarabağ” oyunu. Həmin vaxt Elvin Məmməov topu penaltidən kənara vurmuşdu. UEFA-dan feyr-pleyə görə “Qarabağ”a təşəkkür etdilər. Ancaq hakimlərin təlim-məşq toplanışında dedilər ki, əhsən, Elvin Əsgərov, düzgün qərar vermisən, qapıçını doğru qovmusan. Bununla arxada oturan gənclər nə başa düşəcəklər? Onlara necə öyrədilirsə, elə də qərar verəcəklər.

- Son illərin uğursuz komandası “Neftçi” düşərgəsindən də hakimliklə bağlı narazılıqlar səslənir. Bu klubun belə vəziyyətə düşməsində idarəçiliyin rolu nə qədər olub?

- Əvvəldə dedim ki, səhv hakimliyin bir tərkib hissəsidi və həmişə də olacaq. Birbaşa “Neftçi”ylə əlaqələndirsək, bu komandanın həm uğurlarında, həm də uğursuzluqlarında hakimlərin rolu var. Eləcə də başqa komandalarda. Amma konkret bu cür yanaşmaq peşəkar deyil. Hərə özündə səhv axtarmalıdı. Deməzdim ki, “Neftçi”nin bütün problemləri hakim səhvləriylə bağlıdı. Bəli, bu da müəyyən rol oynayır, fikirlə razılaşmaq olar. Mən də, bir çox oyunda ”Neftçi”nin lehinə, əleyhinə səhv qərarlar vermişəm. Eləcə də başqa hakimlər. Ancaq bu, o demək deyil ki, komandanın nəticəsi olmayanda bunu tamamilə hakimin üstünə atmalıdılar. Peşəkar klub günahı həmişə daha çox özündə, oyunçularda, məşqçidə axtarmalıdı. Hakim oyun ərzində bir penalti verdi, ya vermədi... Sən 3 qol vurandan sonra bir penaltini də verməsin. Mövsümün əvvəlində baş məşqçi rəhbərliyə söz verir ki, yüksək yerlər uğrunda yarışacaq, amma alınmayanda hakimlərdən danışırlar, onların səhvini əldə bayraq edirlər.

Faiq Tahirov



oxunma sayı: 1346 | Paylaş:




?>