')

Bu gün:


FutbolPress.Az | "Qarabağ" və "Samtredia"nı öz karyerasında birləşdirmiş Nyu-Yorkdakı azərbaycanlıyla - MÜSAHİBƏ

"Qarabağ" və "Samtredia"nı öz karyerasında birləşdirmiş Nyu-Yorkdakı azərbaycanlıyla - MÜSAHİBƏ


oxunma sayı: 1450 Paylaş:

FutbolPress"Qarabağ" Çempionlar Liqasının qrup mərhələsində!". Ölkədə çətin ki kimsə bu başlıqlı yazını gözləməsin. "Samtredia" ilə Bakıda keçirilən cütün ilk oyununda bu sərlövhənin reallaşma potensialına  inam daha da gücləndi. Möcüzə baş verməsə, ağdamlılar növbəti mərhələdə olacaqlar. Orda da püşkə görə ya "Şerif", ya da "Kukesi" onları gözləyəcək
.
Tez-tez xatırlanmasa da, futbolumuzda iz qoymuş və illərdir Nyu-Yorkda yaşamağına baxmayaraq, Azərbaycanın hər uğuruna sevinən əməkdar idman ustası Arif Zarbayılovla kiçik söhbətimiz oldu. Səmimi, ölkə futbolunu hər gün izləyən qəhrəmanımız "Samtredia" və "Qarabağ"ı öz karyerasında birləşdirməyi bacarıb. Necə? Bunu öz dilindən oxuyaq.

- 1984-cü il. 22 aprel. Onda mən Mingəçevirin "Avtomobilçi"sində oynayırdım. SSRİ-nin ikinci liqasında mövsümün açılış oyunu idi. Samtredia "Lokomotiv"iylə qarşılaşırdıq. Son dəqiqələrdə vurduğum qol bizə qələbə qazandırdı. Qol ötürməsini  Şahin Diniyev etmişdi. Baş məşqçimiz isə Azərbaycan və Sovet ittifaqının əfsanəsi Anatoli Banişevski idi. Demək olar ki, oyunun hər anını xatırlayıram. Əslində, bizdən heç kim qələbə gözləmirdi. "Lokomotiv" Samtredia ən güclülərdən sayılırdı. Heç-heçəyə də razı idik (gülür). Əslində bu oyuna çıxmağım böyük sual altında idi. Amma komandanın rəhbərliyi problemi həll etdi. "Avtomobilçi"də baş məşqçi kimi ilk oyununa çıxan Banişevski də mənə etimad göstərdi və şadam ki, bu etimadı doğrultdum. Özü də ad günümdən bir gün sonra!

- "Qarabağ" da sizə yad komanda deyil...

- Əlbəttə! "Neftçi", "Kəpəz", "Qarabağ", "Avtomobilçi" - hər biri mənim üçün çox dəyərlidir. Zaman ötsə də, xatirələr mənimlədir. "Qarabağ"a 1991-ci ilin ortasında gəldim. O vaxt baş məşqçi Ağasəlim Mircavadov idi. Mövsümün ikinci yarısı keçirilirdi. Təəssüf ki, artıq sərhəddə gərginlik var idi və get-gedə vəziyyət ağırlaşırdı. O zamanlar komandalar "Qarabağ"ın ev oyunlarına gəlməkdən imtina edirdilər. Səfər oyunları isə hər zaman çətin olurdu: Nalçik, Odessa, Luqansk və s. Səhv etmirəmsə, 5 qol vurmuşdum. O vaxt gənc komanda yaratmışdılar "Qarabağ"da. Heyətdə Müşfiq Hüseynov, Mahir Əliyev, Xudadatov, Elşad Əhmədov və digər futbolçular var idi. Çətin günlərə təsadüf etsə də, yaxşı komanda idik. "Qarabağ" son illər Azərbaycan futbolunda tarix yazır. Əla komandadır. Təbii ki, bu, məni sevindirir, fərəhləndirir...

- "Samtredia" ilə ilk oyuna gələk. Belə bir nəticə gözləyirdiz?

- Düzünü desəm, yox. Hətta oyundan öncə də təxmin demişdim: 4-1. Amma 5-0 məni də təəccübləndirdi. Çünkü gürcülər hər zaman inadkar olublar. Qol vuracaqlarını, sona qədər mübarizə aparacaqlarını düşünürdüm. Deməli, Qurban Qurbanov oyuna həm özü əla hazırlaşıb, həm də komandasını əla hazırlaşdırıb.

- Cavab oyununda möcüzə olmasa, ağdamlılar növbəti mərhələyə keçəcək. Orda isə rəqib ya "Şerif", ya da "Kukesi" olacaq...

- Möcüzələrə inanıram. "Barselona" ötən mövsüm PSJ ilə matçda bunu bir daha sübut etdi. Amma "Qarabağ" elə komanda deyil. O ki qaldı ikinci mərhələyə, rəqibləri zəif adlandırmaq istəməzdim, amma "Qarabağ" hər ikisini rahat keçəcək gücdədir. İnanıram ki, bacaracaqlar.

- Ölkədən uzaqda olsaz da, ölkə futbolunu yaxından izləyirsiz...

- Sözsüz. Klublarımızın çıxışları, millinin oyunları, ölkə çempionatı - hamısını vaxt tapdıqca izləməyə çalışıram. Təbii ki, klublar üzümüzü daha çox güldürürür. Millidən də eyni irəliləyişi gözləyirik. Ümumiyyətlə, bizimkilər oynayanda ətrafdan təcrid oluram, həyəcanlanıram. Fürsətdən istifadə edib bütün klublarımıza və millimizə uğurlar arzulayıram. Kim məni xatırlayırsa, salamımı çatdırın. Şəkildə gördüyünüz "Qarabağ" formasına görə isə Musa Qurbanova ayrıca təşəkkür edirəm.

Fərid Ordiyev

Nyu-Yorkdan xüsusi olaraq "FutbolPress" üçün















oxunma sayı: 1450 | Paylaş:




?>