Ən məhsuldar və ən intizamlı
Paylaş:
Çempionlar Liqasında II təsnifat mərhələsi başa çatıb. Artıq geridə qalan iki raundun statistik göstəriciləri də məlumdur.
II mərhələnin ilk oyununda Bakıda “Samtredia”ya (5:0) qalib gələn Azərbaycan təmsilçisi “Qarabağ” bəzi göstəricilərdə liderlər sırasında qərarlaşıb. Son çempion turnirin ən məhsuldar komandasıdı.
5 qola sevinən Ağdam klubu yalnız İslandiya “Vikinqur”undan geri qalır. Reykyaviklilər 7 dəfə rəqib qapısının torunu silkələyiblər. Ancaq komanda 7 qolu 3 matçda vurub ki, bu da orta hesabla hər görüşə 2.33 qol deməkdir. “Qarabağ” isə keçirdiyi 1 oyunda 5 dəfə fərqlənib və orta qol da 5 götürülür.
Təmsilçimiz qapısını da toxunulmaz saxlayıb və top fərqində hamını qabaqlayır. Müqayisə üçün qeyd edək ki, “Vikinqur”da bu göstərici +4-dü. Məhsuldarlığa görə ilk “3-lüy”ü Uelsin TNS klubu qapayır. Bu komanda 4 dəfə fərqlənib, ancaq öz qapısında bundan daha çox 5 qol görüb. “Qarabağ” isə qol buraxmayan 8 komandadan biridi.
Son çempion yarışın ən intizamlı komandasıdı. “Samtredia” ilə matçda Ağdam klubunun heç bir oyunçusu vərəqə ilə cəzalandırılmayıb. Bu göstərici “Riyeka” və “Rusenborq”da da eynidi. Xorvatiya və Norveç çempionları da nə “sarı”, nə də “qırmızı” görüblər.
Bu “üçlük”də qaydanı ən az pozan komanda “Riyeka”dı. Xorvatlar 10 dəfə kobudluq ediblərsə, “Rusenborq”da bu göstərici 18-ə bərabərdi. “Qarabağ” futbolçuları isə 16 dəfə qayda pozuntusuna yol veriblər.
Komandamızın hücumçusu Dino Ndlovu isə turnirin ən məhsuldar futbolçuları sırasındadı. Daha doğrusu, “Samtredia”nın qapısına iki dəfə yol tapan cənubi afrikalı forvard 3-7-ci yerləri bölüşdürür. 3 qolla bombardirlər yarışında liderlik edən Andriya Pavloviç (“Kopenhagen”) də Ndlovu qədər – 1 matçda meydana çıxıbsa, onunla eyni sayda fərqlənən TNS-in futbolçusu Skott Kuiqli 3 oyunda buna nail olub.
| Paylaş: