')

Bu gün:


FutbolPress.Az | Travmalarımızdan uzaqlaşdıran adam (MİNİATÜR)

Travmalarımızdan uzaqlaşdıran adam (MİNİATÜR)


oxunma sayı: 1637 Paylaş:

FutbolPressBir Azərbaycan klubu Çempionlar Liqasında 5:0 hesablı qələbə qazanır; təsəvvür edirsizmi...
Uşaqlığımız klublarımızın nəticələrindən alınan travmalarla keçib.

"Qarabağ"ı iki məqamla xatırlayıram. Sabunçu dairəsi adlanan yerdə, yolun kənarında, texnikumun stadionunda futbol oynayırdıq. O vaxt Moskva, indi Heydər Əliyev adlanan prospektin şəhərə gedən tərəfində gözümüzə çox iri görünən avtobus dayandı. İdmançılar düşdü, avtobus  yenidən yola düzəldi. Öyrəndik ki, "Qarabağ" Monpelye səfərindən qayıdıb.

- "Şot" neçə-neçə oldu?
- 6 dənə vurdular

İkinci məqam isə "Qarabağ"ın avrokuboklarda Azərbaycan adına ilk mərhələ adlamasıdı. "Makkabi" ilə Bakıdakı oyuna "Tofiq Bəhramov"da necə həyəcanla baxırdıq...

***               ***               ***

İndi başqadı dövran. Avrokubok oyunlarının ilk beş matçında 5 qələbə, sonuncusu 5:0 hesabıyla. Biz bunu təsəvvür belə edə bilməzdik.

"Qarabağ" hələ kompakt hazırlığı tamamlanmasa da rəqibindən beşqat üstün olduğunu hər komponentdə göstərir...

Bu, bünövrədən sağlam qurulan və niyyəti təmiz işin gətirdiyi nəticələrdi. Artıq püxtələşmiş, sistem anlayışını dərk və tətbiq edən bir məşqçimiz var. Qurban Qurbanov əvvəlki illərə nisbətən bu dəfə transferlərdə də nə cür təmkinli, analitik uzaqgörənliklə davranmaq lazım olduğunu göstərdi. Bu, onun mütəxəssis kimi səviyyə yüksəltməsinin bariz əlamətidi.

Həm Jezniçak, həm Gerye o qədər yerində və faydalı - qənaət proqramına uyğun transferdi ki, burda işə yanaşmaya alqış düşür.

Uşaqlığımızda aldığımız travmaları unutduran bir ad var - "Qarabağ". Onun da memarı var - Qurban Qurbanov. Təşəkkürlər, Qurbanov! Lap 5:0-lıq qələbədən sonra cavab oyunu haqda, "Ehtiyatlı olmalıyıq" - desəniz də. Sizi üslubunuzla sevirlər artıq...

Elçin Cəlilov


oxunma sayı: 1637 | Paylaş:




?>