')

Bu gün:


FutbolPress.Az | Xərci azaldıb, məhsuldarlığı artırmaq mümkündü  (LAYİHƏ)

Xərci azaldıb, məhsuldarlığı artırmaq mümkündü (LAYİHƏ)


oxunma sayı: 927 Paylaş:

FutbolPressAFFA yanında Media Komitəsinin elan elədiyi layihə müsabiqəsində “FutbolPress” “Ölkədaxili yarışların (Premyer Liqa, I Divizion və ölkə kuboku) ən yaxşı şəkildə işıqlandırılması” kateqoriyası üzrə "Ölkə futboluna güzgü tutaq" mövzusunda qalib elan edildi. Layihə ilə bağlı yazılarımızı davam etdirəcəyik.

Azərbaycan Premyer Liqasının son 5 ilini əvvəlki 5 illə müqayisə eləsək, son beşillik aşkar şəkildə büruzə verər ki, ölkə futbolu durğunluq şəklində geriyə gedir. Layihə çərçivəsində bunun səbəblərini müxtəlif istiqamətlərdə araşdırıb, üzə çıxarmağa çalışmışıq. Bu dəfə problemdən çıxış yolları istiqamətində versiyaları arayaq/göz gəzdirək.

8 komandalı çempionat və paytaxtda təmərküzləşmə problemi

Premyer Liqada iştirakçı sayının 8 kluba enməsinin əsas səbəbi maliyyədir. Maliyyə problemlərinin vüsət almasına səbəb isə ölkə futbolunun industriya halını almamasıdır. Bu istiqamətdə "pul dövriyyəsi" prosesi yoxdur.

Tanınmış iqtisadçı Vüqar Bayramov belə izah edir: "İstənilən bir sahədə proses olur/var, prosesi hərəkətə gətirən isə pul dövriyyəsidi. Bir növ, bir-biriylə əlaqəli hərəkət adlandırmaq olar bunu. Qeyd edilir ki, ölkə futbolunda maliyyə baxımından geriləmə var. Deməli, bu, ya daxili prosesin rentabelli olmamasından qaynaqlanır, ya da yuxarıda qeyd etdiyimiz kimi, əlaqəli proses yoxdur".

İqtisadçının izahını ölkə futbolunun durumuna interpretasiya eləsək, aydınlıq gətirə bilərik: bəli, doğrudan da proses, prosesi gətirən pul (istehsal) yoxdur.

"Vüqar bəy, "2004/05 mövsümündən ölkə futbolu neft pullarının hesabına dolanır" - dediyimizdə bunları vurğuladı: "Bunun özü nonsensdi. Əgər pul yatırım olub, əvəzində yatırımdan gəlir götürülməyibsə, kökündən anormaldı".

Bu, işin iqtisadi izahı yönü. Hələ xatırladaq ki, qeyd olunan mövsümdən indiyədək ölkəyə çoxsaylı legioner futbolçular, əcnəbi məşqçilər və futbol funksionerləri dəvət olunub və bunların  hər biri ölkədən maliyyə axını deməkdi.

Bu axın ölkədə qazanc gətirməyən bir sahədə baş verib. Deməli, 10-11 il ərzində ölkə futbolunun qazanc əldə etməyin yollarını araşdırıb tapa bilməməsi, əvəzində ölkədən külli-miqdarda maliyyə axınına detonator rolunu oynaması faktı ortadadı.

Bəs bu "axının" qarşısını necə almaq olar?

Artıq 2-3 ildir ki, ölkə çempionatının elitasında 8 komandanın olması ən aktual müzakirə və ən qayğılı istiqamətdir. Bu mövzuda dartışmalar bütün ranklarda gedir. Ancaq prosesdən çıxış yolları görünmür və bu da düşünməyə əsas verir ki, müzakirələr faydasızdı.
Problemin həlli üçün prosesə kritik müdaxilə lazımdır. Bunu da ən yaxşı halda dövlət öhdəsinə götürə bilər.

Həm futbolçu karyerası olmuş, həm uşaq futbolu mövzusunda ciddi araşdırmalar müəllifi İlqar Tağıyev düşünür ki, anornal situasiyanı yoluna qoymaq olar:

"Ən birinci qeyd edim ki, müşkülə çevrilmiş problemin həlli üçün ən qısa və doğru yol prosesə peşəkarların cəlbi olar. Ölkə futbolunda idarəçilik böhranı var və bu haqda qalaq-qalaq məqalələr dərc edilib. Klubların əksəri hansı prinsiplərlə idarə olunur, bilirik. Bu cür gedişat göstərir ki, irəliləyişə ümid eləməyə dəyməz.

Fikrimcə, dövlət müdaxilə eləməlidi. Müstəqil iş adamlarını, böyük şirkətləri futbola cəlb eləməkçün stimullaşdırma proqramları hazırlanmalıdır. Belə olsa, onda "X" bir kluba yatırım edən şirkət pulunu geri istəyəcək, yaxud qazanc üçün şərtlər qoyacaq. Bununla biz klubların qeyri-peşəkarların idarəçiliyindən xilas etmiş olacağıq. Yəni bir klub gəlir götürmək istəyirsə, məcbur olacaq ki, hər bir işi, vəzifəni bu sahədən anlayana həvalə etsin.

Bu  proqram tətbiq olunsa, həm ölkə futbolu gəlir gətirməyə başlayar, həm də uzağı 5-6 ilə yaxşı nəticələr qazanmaq olar.  Ən əsası isə həmişə problemlərin önündə qeyd etdiyimiz uşaq futbolu sahəsində oyanış baş verər. İndiki halda isə bu istiqamət bərbad haldadı. Nə texniki, nə maddi, nə mütəxəssis sarıdan potensialımız yoxdur ki, uşaq futbolunda məhsul yetişdirməyə nail olaq".


Bəs tətbiq mümündürmü?

İqtisadçı ekspertin rəyi: "Bu cür proqramın hazırlanması böyük addım olardı. Ancaq tətbiqi üçün müxanizmin hazırlanması - nə qədər mümkün olar, budur müzakirə olunası məqam. Əvvəla ölkədə neft sektorundan qaynaqlanan bütün sahələrdə refleksiv böhran var. Bu durumdan çıxış üçün isə ən əvvəl gərək neftin beynəlxalq bazardakı qiyməti dəyişsin - bahalaşsın. Alternativ müdaxilə yolları isə çox olsa da, uyğununu müəyyənləşdirib tətbiq etmək heç də asan deyil və əslində böhranlı durumun yaranmasına səbəb də məhz budur. Alternativ formaların müəyyənləşdirilməsi üçün ölkədə çox islahat aparmaq gərəkdir".

Bəli, islahat aparmaq gərəkdir. Və bu islahat adlanan məfhum o qədər vacib amildir ki, donub qalan, yaxud bəzən geriyə gedən proses məhz ondan asılıdı.


Təbii ki, "ölkədə  islahat" amilindən çox asılı olsa da, "idmanda islahat", yaxud daha da konkretlədirsək, "futbolda islahat" təşəbbüsü oturub gözləməməlidir.
Heç bir ölkədə idman tamamilə, yaxud yarıdan çox dövlətin himayəsindən asılı deyil. Azərbaycanda isə bu tendensiya davam etməkdədir.

Tələb maksimumunu minimuma endirmək lazımdır

Azərbaycan çempionatında 8 komandanın  olmasını, bir növ, lisenziyalaşdırma qaydalarının günahı da saymaq olar. Minimum bank hesabı 500 min manatdırsa, onda AZAL son iki mövsümdə büdcənin 150 min olmasını açıqlayırdı - məntiq hardadı?

Adıçəkilən klub bu büdcəylə ortabablardan biri ola bilirdisə, onda biz lisenziyalaşdırma şərtində maliyyə meyarı məsələsində güzətə gedib, ölkə çempionatında bir neçə AZAL səviyyəli komanda yarada bilərik.

Belədə iş adamları da bu sahəyə cəlb olunar.  Ortabab klubların sayı çoxaldıqca klublarda "Qarabağ", "Qəbələ" kimi, yaxud heç olmasa, yarı o qədər imkanlı olmaq kompleksi yaranmaz...

Ortababların çox olduğu çempionatda maliyyə maksimumunun aşağı düşməsi qaçılmazdır. Belədə biz regionları da aktivləşdirə bilərik. Dolayısıyla AFFA-nı/Dövlət Neft şirkətini gəlir gətirməyən məxrəclərdən xilas etmiş olarıq. Arzumuz da bu deyilmi?

Elçin Cəlilov

Məqalə AFFA yanında Media Komitəsinin layihə müsabiqəsi çərçivəsində hazırlanıb




oxunma sayı: 927 | Paylaş:




?>