Rəqibi tanıyaq: “Samtredia” (DOSYE)
Paylaş:
Azərbaycanı avrokuboklarda təmsil edəcək klubların rəqibləri bəlli oldu. Dünən keçirilən püşkatmada ilk olaraq “Qarabağ” kimlə üz-üzə olduğunu bildi - "Samtredia".
Elə biz də əvvəlcə Ağdam klubunun rəqibini tanıyaq:
Tarixi
“Samtredia” Gürcüstanın ən yaşlı klublarından biridir. Eyniadlı şəhəri təmsil edən komanda 1936-cı ildə yaradılıb. (Müqayisə üçün: Azərbaycanda ilk klub 1937-ci ildə yaradılan “Neftçi”dir). Klub yaradılarkən “Lokomotiv” adını daşıyıb. Bundan sonra da dəfələrlə isim dəyişikliyi baş verib: “Sanavardo”, “Cuba”, “İberiya”... “Samtredia” tarixi ərzində indiki adını da bir neçə dəfə daşıyıb. Son olaraq, 2006-cı ildə belə adlandırılan klub hələlik dəyişiklik barədə düşünmür.
“Samtredia”nın uğurlarının yaşına düz mütənasib olduğunu demək olmaz. Yaranarkən SSRİ çempionatının 2-ci dəstəsində çıxış edən klub uzun illər bu liqada mübarizə aparıb. “Samtredia”nın nisbətən yüksəliş dövrü Gürcüstanın müstəqillik illərinə təsadüf edib. 1990-cı ildə ilk ölkə çempionatına qatılan komanda yüksək liqada mübarizə aparıb. Əvvəlki 4 mövsümdə ciddi uğuru olmayan samtredialılar 1993/94 mövsümündə 4-cü olub. 1994/95 mövsümündə isə klub tarixində ilk uğur əldə edilib. Komanda Gürcüstan çempionatını 2-ci pillədə başa vurub, gümüş medal qazanmaqla UEFA kubokunda oynamaq hüququna yiyələnib.
90-cı illərinin ortalarındakı uğurlardan sonra yenidən çempionatın ortabab, hətta yerini qorumaq üçün mübarizə aparan klublarından birinə çevrilən “Samtredia” 2001-ci ildə yüksək liqanı tərk edir. 2009/10-cu illər mövsümündə klub elitaya qayıtsa da, cəmi 2 mövsüm sonra yenidən I Diviziona düşür və 2014/15-ci illərdə Yüksək Liqaya qayıdır.
Bundan sonrakı qrafik isə daha uğurlu cızılır. Klub növbəti 2015/16-ci illər tarixində ikinci dəfə gümüş medalların sahibi olub. Ardınca isə komanda ilk çempionluğunu qazanıb Çempionlar Liqasında iştirak hüququ qazanır.
Avrokubok təcrübəsi
Daxili yarışlarda uğurları az olduğu üçün avrokuboklarda çıxışının da göz oxşadığını demək olmaz. “Samtredia” buna qədər cəmi iki dəfə Avropa Liqasında (UEFA kuboku) iştirak etmək hüququ qazanıb və hər dəfə uğursuzluğa düçar olub.
1995/96-cı illər mövsümündə UEFA kubokunun I təsnifat mərhələsində Makedoniya “Vardar”ı ilə görüşən “Samtredia” hər iki matçda məğlub olur – 0:2 və 0:1.
Bundan 21 il sonra 2016/17 mövsümündə artıq Avropa Liqası adlanan yarışda Azərbaycan təmsilçisi “Qəbələ”yə rəqib olan klub bu dəfə daha acınacaqlı məğlubiyyətlə üzləşir. Düzdü, “Samtredia” avrokuboklarda ilk qələbəsini (2:1) də “qırmızı-qaralar”la oyunlarda alır, ancaq 5:1-lik məğlubiyyət də bu oyunlarda qeydə alınıb.
Bundan başqa isə “Samtredia”nın ölkə xaricindən olan klublarla yoldaşlıq oyunları belə çox az saydadır. Maraqlıdır ki, klubun rəsmi saytında tarixinin ən böyük uğurlarından biri yoldaşlıq oyununda “Trabzonspor”a qalib gəlmələri göstərilir.
Klub olaraq, uğurları çox olmasa belə “Samtedia” Avropa futboluna Kaxa Kaladze kimi oyunçu bəxş etdiyini vurğulamaq lazımdır.
Son mövsüm və heyət
Artıq qeyd etdik ki, “Samtredia” geridə qalan mövsümü tarixində ilk dəfə çempion kimi tamamlayıb.
Komanda çempionluq uğrunda yarışan komandaların mübarizə apardığı qırmızı qrupda 12 oyundan 27 xal toplayıb və hamı üçün əlçatmaz olub. Ən yaxın izləyicisi “Dinamo” (Batumi) “Samtredia”dan 7 xal geri qalıb. Çempionatın ən çox qol vuran komandası da məhz “Qarabağ”ın rəqibi olub – 27. “Samtredia” müdafiə xəttinə görə yalnız “Dinamo”dan gedi qalıb. Komanda ümumilikdə qapısında 9 qol görüb.
“Samtredia”nın əsas qol silahı Budu Zivzivadzedir. Mövsümü 11 topla başa vuran futbolçu bombardir adını qazanıb. 6 dəfə fərqlənən Baçana Arabuli bu baxımdan komanda üzrə ikinci, çempionatda 4-cü nəticəni göstərib.
“Samtredia” hazırda davam edən Gürcüstan çempionatında 17 turdan sonra 3-cü yerdə qərarlaşıb. Klub daxili çempionatdakı ev oyunlarını 15 min tamaşaçı tutumuna malik Erosi Manjqaladze stadionunda keçirir. Ancaq ÇL-də “Qarabağ”ı Tblisidəki 55 min yerlik Boris Payçadze adına “Dinamo-Arena”da qəbul edəcəklər. Bu stadion tutumuna görə qonşu ölkənin ən böyüyüdür.
Baş məşqçisi yerli mütəxəssis Georgi Tsetsadze olan klubun heyəti də əsasən gürcülərdən təşkil olunub. “Samtredia”da yalnız 4 legioner çıxış edir: 2 ukraynalı, 1 rus, 1 qanalı. Onlardan biri Giuli Mancqaladze isə Ukrayna vətəndaşlığı ilə yanaşı, həm də gürcüstanlıdır. Hazırkı heyətdə daha məşhur futbolçular rusiyalı Konstantin Belov və qanalı Sedat Bukari sayılır. Komandanın kapitanı Georgi Datuniaşvilidir.
“Samtredia”nın əsası gürcülərdən təşkil olunsa da, bu komandadan ölkənin millisinə cəlb olunanlar çox deyil. Sonuncu dəfə qolkiper Omar Miqnieşvili yığmaya çağırılıb. Bu, bir tərəfdən də Gürcüstan yığmasının əsasının ölkə xaricində çıxış edən futbolçulardan təşkil olunması ilə bağlıdır.
*** *** ***
Rəqib haqda bu ilkin və ümumi məlumatlardan belə fikrə gəlmək olar ki, “Qarabağ”ın mərhələni keçməsi çətin olmamalıdır. Həm avrokubok təcrübəsi, həm heyət, həm son illər cızılan qrafik və s. baxımından hər şey təmsilçimizin xeyrinədir. Digər tərəfdən "Samtredia" qarşısına başlıca hədəf kimi bir mərhələ keçmək qoyubsa, "Qarabağ" artıq ÇL-in qrupunu hədəfləyir.
| Paylaş: