')

Bu gün:


FutbolPress.Az | “Kəpəz” legionerlərlə danışıq aparır – 3 oyunçu alınacaq

“Kəpəz” legionerlərlə danışıq aparır – 3 oyunçu alınacaq


oxunma sayı: 480 Paylaş:

FutbolPress“Kəpəz” mövsümün başa çatması ilə aparıcı oyunçularını bir-bir əldən buraxmağa başladı. Son olaraq braziliyalı legioner Renan Alveş Gəncə klubunu tərk etdi və Serbiya “Voyvodina”sı ilə razılığa gəldi. “Yarpaq tökümü”nün fonunda yeni cəlb olunanların keyfiyyəti isə ümid vermir.
 
Bəs klub nə fikirdədir? “Kəpəz”in bundan sonrakı planları nədir? Komandanı toparlamaq mümkün olacaqmı?
 
Baş məşqçi Şahin Diniyev gedənlərə görə təəssüflənir, ancaq...
 
“Futbol həyatıdı. Oyunçular meydana çıxırlar və inkişaf edirlər. Onların karyerası o qədər də uzunmüddətli deyil. Buna görə də daha yaxşı qazanacaqları yerlərə getmək istəyirlər. Sevinirəm ki, komandamızı tərk edənlər yüksək səviyyəli klublara keçdilər. Deməli, “Kəpəz”də irəli gediblər. Digər tərəfdən bizim üçün çətindi. Renan Alveş əsas heyət oyunçumuz idi və biz onun qalmasını istəyirdik. Təəssüf ki, razılığa gələ bilmədik. Komandamızı tərk edənlərə elə təkliflər gəldi ki, onların qarşısını kəsə bilməzdik. İndi yalnız bir yolumuz var – uğura ac yeni futbolçularla komanda qurmaq”.
 
“Kəpəz” bundan sonra yalnız legioner transfer edəcək...
 
“Gedənlərin arasında bizim istəmədiklərimiz də oldu. Onlardan 4-5-i əsas heyət üzvü idi. İstənilən halda, hər biri itkidi. Ancaq belə şeylərə hazır olmaq lazımdı. Onların boşluğunu yeni futbolçularla doldurmağa çalışacağıq. Hazırda bir neçə oyunçu ilə danışıq aparırıq. Başa düşürük ki, səhv etmək ixtiyarımız yoxdur – xüsusilə əcnəbi oyunçuların transferində. Təxminən 2-3 legioner cəlb edəcəyik. Artıq yerli oyunçu transferlərini yekunlaşdırmışıq və bundan sonra yalnız legionerlər gətirəcəyik. Diqqətli olmalıyıq ki, mövsümün gedişində bunun acısını çəkməyək”.
 
“Kəpəz”, həqiqətən, növbəti mövsümü stadionun təmirinə “qurban verib”?

“Belə fikirlərin formalaşması normaldır. Büdcəmizin böyük olmadığı isə əvvəldən bəllidir. Ancaq stadionun təmiri klubun büdcəsi ilə əlaqəli deyil. Bu, AFFA-nın tamamilə fərqli bir layihəsidir. “Kəpəz”in transfer büdcəsi əvvəl nə qədər idisə, indi də eynidir. Sadəcə başqalarının bizdən yüksək imkanları var və oyunçularımıza edilən təkliflər onları daha çox qane edir. Dediyim kimi, çalışmalıyıq ki, uğura ac olan yeni futbolçular tapaq. Buna qədər də heç də həmişə tanınmış oyunçular almamışıq. Ancaq onlar özlərini komandada yaxşı göstərə biliblər. Dario Federiko “Kəpəz”də Dario Federiko oldu, Tərlan Quliyev burda tanınıb, milli komandaya qədər yüksəldi, Renan Alveş “Kəpəz”dəki çıxışına görə xaricdən diqqət çəkdi və s. Bu dəfə də belə oyunçular tapacağımıza ümid edirik”.
 
Şahin bəy son olaraq 5-ci yeri tutan komandanın növbəti dəfə daha yaxşı nəticə göstərməsinin çətin olduğunu deyir:

“Son mövsüm 5-ci olduq və avrokuboklara çıxa bilmədik. Başa düşürəm ki, azarkeşlər daha yaxşı nəticə gözləyirlər – haqlıdılar. Ancaq... Bu büdcə ilə daha yuxarı yerlər çətindir. Yenə də Avropa Liqasına mübarizə uğrunda yarışmağa çalışacağıq”.
 
Faiq


oxunma sayı: 480 | Paylaş:




?>