Millətlər Liqası nədir?
Paylaş:
UEFA Millətlər Liqasını keçirməklə bağlı qərarı 2014-cü ildə qəbul etsə də, indi də azarkeşlərdə bununla bağlı suallar var. Az qala turnirlə bağlı hər xəbərə eyni şərhlər gəlir: Axı nədir bu Millətlər Liqası?
Çoxsaylı sualları nəzərə alıb, Millətlər Liqası ilə bağlı kiçik izah verməyin faydasız olmayacağını düşündük.
UEFA bu turnirin təşkili ilə bağlı qərarı 2014-cü ildə qəbul edib. İdeyanın yaranmasında xüsusilə qurumun o vaxtkı rəhbəri Mişel Platininin milli komandalara olan diqqətin artırılması istəyi dayanıb. 2011 – 2014-cü illərdə aparılan müzakirələrin nəticəsi olaraq Astanada təşkil olunan UEFA İcraiyyə Komitəsinin iclasında Millətlər Liqasının keçirilməsi ilə bağlı yekun qərar qəbul edildi. Bu yarışın Avropa çempionatı ilə növbəli şəkildə - 2 ildən bir keçirilməsi qərara alındı. İlk Millətlər Liqası 2018 – 2022-ci illər arasında baş tutacaq.
Millətlər Liqası UEFA-ya üzv 55 ölkənin mili komandası arasında təşkil olunacaq. Yığmalar reytinqlərinə görə 4 divizionda yarışacaqlar: A, B, C və D. A və B divizionlarında 12, C divizionunda 15, D divizionunda 16 komanda yarışacaq. Onlar divizionlarda qruplara bölünəcəklər:
A divizionu: 4 qrup, hər qrupda 3 komanda
B divizionu: 4 qrup, hər qrupda 3 komanda
C divizionu: 4 qrup – ilk 3-ü 4 komanda, 1-i 3 komanda
D divizionu: 4 qrup, hərəsində 4 komanda
Millilər qruplarında bir-birləriylə ev-səfər qarşılaşmalarına çıxacaqlar və 6 oyun günündən sonra bu mərhələyə yekun vurulacaq. Qrup matçları 2018-ci ilin sentyabr, oktyabr və noyabr aylarında keçiriləcək. 2019-cu ildə hər qrupdan çıxacaq bir komanda liqa daxilində bir-birləriylə oynayacaqlar. 2020-ci ildə hər diviziondan çıxan 4 komanda (ümumilikdə 16) arasında pley-off matçları keçiriləcək. Pley-off oyunlarından sonra 4 komanda Avropa çempionatının final mərhələsində birbaşa vəsiqə qazanacaq.
Yalnız A divizionunun 4 qrupunun qalibi yarımfinal və final oyunları ilə Millətlər Liqasının qalibini müəyyənləşdirəcəklər.
Digər divizionların komandaları isə öz aralarındakı oyunlarla həm aşağı liqaya düşməmək, həm də pley-off oyunlarından sonra Avropa çempionatına vəsiqə qazanmaq uğrunda mübarizə aparacaqlar. Bunun bütün komandalar arasında davamlı rəqabət yaradacağı düşünülür.
Komandaların divizionlara bölünməsi onların FIFA reytinq sıralamasına uyğun olaraq müəyyənləşdiriləcək. Burda komandaların DÇ-2014-ün seçmə və final mərhələlərindəki (20%), AÇ-2016-nın seçmə və final mərhələlərindəki (40%) və DÇ-2018-in seçmə mərhələsindəki (40%) nəticələr nəzərə alınacaq. Mövcud vəziyyətə görə Azərbaycan millisi C divizionundadır.
Ümumilikdə hazırda C divizionunda bu komandalar yer alır:
Danimarka, Yunanıstan, Macarıstan, Şotlandiya, Serbiya, Albaniya, Rumıniya, İsrail, Monteneqro, Bolqarıstan, Norveç, Kipr, Litva, Belarus, Azərbaycan
UEFA Millətlər Liqası sayəsində millilərin oyunlarına marağın artacağını düşünür. Hər şeydən əvvəl komandalar divizionlara güclərinə uyğun bölündükləri üçün rəqibləri ilə təxminən eyni səviyyədə olacaqlar. Millətlər Liqasının Avropa çempionatına vəsiqə imkanı verməsi rəqabəti artıracaq. Üstəlik komandaların divizionlarda mövqelərini qorumaq/yüksəlmək ambisiyaları yarışa gərginlik əlavə edəcək. Millətlər Liqasının təqvimi əsasən FIFA-nın yoldaşlıq oyunlar təqviminə uyğun olduğu üçün hazırlıq matçlarının azalmasına gətirib çıxaracaq. Bu baxımdan turniri yoldaşlıq oyunlarına bir alternativ kimi də düşünmək olar.
| Paylaş: